Rusiya Paşinyanı niyə sıxışdırır? - I yazı

Rusiya Paşinyanı niyə sıxışdırır? - I yazı
 

Siracəddin Hacı yazır...

Devirmək sözünü seçmir, sıxışdırır feilinə üstünük verirəm. Səbəblər bunlardır: 1) Rusiyanın Ermənistandakı hərbi-iqtisadi imkanları güclü olsa da, siyasi təsiri zəifdir; 2) bu gün Rusiyanın onun mənafelərini təmsil edənləri Ermənistanda seçki yolu ilə hakimiyyətə gətirmək imkanı yoxdur; 3) Paşinyan savaşda məğlub olsa da, seçki də səslərin 53 faizini alaraq hökumət qurmuşdur – seçilmiş baş naziri devirmək olar, ancaq onu seçən xalqı idarə etmək çətindir; 4) Rusiya Paşinyanı devirəcəyi halda onun yerinə gətirəcəyi siyasi gücü hakimiyyətdə tuta biləcəyinə əmin deyil – erməni xalqı Rusiyaya bağlı siyasətçiləri rüşvətxor, talançı, siyasi nüfuzunu itirmiş adamlar kimi tanıyır – təşkil olunun mitinqlər də bu qüvvələrin xalqda dayağı olmadığını göstərir; 5) Paşinyanı seçən erməni xalqı strateji seçimini də etmişdir – mümkün ölçüdə Rusiyadan uzaqlaşmağa çalışır; 6) ermənilər II Qarabağ savaşında Rusiyanın onları satdığına inanırlar; 7) ABŞ və Avropa Paşinyan hökumətinə güclü dəstək verir; 8) Ermənistanda bəlli ölçüdə azad mətbuat var – böyük hissəsi Rusiyaya qarşıdır; 9) Putinin Ukraynada üzləşdiyi vəziyyət erməniləri Rusiyadan daha da uzaqlaşdırır; 10) erməni xalqı (çoxluq) Qarabağa / Arsaxa status tələb etsə də, savaş istəmir; 11) onlar Ermənistanın təhlükəsizlik və inkişaf xətti olaraq Azərbaycanla, Türkiyə ilə münasibətlərin qurulmasını, ABŞ, Avropa ilə müttəfiqlik yolunu doğru sayırlar; 12) Rusiya Ukraynada o dərəcədə ciddi sıxıntılarla qarşılaşmışdır ki, Ermənistana yetərincə güc ayırmaq imkanı yoxdur;

- Rusiyanın təcrübəsi var, o, Paşinyanı devirmək üçün ciddi addımlar atdı, ancaq istədiyini əldə edə bilmədi: Birincisi, 2018-ci ildə inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan Rusiyadan uzaqlaşmaq xətti seçdi, Putin ona siyasi-hərbi öyüdlər verdi, xəbərdar etdi, ancaq nəticə olmadı. İkincisi, Rusiya Qarabağ savaşının yolunu açdı, məqsədlərindən biri də Paşinyanı devirmək idi – Ermənistan məğlub olsa da, Paşinyan devrilmədi. Üçüncüsü, savaşdan sonra Rusiyaya bağlı qüvvələr mitinqlər təşkil edərək şiddət yolu ilə Paşinyanı devirməyə cəhd göstərdilər, bu addım da uğursuzluqla nəticələndi. Dördüncüsü, Paşinyan növbədənkənar seçki elan etdi, Rusiya seçkidə Paşinyanı sıradan çıxartmaq üçün əlindən gələni etdi, ancaq məğlub oldu. Beşincisi, Paşinyan seçkidən sonra ilk baxışda Putinlə münasibətləri düzəltsə də, nə o, Putinə, nə də Putin ona inanmadı-inanmır;

- saydığım səbəblərə görə Putin bu mərhələdə Paşinyanı devirmək deyil, ciddi sıxışdırmaq yolunu seçib, təbii ki, istədiyi nəticə alınmasa, devirmək planı da işə düşə bilər. Niyə sıxışdırır? Cavabı sıradakı yazıda...  

Ardı var...

Paralel.az

0.014811038970947