Xocavənd sakini şikayət edir

Xocavənd sakini şikayət edir
 



Xocavənd rayonu "hökmdarı" Eyvaz Hüseynovun "xüsusi tapşırığı" ilə işdən çıxarılan müəllim Bayramova Vəzifə Əmiraslan qızı barəsində mətbuatda məlumat verilib. Paralel.az dogruxeber.az-a istinadla bu barədə xəbər verir.
Vəzifə Bayramova Xocavənd rayon Muğanlı kənd sakinidir. 18 il Muğanlı kənd orta məktəbində müəllim işləyib. 2008-ci ildə prezident seçkilərində müşahidəçi kimi iştirak etməsi üçün Xocavənd rayon Təhsil şöbəsinin göstərişi ilə 133 saylı seçki məntəqəsinə göndərilən Vəzifə Bayramovanın işlədiyi məktəbdə işinə xitam verilib. Onun yerinə isə İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun dostu - eyni zamanda sinif yoldaşı Ələddin Quliyevin qızı Əfsanə Quliyeva ikinci iş yeri olaraq, təyinat alıb.
Vəzifə Bayramova işinə geri qayıtması, yaxud hər hansı bir işlə təmin edilməsi üçün 2008-ci ildən bugünə qədər mübarizə aparır. Özünün də dediyinə görə, müraciət etmədiyi dövlət qurumu qalmayıb. Lakin, bütün cəhdləri boşa çıxıb.
Şikayətçinin iddiasına görə, onun işdən çıxarılması üçün tapşırıq icra başçısı Eyvaz Hüseynovdan gəlib. Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi olarkən, xəstəxana işçilərinin və sakinlərin əlindən cana doyduğu, haqqında kifayət qədər rüşvətxorluq və özbaşınalıq iddiaları olan və bütün bunlara görə tutduğu vəzifədən azad edilən, ardından Beyləqan rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ruhəngiz Bəşirovanın da İcra başçısı Eyvaz Hüseynovun çox yaxın adamı olduğu deyilir. Elə işindən azad edilən Vəzifə Bayramovanın yerinə təyinat alan Əfsanə Quliyevanın da Eyvaz Hüseynovun dostunun qızı olması heç də təsadüfə bənzəmir.
Özü də istər pay torpaqlarının icra başçısı və ailə üzvləri tərəfindən mənimsənildiyindən gileylənən 80-ə yaxın Xocavənd sakininin, istərsə də 2008-ci ildən bugünə qədər işinə bərpa olunması üçün çarpışan Vəzifə Bayramovanın şikayətlərinə baxılmır.
Paralel.az

0.023844957351685