Ölkə vətəndaşı həkim səriştəsizliyinin qurbanı olub
Xaçmaz şəhəri , N.Nərimanov küçəsi, ev 70 , mənzil 4-də yaşayan Şirinova İlhamə Səfərəli qızı problemlə üzləşib. Paralel.az şikayətçinin AİB-ə ünvanlanan müraciətindən xəbər verir: “Mən uzun müddətdir ki ,səhhətimdə yaranmış problemlərlə əlaqədar (sinir ağrıları) müalicə almaq üçün Bakı şəhərində yerləşən bir cox dövlət və özəl tibb müəssisələrinə müraciət etmişəm. Lakin heç bir tibb müəssisəsi xəstəliyimin səbəblərini aydınlaşdıra bilmir və düzgün diaqnozun qoyularaq müalicəsini təyin edə bilmir.
2017-ci ildə “ Xəzər” telekanalında yayımlanan Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni Axtarıram” verilişində həkim qismində istirak edən neyrocərrah, professor Əliosman Qədimbəylinin sinir xəstəliklərinin müalicəsinin effektiv aparılması sahəsində mütərəqqi metodlardan istifadə edilməklə müalicələrin yaxşı nəticə verməsi barədə çıxışını eşitdim.
Sağalmaq ümüdü ilə professor Əliosman Qədimbəyinin işlədiyi “ Milana Hospital” a getdim. Orada 1200 manat xərcim cıxdı və müalicə aldım. Müalicə zamanı professor mənə dedi ki, müalicə ilə yanaşı, mən eyni zamanda fizioterapiya müalicəsi də almalıyam ki, müalicə daha səmərəli olsun. Fizioterapiya kursunu da Bakı şəhərində almalıyam. Mən fizioterapiya kursuna görə ödəniləcək məbləği soruşduqda o mənə dedi ki, hər seansın qiyməti dolların həmin günə olan məzənnəsi ilə tənzimlənir. Təbii ki, fizioterapiya kursunun mənə baha başa gələcəyini görüb təyin edilmiş fizioterapiya kursunu yaşadığım Xaçmaz şəhərindəki dövlət xəstəxanasında qəbul etdim.
Ə.Qədimbəylinin mənə təyin etdiyi və apardığı müalicənin heç bir effekti olmadı və sinir ağrılarım yenə də davam etdi.
Bundan sonra ATV telekanalında İlhamə Bədəlovanın aparıcısı olduğu “Həkimsən” verilişində iştirak edən, “MedEra Hospital”da neyrocərrah işləyən Kamran Ağayevin cıxışını gördüm və müalicə üçün ona müraciət etməyi qərara aldım.
2018-ci ilin təxminən mart-aprel aylarında Bakı şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsi olan “MEDERA HOSPİTAL“ MMC və “ İNTERNATİONAL MEDİKAL CENTER BAKI” MMC-yə məxsus tibb müəssisələrində tibb mütəxəssisi kimi işləyən neyrocərrah, uzman həkim Kamran Ağayevin qəbulunda oldum. K.Ağayev məni müayinə edərək bildirdi ki, xəstəliyimin müalicəsi üçün mütləq cərrahi əməliyyat olunmalıyam və bu əməliyyatın qiyməti 8000 manatdır. Bu məbləğin mənim üçün çox yuksək olduğunu bildirdim və o məni klinikanın baş həkimi Lalə xanıma yönəltdi. Lalə xanımala telefon əlaqəsi saxlayaraq ona dedi ki, xəstənin müalicəsi üçün əməliyyat xərcinin 8000 manat olduğunu mənə bildirib. Lalə xanım da mənə əməliyyatın 8000 manata başa gələcəyini bildirdi və qeyd etdi ki, xəstəxananın məsrəfləri çoxdur və buna görə də qiymətdə güzəşt edə bilməzlər.
Bundan sonra yenidən Kamran həkimin yanına gəldim və xahiş etdim ki, əməliyyata o qədər pulum yoxdur və məndəki xəstəliyi başqa üsullarla, əməliyyat etdirmədən sağaltmaq mümkündürsə, etsin. O isə bildirdi ki, əməliyyatsız sinir ağrılarının müalicəsi yoxdur və əməliyyat olunmasa, ömrünün sonunadək bu ağrılarla yaşayacaqsan, yaşa dolduqca bu ağrılar daha da intensiv və şiddətli olacaq. Sonra mənə məsləhət gördü ki, “Bakı Medikal Plaza”da Tural Hidayətovla görüş , o bəlkə aşağı qiymətə edər.
Tural Hidayətov dedi ki, Kamran Ağayevlə danışdıqdan sonra əməliyyatın qiyməti barədə məlumat veriləcək. Bir müddət sonra onlar mənə zəng edərək əməliyyatın günü və məbləği barədə məlumat verdilər. Onların deməsinə görə əməliyyatın xərci 5000 manat təşkil edəcək və mən tamamilə sağalacam.
Mən də sağalmaq ümidilə müəllimə kimi çalışdığım Xaçmaz musiqi məktəbindəki iş yoldaşlarımdan, yaxın qohum-tanışlarımdan 5000 manat pulu borc kimi alaraq 14 may 2018 –ci ildə “Bakı Medikal Plaza” ya gəldim. 14 may 2018 –ci il tarixdə 150 manat avans, plyonka yazılması üçün 10.00 manat, Kompyuter Tomoqrafiyası üçün 75,00 manat, saat 13:40 da isə 4765 manat məbləği klinikanın xəzinəsinə ödədim. Həmin gün axşam saat 19-da Kamran Ağayev və Tural Hidayətov məni özlərinin müəyyən etdiyi “Sağtərəfli piriformis sindromu” diaqnozu əsasında əməliyyat etdilər. 15 may 2018-ci il tarixində isə dedilər ki, artıq evə gedə bilərsən. Mən dedim ki, ağrılarım azalmayıb və əvvəlki vəziyyətdədir. Kamran Ağayev mənə bildirdi kl, 3 ay dözməlisən və sonra yaxşı olacaq.
Əməliyyatdan sonra ağrılarım azalmadığından və daha da artdığından yenidən həmin həkimlərə müraciət etdim və bildirdim ki, daha da pisləşmişəm, etdiyiniz əməliyyatların səhhətimə heç bir xeyri olmayıb və bu səbəbdən klinikaya ödədiyim vəsaiti qaytarın. Tural Hidayətov bildirdi ki, səni əməliyyat edən Kamran Ağayevdir və pulunu da ondan tələb et. Kamran Ağayev isə öz növbəsində pulu qaytarmaqdan qəti imtina etdi və dedi ki, bədəndə olan ağrıların götürülməsi üçün başqa həkimə - İlhamə xanıma müraciət edim. Xəstəxananın mühafizə xidmətinin əməkdaşlarını çağıraraq məni xəstəxanadan çıxarmağı və bir daha pul üçün ora gəlməməyimi dedi.
Əməliyyatdan sonra səhhətimdə yaxşılaşma olmadığına görə, yenə başqa həkimlərə müraciət etməyə başladım.
04.09.2020-ci ildə Bakı şəhərindəki “Spine Clinic “ MMC-də həkim Tural Məhərrəmovun qəbulunda oldum. O mənə baxan kimi dedi ki, sənə düzgün diaqnoz qoyulmayıb və lazımsız yerə əməliyyat ediblər. O mənə “Çanaq instablitisi” diaqnozu qoydu. Onun heç bir xeyri olmayan müalicəsi isə mənə səhhətimlə yanaşı, 300 manat da ziyan vurdu.
Mən sonradan İranın Tehran şəhərində həkim müayinəsində oldum. Onların həkimləri bizim həkimlərin qoyduğu diaqnoza baxıb məəttəl qaldılar ki, necə olur, Azərbaycan həkimləri cərrahi əməliyyat tələb olunmayan sinir müalicəsi üçün cərrahi müdaxiləni məqbul sayıblar. Onlar qoyulmuş diaqnozun yanlış olduğunu bildirməklə, belə xəstəliyin cərrahiyyə əməliyyatı aparılmadan müalicə olunduğunu bildirdilər.
Azərbaycanın özəl xəstəxanalarında mənə qarşı edilən haqsızlıqlarla əlaqədar olaraq aidiyyatı üzrə müvafiq orqanlara şikayət etməyə başladım və ödəmiş olduğum vəsaitin geri qaytarilmasını tələb etdim.
Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının müdiri, professor S. Etibarlının verdiyi rəsmi iradlardan görünür ki, piriformis sindromun cərrahi müalicəsi son bir vasitədir. Xəstəlik tarixindən sərrahi müdaxiləyə qədər hansı tədbirlərdən istifadə olunduğu (fizioterapevtik müalicələr, alqoloji prosedurlar və s.), məlumat toplandığı görünmür.
Burdan belə nəticəyə gəlmək olur ki, onlar məni cərrahi əməliyyat edənədək qeyd olunan prosedurların alınmasını təmin etməli və nəticə vermədikdə cərrahi əməliyyat etməli idilər.
Həkimlərin belə səhlənkar, öz vəzifələrinə vicdansızcasına yanaşması nəticəsində həm şikəst qalmışam, həm də mənə ciddi maddi zərər dəyib. Borc aldığım şəxslər pullarını tələb edirlər. Mən isə pulu qaytara bilmirəm.
Şikəst qalmaqla bərabər, ağrılarım get-gedə daha da artır, ağrıları kəsmək üçün tez-tez yüksək hədli ağrıkəsicilərdən istifadə etməli oluram. Bu da yaşımla əlaqədar səhhətimə ciddi təsir edir.
Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” MMC-dən mənə bildiriblər ki, dəymiş maddi zərərin ödənilməsi üçün hüquq- mühafizə orqanlarına müraciət edim. 2020-ci ilin fevralından başlayaraq rəsmi ərizə ilə Baş Prokuror cənab Kamran Əliyevə, Bakı şəhəri Xətai rayonun sabiq prokuroru Yusif İldırımzadəyə, hazırkı prokuror Sərdar İmanova, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Prezident Administrasiyasına dəfələrlə müraciət etmişəm. Lakin etdiyim müraciətlər baxılmamış qalıb. Xətai rayon prokurorluğunda aparılan araşdırma ilə əlaqədar prokurorluğun məsul əməkdaşı Teymur Teymurovun tələbi ilə iş üçün əhəmiyyətli hesab edilən bütün hüquqi sənədlər tərəfimdən şəxsən ona verilib. Lakin bugünədək heç bir nəticə əldə olunmayıb.
“MEDERA HOSPİTAL “ MMC və “ İNTERNATİONAL MEDİKAL CENTER BAKI” MMC-nin mərkəzi ofisinə gedərək onların rəhbər heyəti ilə görüşmək və məndən alınan pul vəsaitini geri almaq istəmişəm. Lakin ofisin əməkdaşları hər vasitə ilə ofisin rəhbərliyi ilə görüşməyimə imkan verməyib.
Sizdən xahiş edirəm, “Bakı Medikal Plaza” klinikasının (Babək filialı) qanunsuz əməlləri nəticəsində bir istehlakçı kimi mənə dəymiş maddi zərərin ödənilməsinə, ödədiyim 5000 (beş min) pul vəsaitinin geri qaytarılmasına köməklik göstərəsiniz. Sağlamlığıma ciddi zərbə vurmuş həkim, klinika toplusu barədə ən ali dövlət qurumlarına, KİV-ə məlumat verin ki, ölkədə tibb sahəsində nə baş verdiyini hamı bilsin”.
Paralel.az