Doğma yollar və yad radarlar...

Doğma yollar və yad radarlar...
 


“Yol qeydləri” silsiləsindən
Yaş üstünə yaş gəlir, amma uşaq kimiyəm, yenə kefim “kəlləçarxa” vuranda, ya “gəmilərim dəryada batanda” Qaxa gedirəm. Kef olanda kefimi, dərd olanda dərdimi bölüşmək istəyirəm. Bilmirəm nədəndir, bəlkə əllidəndir?! Arif müəllim deyərdi ki, 50-dən sonra torpaq adamı çəkir, məktəb, uşaqlar olmasa bir gün şəhərdə qalmaram... Kəndin dağına-daşına da qurban olaram...
Bakıdan Qaxa kimi uzanan doğma yollar və yad radarlar... İlk diqqətimi cəlb edən radarların ədədi silsilə ilə artması olur. Saymağa hövsələm yoxdur, amma mənə elə gəlir ki, Bakıdan Şamaxıya kimi radarların sayı işıq dirəklərinin sayından çoxdur. Sonra bir az azalır, amma hər kilometrdə biri “dar ağacı” kimi maşının üstünü alır. Inanın Allaha, 400 kilometrlik yolda 400-dən çox radar olar. Biz görmüşük, eşitmişik ki, radarı yaşayış məntəqəsinə qoyarlar, sürücülər də ehtiyatlı olarlar, sürəti azaldarlar. Burda trasda gecə qaranlıqda bir işıq yanmır, amma radarlar yanır...
Şamaxıdan sonra radarlar yaddan çıxır... Həm dediyim kimi, sayı azalır, həm də təbiət adamı ilhama çağırır... Yaşıl rənglər yollardan başlayır, dağlara qalxır, göylərə kimi uzanır, bütün dünyanı doldurur. Adamın qəlbi sevinclə dolur... Sanki adamın gözləri yorulmasın, ürəyi darıxmasın deyə, təbiət yaşıl xalısına təbii rənglərdən – sarı, qırmızı, göy çiçəklərdən naxışlar da vurur. Dünyamız qədər qoca olan qədim Oğuz dastanı yada düşür: Ana südü və dağ çiçəyi...
Bu da bizim Əyriçay... Adına uyğun – qıvrıla, qıvrıla axır. Deyirlər burda dünyanın bütün əyriləri qurtarır, burdan yuxarı bizim dağlara qalxmır... Bu da bizim dağlar, bizim qaxlılar. Şad xəbərlər də var: bizim küçəyə də qaz çəkilib, bizim evin qapısına kimi gəlib... Burdan o yana sənlikdir, gərək “Qaz idarəsi”nə gedəsən, “saqqala” salam verəsən... “Durba”dan, adi kəlbətinə kimi, hamısının pulunu verəsən. Qərəz, neçə yüz manatından keçəsən, qapından evinə qaz çəkdirəsən...
Bizim Hajı dayı demiş: Şəkidən Bakıya da 5 manat. Bakıdan Bakıya da 5 manat?! Məsələn, mənim yoxumdur, verə bilmirəm, hələ də “balon” qazı işlədirəm...Göründüyü kimi, dünyanın əyriləri radarları kimi, Əyridə qurtarmır, burdan yuxarı, bizim dağlara da qalxır. Burdan yuxarı isə bizlik deyil - Dağıstandır, Rusiyadır...
Qalib ARİF

Paralel.az

0.017105102539062