Rifah cəmiyyətinə doğru...

Rifah cəmiyyətinə doğru...
 
 
İdris Abbasov:
Tibbi sığorta ilə işləyən həkimlərin maaşı qalxıb. İyun ayının 1-indən 8000 həkim 1000 manat maaş alacaq. Xeyirli olsun! Ümid edirəm ki, yaxın zamanlarda həkimin və müəllimin maaşı, ən azı, qardaş Türkiyədəki qədər olacaq.
"Bu zaman maddi-sosial qayğılardan qismən azad olan peşə sahibləri öz işlərinə vicdanla yanaşacaqlar". Yaxşı cümlədir, deyilmi? Əladır, şübhəsiz! Buna nail olmaq üçün, sadəcə, çalışıb pis vərdişdən can qurtarmaq lazımdır. Dövlətdən aldığı 3000, 5000, hətta 10 000 manat maaşla kifayətlənməyərək alverə, rüşvətə və büdcə mənimsəmələrinə qurşanan həkim-akademik, alim-akademik, rektor-akademik, direktor-akademik, həkim-nazir-akademik və digərləri "müalicə" olunmalı, "vaksinləşdirilməli"dirlər.
Peşəsi ilə alver edənlər cəzanın sərt üzünü görməlidirlər.
Rifah cəmiyyəti qurmaq istəyiriksə, maaş təminatının, heç olmasa, orta inkişaf səviyyəsində olan ölkələrdəki səviyyəyə çatdırılması zəruridir. Bu öz yerində. Ancaq təkcə maaş artımı ilə buna nail olmaq mümkündürmü? Əlbəttə, yox. Sosial münasibətlər dəyişməli, korrupsiya, rüşvət, saxtakarlıq, məddahlıq, riyakarlıq, xəyanət, alıb-aldatmaq və bu kimi yıxıcı keyfiyyətlərdən yaxa qurtarmaq üçün ciddi maarifləndirmə işləri aparılmaqla yanaşı sərt cəza tətbiq edilməli, çirkabdan əmələ gəlmiş mənasız kağız parçasına - diplomlarına arxayın olanların piy basmış beyninə nüfuz edilməli, orada mənəviyyatı məhv edən laqeydlik, yaltaqlıq, əclaflıq, tamahkarlıq, müftəxorluq, satqınlıq, yalan və saxtakarlıq hüceyrələri məhv edilməli, beyində kök salmış rüşvət məntəqələri dağıdılmalıdır. Bu çətin və şərəfli əməliyyatın uğurla başa çatmasından sonra biz rifah cəmiyyətində normal maaş alıb alnıaçıq, üzüağ ömür sürə bilərik.
Paralel.az
0.018342018127441