Mikayıl İsmayılovun zavodunda nə baş verir?
Ağsu rayonunda yerləşən “Azqranata” MMC şirə və şərab zavodu ildən-ilə müflisləşmə xətti üzrə inkişaf edir. Paralel.az cumhuriyyet.az-a istinadla bu barədəki materialı təqdim edir.
Yarandığı vaxtdan bir neçə il ərzində şöhrətini qorumağı bacaran istehsal müəssisəsi, demək olar ki, artıq mövcudluğunu qorumaq iqtidarında deyil. Ağsuda “Mikayıl İsmayılovun zavodu” kimi tanınan müəssisə böhrandan çıxa bilmir. Nəzərə alsaq ki, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov bir neçə ay əvvəl vəzifəsindən azad olunub, indi zavodun kimin kurasiyasında olduğu maraq doğurur. Qeyd edək ki, M.İsmayılov vəzifədən alınsa da, qohumları hələ ki, “Azqranata”da buyruq sahibləridir.
“Azqranata” MMC-dən səbəbsiz çıxarılan keçmiş əməkdaşların verdikləri məlumata əsasən, əvvəllər müəssisə tam gücü ilə işləyirdi və məhsullarını istər yerli bazarda, istərsə də Rusiya, Ukrayna və Avropa bazarlarında rahatlıqla sata bilirdi. Ta ki, Mikayıl İsmayılovun yaxın adamı Nazim Babayev zavoda direktor təyin olunana qədər.
“Nazim Babayev idarəetmə səriştəsizliyi ilə zavodun nailiyyətlərini 90 dərəcəlik istiqamətdə dəyişə bildi” deyən mənbələr qeyd edirlər: “Nazim Babayev az müddət ərzində müəssisənin bünövrəsinin qoyuluşundan əziyyət çəkən işçiləri öz qohumları və həmkəndliləri ilə əvəzlədi.
Sonra isə özünə yaxın işçilərin əli ilə zavoda saxta spirtlər doldurdu. Ucuz və keyfiyyətsiz spirtdən hazırlanan içkiləri “Azqranata” məhsulu kimi yerli bazarlara dağıdan yerlibaz direktor, tezliklə müəssisənin brend məhsullarının alıcılıq qabiliyyətini sıfıra endirdi. Təbii ki, Bakıda oturan ali rəhbərlik bu vəziyyətdən xəbər tutdu və zavodun böhran səbəbləri araşdırıldı. Saxta məhsul satışı üzə çıxdı və bu əməlin bir ucu Nazim Babayevə dirəndi. Lakin Mikayıl İsmayılovun nüfuzu öz qohumunu məsuliyyətdən kənarda saxlaya bildi. Əvəzində isə bir neçə mühafizəçi və kiçik ranqlı işçi vəzifəsindən azad olundu. Beləliklə, işin üstü ört-basdır edildi.
Bir müddət sonra Nazim Babayev direktorluqdan uzaqlaşdırılsa da, zavodun mühafizə xidmətinə rəis təyin edilərək, müəssisədən kənarlaşdırılmadı.
Hazırda “Azqranata” MMC-nin idarə heyətinin sədri Ceyhun Bəxtiyarlıdır. Zavodun direktorunun isə kim olduğu bilinmir. Belə ki, idarəçilik bir neçə adamın arasında bölüşdürülüb – Ərəstun Mürsəlov (M.İsmayılovun qohumu), Nazim Babayev (M.İsmayılovun qohumu), Yusif Ləzgiyev (şərab istehsalı rəisi), Pünhan Ərzimanov (şirə istehsalı rəisi). Bunlar hərəsi öz sahəsinin ağasıdır və idarəçiliyi öz xarakterlərinə uyğun həyata keçirirlər. Çünki C.Bəxtiyarlı MMC-ni ayda bir neçə dəfə sadəcə, ziyarət etməklə kifayətlənir, nə hesabat tələb edir, nə də işçilərlə hesabat yığıncaqları keçirir.
Zavodda iş saatı 9-00-dan 18-00-a qədərdir. Ölkədə minimum əmək haqqı 300 manat təyin olunsa da, burda fəhlələrin maaşı 273 manatdır. Əvvəllər işçilərə havayı verilən nahar yeməyi 2 ildir pulla satılır. Bayramlarda həvəsləndirmə məqsədilə verilən töhfə payları bir neçə ildir ki, kəsilib. Əvvəllər həmkarlar ittifaqı kvartalda 20 manat fəhlələrin maaşına artım edirdi, 6-7 aydır bu yardımı da dayandırıblar. 2 ildir 13-cü maaş da ləğv edilib. Zavod o dərəcədə tənəzzül edib ki, rəislər zibilə atılan yararsız əşyaları da işçilərinə pulla satırlar.
İşçiləri daşımaq üçün nəzərdə tutulan avtobusun sürücüsü də işdən çıxarılıb, nəticədə uzun müddətdir işçilər öz hesablarına işə gedib-gəlirlər. Üstəlik, zavodun 3 yük maşınından 2-si satılıb. Müəssisənin istehsal etdiyi az-çox məhsulun satışını isə müqavilə əsasında “Veysəloğlu” MMC həyata keçirir.
Bir sözlə, “Azqranata” MMC-də vəziyyət acınacaqlı durumdadır. Bu acınacaqlı durum isə özlüyündə işçilərin ucuz istismarı və ixtisarı ilə nəticələnir”.
Paralel.az