İctimai nəzarət nədir və onu kimlər həyata keçirməlidir?

İctimai nəzarət nədir və onu kimlər həyata keçirməlidir?
 

Azərbaycan hökuməti, deyəsən ictimai nəzarətin gücləndirilməsində maraqlı deyil?

 Son zamanlar daha çox aktuallıq kəsb edən və daha çox müzakirələrə səbəb olan mövzulardan biri də, ölkəmizdə ictimai nəzarətin gücləndirilməsidir. İctimai nəzarətin gücləndirilməsinin bu qədər aktuallaşmasına səbəb olan amillər isə respublikamızda rüşvət, korrupsiya, inhisarçılıq və məmur özbaşınalığı kimi halların daha da artmasıdır. Son 15-20 ildə bu əməllərə qarşı dövlət səviyyəsində aparılan mübarizənin bir səmərə verməməsi, dövləti məcbur edir ki, ictimai nəzarətin gücləndirilməsi istiqamətində daha ciddi layihələr ortaya qoysun.

 Son vaxtlar prezident İlham Əliyevin ölkəmizdə ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlərin daha səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini bütün çıxışlarında xüsusi qeyd etməsi də, prezidentin bu məsələdə siyasi iradə ortaya qoyduğunu deməyə əsas verir. Amma nədənsə, proses yerində sayır. Əslində, bunun səbəbini ölkəmizdə hər kəs bilir. Amma görünəni odur ki, ictimai nəzarətin sözün həqiqi mənasında güclənməsində sadə vətəndaşlardan başqa heç kim maraqlı deyil. Çünki ictimai nəzarətin güclü olduğu cəmiyyətlərdə rüşvətə, korrupsiyaya, inhisarçılığa, məmur hegemonluğuna və özbaşınalığına yer ola bilməz. Azərbaycan isə hazırda yuxarıda sadaladığım pisliklər çamurunda cabalamaqdadır və bu bir çox dövlət qurumlarında çalışan məmurların həyat tərzinə çevrilib. Bu səbəbdən də, onlar ölkəmizdə ictimai nəzarət institutlarının formalaşmaması üçün əllərindən gələni edirlər. Yəni ictimai nəzarətin özünü belə inhisara ala biliblər. Bu keçilməz səddi qırmaq üçün isə ölkəmizdə əlverişli mühit və şərait yoxdur. İctimai nəzarəti həyata keçirməli olan qurumlar da, bir növ məmurlardan asılı vəziyyətdədirlər. Buna görə də, ictimai nəzarət, ictimai qınaq kimi bir vaxtlar cəmiyyətin mənəvi inkişafı üçün mühüm sayılan amillər, hazırda yox səviyyəsindədir. Dövlət məmurları, o cümlədən rüşvət alıb, vermək imkanları olan digər şəxslər o qədər harınlayıblar ki, artıq nə ictimai nəzarət, nə də ictimai qınaq onlara təsir etmir.

Gəlin, baxaq görək, ictimai nəzarət nədir və kimlər onu həyata keçirməlidir? Məlumdur ki, pul olan yerdə ictimai qınaq, artıq keçərli deyil. İctimai qınağın keçərli olmadığı yerdə isə mütləq ictimai nəzarət olmalıdır. İctimai nəzarəti isə ilk növbədə ictimaiyyətin özü-ictimai fəallar həyata keçirməlidirlər. Eyni zamanda media və qeyri-hökumət təşkilatları (QHT) da, ictimai nəzarətin həyata keçirilməsində avanqard rolunu öz üzərilərinə götürlməli, həm də ictimai fəallara dəstək verməlidirlər. Yəni ictimaiyyətin fikrini, rəy və təkliflərini daha dolğun şəkildə formalaşdıraraq ictimailəşdirərək, cəmiyyətdə mövcud olan neqativlərin və qanunsuzluqların aradan qaldırılmasına yardım etməlidirlər. Təəssüflər olsun ki, hazırda Azərbaycan mediası, eləcə də QHT-lər azad, müstəqil və sərbəst fəaliyyət imkanlarından məhrum edildikləri üçün ictimai nəzarətin gücləndirilməsi istiqamətində heç bir səmərəli layihə ortaya qoya bilmirlər.

İkinci ən önəmli məsələlərdən biri də, Azərbaycan mediasının tənqidi ruhunun tam şəkildə öldürülməsidir. Bu gün Azərbaycanda tənqid yazmağa meyilli jurnalist tapmaq müşkülə çevrilib. Çünki son 10-15 ildə cəmiyyətin real güzgüsü rolunu oynayaraq, ictimai nəzarəti həyata keçirməyə can atan bir qrup jurnalistlər və media qurumları böyük təzyiq və təhdidə tuş gəldilər. Digər bir qrupi isə rüşvət və korrupsiya piramidasının ən yüksək zirvəsini fəth etmiş məmurlar tərəfindən ya ram edildilər, ya fəaliyyətlərinə qadağa qoyuldu, ya da məmləkətdən didərgin salındılar. Bir qismi isə sosial mediaya üz tutdu. 

Məlum məsələdir ki, tənqidi heç kim sevmir, ələlxüsus da həmin tənqid hansısa bir məmurun ictimai fəailiyyəti ilə bağlıdırsa, bu heç şübhəsiz ki, onun qanunsuz əməllərinin ifşa edir. Bundan sığortalanmağa çalışan məmur isə öz əməllərini örtbasdır etmək üçün həmin jurnalisti və mətbu orqanını məhkəmə çəkişmələrinə salır və oradakı özü kimi rüşvət sevdalısı olan hakimlərin əli ilə həmin mətbu orqanının fəaliyyətinin qadağan olunmasına, jurnalistin isə həbsinə nail olur ki, başqalarına görk olsun. Gözü çıxmış həmkarlarından (həbs olunan, görəvindən alınan) məmurlar "dərs" almasalar da, jurnalistlərin bir qismi "dərs" alır, məmurun təklifini qəbul edir və jurnalistdən dönüb olur- zurnalist. 

İctimai nəzarətin zəif olmasının üçüncü səbəbi hökumətin və aidiyyəti dövlət qurumlarının mətbu sözünə sayğısızlığından qaynaqlanır. Yəni media cəmiyyətdə olan nöqsanları araşdırır, tapır, ictimailəşdirir, amma nə hökumətdən, nə də aidiyyəti qurumlardan bu yazılara heç bir reaksiya olmur. Yaxud da, tənqid olunan qurumu müdafiə etmək məqsədiylə: "yazı qərəzli yazılıb, araşdırma zamanı faktlar öz təsdiqini tapmadı" kimi cavablarla ictimai nəzarəti həyata keçirməyə çalışan medianı günahkar çıxarırlar. Bir müddət sonra isə həmin məmur, bu yazıda göstərilən nöqsanlara görə, görəvindən alınır, hətta həbs olunur.

Mənə belə gəlir ki, hazırda dövlət qurumları yanında yaradılan ictimai şuraların heç bir səmərə verməməsinin əsas səbəblərindən biri də, həmin şuraların fəaliyyət göstərdiyi qurumlardan asılı vəziyyətdə olmalarıdır. Bir daha qeyd edirəm ki, ictimai şuralar tam müstəqil olmadıqca, onların fəaliyyətinin də, heç bir müsbət nəticəsi olmayacaq.

Hesab edirəm ki, ölkəmizdə ictimai nəzarət funksiyalarını müstəqil media qurumlarının, ictimai fəalların və QHT-lərin birgə səyi ilə həyata keçirmək olar. Amma bunu da xüsusi olaraq qeyd etməliyəm ki, QHT-lərin, ictimai fəalların və medianın bu funksiyaları səmərəli şəkildə həyata keçirmələri üçün onlara tam sərbəstlik verilməli və şərait yaradılmalıdır.

Mediaya və QHT-lərə hazırki formada göstərilən dəstəyin heç də səmərəli olmadığı, artıq hamıya məlumdur.

Mən bu yazıda medianın ictimai rəyə təsir imkanlarından danışmadım. Çünki hazırda Azərbaycanda ictimai rəyə təsir göstərə biləcək media qurumları, demək olar ki, yoxdur. Olanların da fəaliyyət imkanları çox məhduddur. 10 milyon əhalisi olan bir ölkədə ən yüksək tirajlı qəzet cəmi 5 min nüsxə nəşr olunursa və onun da 80-90 faizi oxucu əli dəymədən geri qayıdırsa, biz bu media orqanının  ictimai rəyə  hansı təsirindən danışırıq? Yəqin ki, bu fikrə görə məni qınayan çox sayda həmkarlarım olacaq, amma reallığın da gözünə dik baxmağı bacarmaq lazımdır. Siz özünüzü media kapitanları, generalları, hətta marşalları belə, adlandıra bilərsiniz, amma sizin yazdıqlarınızı bir kimsə oxumursa, demək ki, artıq bitmisiniz və təqaüdə getmək vaxtınızdır. Buna yaşı çatmayanlar isə artıq cavan ikən qocalanlardır.

Son olaraq onu da qeyd etmək istərdim ki, biz ölkəmizdə sözün həqiqi mənasında ictimai nəzarətin həyatımızın bütün sahələrinə nüfuz etməsini istəyiriksə, ilk növbədə medianın və QHT-lərin nüfuzunu qaldırmalıyıq. Bir ölkədə, bir məmləkətdə bütün işləri dövlət görə bilməz. Buna görə də, dövlət sözdə yox, reallıqda, həqiqətdə medianın və QHT-lərin dostu olmalı, onların azad və müstəqil şəkildə fəaliyyət göstərmələrini dəstəkləməlidir. Əks təqdirdə, bu sahədə görülən işlərin heç bir müsbət nəticəsi olmayacaq.

Yusif Seyid

0.019003868103027