Cəbrayıl təhsil sistemində bazar qanunları...

Cəbrayıl təhsil sistemində bazar qanunları...
 

 


Təhsillə bağlı məsələlər daim aktuallıq kəsb edir. Bu mənada, həmin sektorda baş verənlər cəmiyyətin diqqətindən yayınmır. Bu sırada növbəti material Cəbrayıl rayon təhsil şöbəsi barədədir. Paralel.az araz.az-a istinadla həmin materialdan xəbər verir.
Tabeliyində 39 tam, 2 ümumi orta məktəb olan Cəbrayıl RİŞ barədə şikayətçi məktubları və jurnalist araşdırmaları əsasında qələmə alınan yazılarda qeyd olunur ki, müdir Zamiq Qurbanov şəxsi mənafeyi naminə yerli məmurlarla əlbir olaraq, rayonun təhsil sistemi adından vətəndaş etirazlarını getdikcə daha da şiddətləndirən ağlasığmaz özbaşınalıqlara imza atmaqdan çəkinmir. Buna ən bariz misal, Zamiq Qurbanovun şöbə müdiri təyin olunduğu vaxtdan indiyədək məktəblərdən yığdırdığı aylıq haqqlardan doymayıb, “şəhid pulu” toplatdırmaqdan belə çəkinmədiyini göstərmək kifayətdir. O, Cəbrayıl təhsilinin başına oyunlar açmaqdan çəkinmir. İşlərini itirmək təhlükəsi olduğu üçün, açıq şəkildə şikayətə gedə bilməyən bir qrup müəllim medianın bu məsələdə onlara ən yaxın yardımçı olacağını böyük ümidlərlə gözləyir.
Z.Qurbanovun rəhbər fəaliyyətindəki nöqsanlar rayon məktəblərində xoşagəlməz ab-havanın yaranmasına səbəb olub. Təhsil şöbəsinin müdiri işinin öhdəsindən layiqincə gələ bilmədiyindən, bu, rayon təhsilinin keyfiyyətinin yüksəlməsinə və təhsil sisteminin düzgün qurulmasına ciddi maneələr yaradır. Şikayət xarakterli müraciətlərində Cəbrayıldan olan və milli təhsilimizin təəssübünü çəkən bir qrup təhsil işçisi yuxarıda qeyd etdiklərimiz barədə yazıb və dərd-sərlərinin yuxarılara çatdırılması üçün mətbuatdan kömək gözləyirlər. Müraciətdə qeyd olunub ki, Z.Qurbanovu Biləsuvar rayonunda Cəbrayıl köçkünləri üçün salınmış qəsəbədə yerləşən Təhsil Şöbəsinin inzibati binasında, hətta şöbənin paytaxt Bakıdakı rəsmi ünvanında görmək çoxdandır müşkül məsələyə çevrilib: "İş-gücünü ataraq, vaxtının çox hissəsini özünə sərf edən məktəblərdə keçirən müdir, ayrı-ayrı rayon və şəhərlərin yaşayış məntəqələrində yerləşən digər məktəblərimizi nəzarətdə saxlaya bilmir. Bu səbəbdən, həm də ayrı-ayrı yerlərdə yaşayan hər hansı bir Cəbrayıl köçkününün xərc çəkərək yüzlərlə kilometr qət edib, köçkün qəsəbəsinə gəlməsi və təhsillə bağlı dərd-sərini qəbuluna düşmək istədiyi şöbə müdirinə çatdırması, çoxdandır ki, çözülməz bir problemə çevrilib. Z.Qurbanov Biləsuvar rayonunda salınan Cəbrayıl məcburi köçkün qəsəbəsindən zəng edənlərə "Mən Bakıdayam", Bakıda yaşayan məcburi köçkünlərin telefon zənglərinə isə "Mən Biləsuvardakı köçkün qəsəbəsindəyəm" cavabını verir. Özünü işgüzar kimi göstərməyə çalışsa da, əslində, belə deyil”.
Şikayətçilər qeyd edirlər ki, bir çox yaxınlarını Cəbrayıl məktəblərində vəzifələrə və digər vacib işlərə yerləşdirərək, özü üçün etibarlı şəbəkə düzəldən müdir, hətta bəd əməllərini maneəsiz görmək üçün, şöbənin müdir müavinlərini və digər məsul vəzifə sahiblərini belə oyundan kənarda saxlamaqdan çəkinmir.

Şöbə müdirindən daha çox edilən şikayətlərdən biri də onun bütün rayon məktəblərindən hər epizodu iyrəncliklərlə dolu və ictimaiyyət arasında hədsiz ikrah doğuran qanunsuz pul yığmalara göstəriş verməsi ilə bağlıdır: "Müdir məcburi tələb qoyub ki, müəllimlərin hər ay maaşlarından 1 faiz mütləq tutulsun. Onun təlimatı əsasında bir ərizə də hazırlanıb və müəllimlərə paylanıb. Hər bir müəllimin adına olan bu ərizədə onlar rəhbərlərindən xahiş etməlidirlər ki, maaşlarından hər ay bir faiz tutulub, Rayon İcra Hakimiyyətinin Büdcədənkənar Fonduna köçürülməsinə göstəriş versin. Həmin ərizədə qeyd olunanlara görə, guya, toplanan bu pullar şəhid ailələrinə, əlil və kimsəsizlərə çatacaq. Doğrudan da, Cəbrayıl məktəblərində belə ərizələr kütləvi şəkildə paylanıb. Müəllimlər məcburi qaydada bu ərizələri yazmağa təhrik olunub. Bu da rayonda ciddi şəkildə narazılıqların yaranmasına səbəb olub.
Azərbaycanda şəhid ailələrinə, kimsəsizlərə, müharibə əlillərinə dövlət qayğısı var və ölkə başçısı bu məsələyə həmişə xüsusi həssaslıq nümayiş etdirir. Belə olan halda, müəllimlərdən pulyığma kampaniyasının başladılması həm dövləti aşağılamaqdır, həm də özbaşınalıqdır. Biz ona da inanmırıq ki, yığılan vəsaitlər həmin ailələrə çatacaq. Bu pulların mənimsəniləcəyinə şübhə edirik. Bizim şəhid ailələrinə canımız da qurbandır! Onlara həmişə dəstək olmaq lazımdır. Ancaq bizdən qabaq dövlət və qanun var. Bu işi də hökumət daha yaxşı bilir. Yerli məmurlar isə özbaşına qərar qəbul ediblər”.
Paralel.az

0.017199039459229