Nazirlikdən mühafizəçiyə ildə 50 min manat...

Nazirlikdən mühafizəçiyə ildə 50 min manat...
 

 

Məktəbdənkənar təhsillə bağlı yaradıçılıq mərkəzlərinin fəaliyyəti həmişə maraq dairəsində olub. Belə mərkəzlər məktəbdənkənar tərbiyə müəssisəsi kimi paytaxtdan başqa, regionlarda da uşaq, yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil etmələri üçün fəaliyyət göstərir. Eləcə də, bu mərkəzlərə dövlət tərəfindən hər il külli miqdarda vəsait ayrılır. Amma bu dövlət vəsaitləri uşaq və yeniyetmələrin gələcəyinə xərclənirmi?
Paralel.az aktualinfo.org-s istinadla aşağıdakı materialı təqdim edir.
Təhsil Nazirliyinə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi tərəfindən 2020-2021-ci illərdə elan olunmuş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları həyata keçirilib. Dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elan olunmuş kotirovka sorğuları bunlardır.
İstehlakyönlü müxtəlif xidmətlər (keçiriləcək müxtəlif tədbirlərdə lazım olan mallar və xidmətlər) üzrə 21.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Mühafizə xidməti üzrə 04.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalı üzərindəki araşdırmalar zamanı bəlli olub ki, Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin Tender Komissiyası dövlət əhəmiyyətli tədbirlərin təşkili ilə əlaqədar müxtəlif malların və xidmətlərin satın alınmasını, dəftərxana və təsərrüfat mallarının alınmasını 2020-2021-ci illər üçün satınalma planlarına daxil edib. Lakin bu kotirovka sorğularının keçirilməsi və nəticələri barədə məlumatları ictimaiyyətə açıqlamayıb.
Mühafizə xidməti üzrə 05.11.2019-cu il tarixdə elan olunan kotirovka sorğusunda isə “Alov Mühafizə” MMC-nin 9 saylı Filialı ilə 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat satınalmaların vahid internet portalına 16.01.2020-ci il tarixdə yerləşdirilib. Lakin birbaşa bağlanılmış bu müqavilədə Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı bəlli olmur ki, bu da ayrılmış vəsaitin şişirdildiyini deməyə əsas verir.
Bəs bunun şişirdildiyi nədən bəlli olur? Əvvəla, qeyd etdiyimiz kimi, Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı açıq göstərilmir. Amma məlumata görə, mərkəz bir nəfər tərəfindən, səhər saatlarından başlayaraq axşama qədər mühafizə edilir. Həftənin bir günü isə istirahət günüdür. Gecə saatlarında Yaradıcılıq Mərkəzinin qapıları bağlı olur. Mərkəzdə kamera və siqnalizasiya sisteminin quraşdırıldığını da istisna etmirik. Özəl mühafizə sahəsində çalışanlardan əldə etdiyimiz məlumatlara görə, ayda ən yaxşı halda, 500-600 manat məbləğində maaş alırlar. “Alov Mühafizə” MMC isə hər mühafizəçiyə ayda 400-450 manat civarında maaş verir. Daha əvvəlki illərdə isə “Alov Mühafizə” MMC-nin mühafizəçilərə verdiyi maaş 300-350 manat olub. Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin mühafizəsi üçün “Alov Mühafizə” MMC bağladığı 50 min manat civarında olan müqavilədən belə çıxır ki, MMC mühafizəçiyə ayda 4 150 manat maaş verib.

Yaradıcılıq Mərkəzinin 2, hətta 3 nəfər tərəfindən də mühafizə olunmasına ayrılmış vəsait çoxdur. Burada təbii ki, MMC-nin bir sıra xərclərini də nəzərə almaq lazımdır. Amma özəl mühafizə sahəsində çalışmış şəxslərdən aldığımız məlumata görə, “Alov Mühafizə” MMC mühafizəçi işinə qəbul etdiyi hər kəsdən ilkin olaraq geyim pulu adı ilə 300 manat alır. Əgər geyim pulunu mühafizəçi özü verirsə, daha hansı xərc qalır? Gün ərzində 3 dəfə qidalanmasını və geyim pulunu da bu xərcin içinə daxil etsək, bir mühafizəçi xidmətinə il ərzində 50 min manat vəsait ayırmaq Təhsil Nazirliyi üçün qat-qat çox deyilmi? Bu, bu günə qədər görünməmiş bir korrupsiya halı deyilmi?
İddia oluna bilər ki, kotirovka sorğusu 2019-cu ilin sonunda elan olunub, 2020-ci ilin yanvarında satınalma müqaviləsi bağlanılıb. Bu, Ceyhun Bayramovun təhsil naziri olduğu dövrlərə təsadüf edir. Amma fakt-faktlığında qalır. Dövlət satınalmalarının vahid internet portalında 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Müqaviləni “Alov Mühafizə” MMC-nin 9 saylı fililalı ilə kimin - Təhsil Nazirliyi, yoxsa sözügedən nazirliyə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi tərəfindən bağlanıldığı bəlli deyil. Digər tərəfdən, yeni nazır Emin Əmrullayevin dövründə bağlanan müqavilələrdən isə ümumiyyətlə, məlumat yoxdur. Çünki Yaradıcılıq Mərkəzi 04.11.2020-ci il tarixdə 2021-ci il üçün mühafizə xidmətinin satınalması üzrə kotirovka sorğusunun keçirilməsini elan edib, lakin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməyib. O cümlədən, 2022-ci il üçün. Bu isə o deməkdir ki, Təhsil Nazirliyi ya tabeliyində olan qurumlara nəzarət edə bilmir, ya da elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsinin, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə yol açan ciddi qanun pozuntularının başında durur.
Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi Tender Komissiyası yalnız yuxarıda göstərilən tarixlərdə iki kotirovka sorğusunun keçirilməsi barədə elan versə də, satınalma planlarına daxil edilmiş digər kotirovka sorğuları barədə məlumatları gizlədib, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamayıb, ayrılan vəsaitlər barədə məlumatları gizlədib. Mərkəz tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin tələbləri kobud şəkildə pozulub.
Göstərdiyimiz şübhəli məqamlara aydınlıq gətirmək məqsədi ilə Yaradıcılıq Mərkəzinin e-mail adresinə ünvanladığımız sorğuya cavab olaraq bildirdilər ki, mövzu ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinə müraciət edək. Yəqin ki, nazirliyin mətbuat xidməti bu məsələlərə aydınlıq gətirəcək.
Paralel.az

0.035177946090698