"İctimai nəqliyyatın göstərdiyi xidmət o dərəcədə bərbaddır ki, heç mövcud qiymətlərə də dəymir”

 



Sosioloq Elçin Bayramlı öz “Facebook” hesabında yazır ki;
Özəl sərnişindaşıma şirkətləri, sahibkarlar qiymət artmı ilə bağlı çox nahaq olaraq Tarif Şurasına, hökumətə müraciət ediblər, dotasiya tələb etməyə də onların haqqı çatmır. “Sərnişindaşıma şirkətləri çox səhv edib gediş haqqının artırılması və dotasiya ilə bağlı hökumətə müraciət ediblər. Onların bu müraciətlərinin heç bir iqtisadi əsaslandırılması yoxdur. Ola da bilməz. Çünki nə dizelin, nə də maye qazın qiyməti qalxıb. Əksər avtobuslar da sıxılmış qazla işlədiyinə görə bunlarda yanacaq xərcləri daha ucuz başa gəlir. Ona görə də qiymət artımı ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Sadəcə, mövcud vəziyyətdən, böhrandan, ərzağın bahalaşmasından sui-istifadə edərək sərnişindaşıma şirkətləri də öz gəlirlərini artırmaq istəyirlər. Halbuki, bahalaşma ilə bağlı insanların get-gedə yaşam vəziyyəti çətinləşir, xərcləri artır, bir tərəfdən də nəqliyyat xərclərinin artırılması çox ciddi sosial narazılıq yarada bilər. Hökumətə müraciət edən sərnişindaşıma şirkəti ölkədə sosial narazılığın yaranmasını istəyir? Hanı bu müraciətin iqtisadi əsaslandırılması? Səbəb gətirsinlər, nəyin qiyməti qalxıb ki, bunlar da gediş haqqı qiymətlərini artırmaq istəyirlər. Bəlkə sərinişindaşıma şirkətlərinin vergiləri artırılıb, bəlkə yanacağın qiyməti qalxıb? Ona görə də, onların müraciətinin heç bir əsası yoxdur. Sərnişindaşıma şirkətlərinin heç bir əsası olmayan müraciəti rədd edilməlidir. Əgər sərnişindaşıma şirkətlərinin qiymət artımı ilə bağlı müraciəti qəbul olunarsa bu çox ciddi sosial narazılığa səbəb olacaq. İndiki vəziyyətdə ictimai nəqliyyatın göstərdiyi xidmət o dərəcədə bərbaddır ki, heç mövcud qiymətlərə də dəymir”.

E.Bayramlının sözlərinə görə, hazırda ictimai nəqliyyat sahəsində ciddi problemlər var. Onun dediyinə görə, marşurutların intervalını elə qururlar ki, iki avtobusla daşınmalı olan sərnişini bir avtobusla daşıyırlar. “Burada ikiqat gəlir əldə edirlər. Bundan əlavə də, çox bərbad vəziyyətdə işləyirlər. Ona görə də, gedişhaqqı qiymətində heç bir artımdan söhbət gedə bilməz. Şirkətlər, sahibkarlar öz gəlirlərini düşündükləri üçün qiymət artımı ilə bağlı müraciət ediblər. Tarif Şurası da heç bir iqtisadi əsaslandırma olmadan bu müraciətə cavab verməz. Məncə verməməlidir də”- deyə E.Bayramlı bildirdi.
Səfurə
Paralel.az

0.02096700668335