Ramazan orucu Allahın tərbiyə proqramıdır - XVIII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XVIII yazı
 

Siracəddin Hacı:

QURANİ-KƏRİM hidayətdir, hidayətin qaynağıdır, hidayət Onunla mümkündür. Hüda qəlbə yerləşən imandır, qul onu istəyər, Allah da yaradar.
ZƏMƏXŞƏRİ deyir ki, ayədə “müttəqilərə hidayət rəhbəridir” deyilir. Müttəqilər hidayətə qovuşmuş insanlardır. O halda, ayə niyə bu biçimdə nazil olmuşdur? (Yəni hidayətdə olanlara hidayət istəməyin anlamı nədir?): “Bu, sənin hörmətli bir insana: “Allah səni əziz qılsın, sənə güc, qüvvət versin, sənə ikram etsin”, - tərzindəki cümlənə bənzəyir. Sən bu cümlənlə o insanda var olan şeyin sabit olmasını, artmasını, davam etməsini istəyirsən. Eyni ölçü Fatihə surəsinin bu ayəsində də var: “Bizi doğru yola yönəlt!” (Doğru yolda olanlar doğru yol istəyirlər – doğru yolda olmaq önəmli, onu qorumaq daha önəmlidir)” (Zəməxşəri, el-Keşşaf, s. 66).
HİDAYƏTDƏ şüurlu, iradəli, hədəfli tələb/yönəlmə var. Hidayət arzu edilən şeylərə qovuşduran vasitələri qəti/dəqiq göstərmək, doğru yolu tanıtmaq, yol işarələrinin anlamını izah etməkdir, yəni maarifləndirmə işidir, həqiqəti açıqlamaqdır, elm, öyrənmə, oxuma, düşünmə yoxdursa, hidayət də yoxdur. Hidayətin ziddi dəlalətdir (azmadır).
“HİDAYƏT” sözü ilə eyni kökdən olan sözlərdən biri də “hədy”dir, “həyat tərzi”, “hal”, “gediş” anlamları var. Allah Rəsulu buyurur: “Sözün ən doğrusu Allahın kitabıdır, yolların ən gözəli də Məhəmmədin yoludur (hədyu Muhamməd)” (İbn Hənbəl, III, 310).
Qurani-Kərimdə hüda/hidayət ilə vəhy arasında sıx bağ var:
“Ey insanlar, sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir” (Yunus, 10/57).
“Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün öz elçisini hidayət və haqq dinlə göndərən Odur...” (Tövbə, 9/33).
Böyük İslam alimi RAĞIB ƏL-İSFAHANİYƏ görə Allahın insanı hidayətə yönəltməsi dörd mərhələdə gerçəkləşir:
- hidayət insana yol göstərən ağıl və biliyi ifadə edir. Bu hidayət insana verilmişdir: “(Musa): “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir”, - dedi” (Taha, 20/50).
- Allah Qurani-Kərimi nazil edərək, Elçi seçərək insanları hidayətə dəvət etmişdir: “Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar etdik” (Ənbiya, 21/73).
- hidayət Allahın insana lütfüdür: “İman gətirib yaxşı işlər görənlərin Rəbbi (onları)... hidayətə qovuşdurar” (Yunus, 10/9). “Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər” (Təğabun, 64/11).
- Allah hidayətə qovuşanları axirətdə cənnətə qoyar: “Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar deyərlər: “Bizi buraya gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin elçiləri haqqı gətirmişlər!” Onlara: “Etdiyiniz əməllərə görə varis olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir” (Əraf, 7/43; Rağib əl-İsfahani, Müfrədat, s. 538).

ALİMİN DEDİYİ BUDUR: Allah insanın hidayətə qovuşması üçün ona AĞIL vermiş, KİTABLAR, ELÇİLƏR göndərmiş, lütf etmiş, bu imkanlardan doğru yararlananları da cənnətlə müjdələmişdir. ALLAH RƏSULU nur və hidayət olan Qurani-Kərimə sımsıx sarılmağı tövsiyə etmiş (Müslim, Fəzailus-səhabə, 36), Ona sarılanın nicat tapacağını, Ondan ayrılanın da dəlalətə düşəcəyini vurğulamışdır (Müslim, Fəzailus-səhabə, 37). O, Allahdan hidayət istəmişdir: “Allahım, məni bağışla, mənə mərhəmət et, mənə hidayət, afiyət, ruzi ver!” (Müslim, Zikir, 35), “Allahım, hidayət etdiklərinlə bərabər mənə də hidayət ver. Sağlamlıq və afiyət verdiklərinlə bərabər mənə də sağlamlıq ver! Himayə etdiyin kimsələrlə bərabər məni də himayə et! Mənə verdiyin nemətləri bərəkətləndir!” (Tirmizi, Vitr, 10).
ALLAH buyurur ki, insan ağıllı, iradəli, vicdanlı varlıqdır, o, iradə etməli, istəməlidir ki, O da doğru yola yönəltsin. Hidayət tələb edilən, əmək verilən, seçilən bir nemətdir. Allah istədiyinə hidayət verər, istədiyini də azdırar anlayışı yanlışdır, elə olsa idi, ilahi Kitablara, Elçilərə, ağıla, iradəyə, imtahana, ibadətə, itaətə, əməyə, hesaba, yenidən dirilişə, cənnətə, cəhənnəmə ehtiyac olmazdı. Allah buyurur ki, dində məcburiyyət yoxdur, istəyən iman etsin, istəyən küfür etsin, O, insanı azdırmaz, azmaq istəyənin azmasına izin verər.
Ardı var...

Paralel.az

0.35362601280212