Ramazan orucu Allahın tərbiyə proqramıdır - XV yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XV yazı
 

Siracəddin Hacı:

ALLAH ayədə “Ramazan ayı” – “şəhru Ramazanə” buyurur. “Şəhr” sözü “ş-h-r” kökündəndir, tanınan / bilinən anlamını daşıyır, “ay” / “şəhr” hilalın çıxması ilə bilinən / tanınan – bəlli olan zaman dilimidir. Ay / şəhr bir şeyin ortaya çıxmasını ifadə edir. “Şöhrət” sözü də eyni kökdəndir, şöhrət bir şeyin ortaya çıxması, tanınmasıdır, hilal görünür, ayın başladığını xəbər verir, hər kəs də Ramazan ayının başladığını bilir.
Ayədəki “Ramazan ayı” – “şəhru Ramazanə” ifadəsi o sayılı günlərin Ramazan ayı olduğunu ifadə etmək üçün seçilmişdir, bu ifadə o sayılı günləri açıqlayır (qeyd edək ki, Ramazan ayında oruc tutulmasının tarixi Qurani-Kərimin nazil olması ilə başlamır, öncəki nəsillərin də bu ayda oruc tutduqları bilinir).
“RAMAZAN AYI” ifadəsinin vurğularını belə də oxuya bilərik:
- tutulması fərz olan oruc Ramazan ayı orucudur – o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;
- Ramazan ayı orucunu tutun – o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;
- Ramazan ayında oruc tutmağınız sizin üçün daha xeyirlidir – o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;
- o sayılı günlər Ramazan ayıdır – o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;
RAMAZAN qəməri (Ay təqvimi) ayların doqquzuncusudur. Ramazan orucu hilalın görünməsi ilə başlayır. Burada təəssüflə qeyd etmək istəyirik ki, İslam alimləri dəfələrlə bir araya gəlsələr də, elmi müzakirələr aparsalar da, çoxluq eyni qərarı qəbul etsə də, siyasi səbəblərlə İslam ümməti Ramazan orucunu eyni gündə başlayıb eyni gündə bitirə bilmir, bu da ümməti parçalayır, birlik şüurunu zəiflədir, qaşınmayan yerdən qan çıxarır.
Fikir ayrılığına səbəb olan sual budur: Ramazan hilalı dünyanın hər hansı bir bölgəsində görünəndə, yoxsa hər ölkənin əhalisi öz ölkəsinin ərazisində hilalı görəndə oruc tutulmağa başlanmalıdır? 1978-ci ildə İstanbulda keçirilən elmi konfransda İslam alimləri belə bir qərar verdilər: əsas olan Ramazan və bayram hilalının dünyanın hər hansı bir yerində görünməsidir, təqvimlər də bu hesaba görə tərtib olunmalıdır. Bu doğru qərara baxmayaraq, ayrı-ayrı dövlətlərin siyasi iddiaları İslam ümmətinin birliyinə imkan verməmiş, Ramazan orucunun başlanğıc və bitiş tarixi, eləcə də bayramın ilk günü ilə bağlı fərqlər ortaya çıxmışdır.
Allah oruc ayələrində ilahi tərbiyə proqramına uyğun olaraq məsələləri addım-addım izah etdi. Onun tərbiyə sisteminin bu özəllikləri var: a) mərhələlik – tərbiyə çətin, uzun, mərhələli işdir; b) tərbiyədə məcburiyyət deyil, inandırma əsasdır, inandırmanın canı da lehdə və əlehdə olan dəlilləri ortaya qoymaqdır; c) mərhəmət və şəfqət – bu, ilahi tərbiyənin ən önəmli ölçüsüdür – sevmədiyinizi tərbiyə edə bilməzsiniz; d) ardıcıllıq – az olsun, davamlı olsun ölçüsü; e) mükafat və cəza –Allah doğru yola yönələnə mükafat, yönəlməyənə cəza vəd edir;
Ardı var...

Paralel.az

0.012293100357056