Azəriqaz İB-nin mövbəti "səyyar qəbul otağı" Qəbələdə quruldu
"İstər sahibkarlarla, istərsə də sakinlərlə keçirilən görüşlərdə qaz təchizatı ilə bağlı problem və təkliflərinizi bildirməyiniz üçün heç bir məhdudiyyət qoyulmur. Odur ki, üzləşdiyiniz çətinlikləri açıq şəkildə səsləndirməyinizi sizdən xahiş edirik". Paralel.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev Qəbələ rayonunda sahibkarlarla keçirilən görüş zamanı bildirib. "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüşdə Birliyin rəhbər şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin Qəbələ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri həm sahibkarların, həm də sakinlərin problemlərini dinləyiblər. Çörək istehsalı ilə məşğul olan sahibkar Məhəmməd Məmmədşahov istehlak etdiyi təbii qaza görə yaranan borcu ödəmədiyindən sexdə qaz təchizatının dayandırıldığını bildirib. O, yaranmış borcun yarı hissəsini indi, qalan məbləği isə ayın sonunadək ödəməyə hazır olduğunu qeyd edərək, qaz təchizatının bərpa olunmasını xahiş edib. Sahibkara Birlik tərəfindən lazımi dəstəyin olunacağı bildirilib. Bundan başqa sahibkarlarla yanaşı, aksiyaya üz tutan sakinlər də qaz təsərrüfatına dair problemlərini səsləndiriblər. İlham Əhmədov və Murad Muradov istehlak etdikləri mavi yanacağa görə yaranan borcu ödəməkdə çətinlik çəkdiklərini bildirərək sonradan ödənişli sayğacın (mexaniki tipli), əvvəlcədən ödənişli sayğac (smart-kart tipli) ilə əvəz olunmasını xahiş ediblər. Daxil olan bu müraciətlərlə bağlı da köməklik olunmasına dair yerindəcə göstəriş verilib.
Məlumat üçün bildirək ki, aksiya çərçivəsində təşkil olunan bu görüş sahibkarlarla 27-ci, ümumilikdə isə 52-ci görüşdür.