Erməni deputatlar Qarabağa buraxılmadı: nə baş verir?
Asif Nərimanlı:
Ermənistan parlamentinin üzvləri – Robert Koçaryanın lideri olduğu müxalif “Ermənistan” blokunun deputatları Qarabağa buraxılmayıb: Seyran Ohanyanın rəhbərlik etdiyi deputat qrupu sülhməramlılar tərəfindən Laçının girişində saxlanılıb; Azərbaycan tərəfi ilə əlaqə yaratdıqdan sonra gələnlərin geri qaytarıldığı haqda məlumatlar var;
Ohanyan Ermənistan parlamentinin tribunasına separatçı-terrorçuların qondarma “əski parçası”nı taxaraq, iclası tərk etmiş, dəstəsi ilə Qarabağa yola düşmüşdü. Paşinyanın komandasının deputatları Ohanyana etiraz edərək, “əski parçası”nı tribunadan götürdülər. İrəvanda yaşanan bu qalmaqaldan sonra Ohanyanın rəhbərlik etdiyi deputat qrupunun Qarabağa buraxılmamasına görə “Ermənistan” bloku Paşinyanı Əliyevlə “əməkdaşlıq”da ittiham edir.
Koçaryanın dəstəsinin Qarabağa buraxılmaması Paşinyanın marağında ola bilər:
- Brüssel görüşü və sonrasında müxalifətin “Qarabağ kartı”ndan hakimiyyətə qarşı istifadə etməsi daha intensiv hal alıb: Ermənistanın müxtəlif yerlərində qondarma “əski parçası”nı asmaq kampaniyası da bu prosesin tərkib hissəsidir;
- Azərbaycanla sülh sazişinə qarşı çıxan “Qarabağ klanı”nın qalıqları Paşinyana üçün ciddi “baş ağrısına” çevrilib;
Bu qrupun Azərbaycan ərazisinə buraxılmaması onların “Qarabağ kartı”ndan istifadə imkanlarını, xüsusilə Xankəndidəki separatçı “müxalif deputatlar”la birləşərək, təxribat fəaliyyətini, eləcə də baş separatçı Araik Arutyunyanın Paşinyana qarşı “alternativ” əldə etmək şəraitini məhdudlaşdırır. Daşnakların səfərində məqsəd də Qarabağın “müstəqillik” iddialarına dəstək tədbirinin təşkil edilməsi olub. Hərçənd, Ermənistan XİN deputatların qarşısının alınması ilə bağlı narahatlığını dilə gətirməsi rəsmi İrəvanın müxalifətin iddialarını təkzib etməsi deməkdir.
Azərbaycan isə Koçaryanın dəstəsinin Qarabağa girişinə qadağa qoymaqla birdən çox gediş edir:
Birincisi, Ermənistanda “Qarabağ kartı”ndan istifadə edilməsi imkanını azaldır;
İkincisi, Ermənistan hakimiyyətinə qarşı müxalifətin rıçaqlarını zəiflədir: bu, Brüsseldə Əliyevlə razılaşan Paşinyanın önünü açır, digər tərəfdən, erməni müxalifətinin hakimiyyətə qarşı ittihamlarını gücləndirir və bu gedişlə Bakı İrəvanın siyasi gündəminə təsir edir;
Üçüncüsü, Qarabağdakı separatçı-terrorçuların “müstəqillik” iddialarına dəstəyin çevrəsini daraldır;
Burada əsas diqqət çəkən məqamlardan biri də sülhməramlıların Azərbaycanın istəyini yerinə yetirməsidir: mümkündür ki, Qarabağdakı son proseslərdə Bakının prinsipial mövqe sərgiləməsindən sonra sülhməramlı kontingentin rəhbərliyi – Rusiya tərəfi əlavə qarşıdurmanın yaranmasını istəmirlər.
Erməni deputatların geri qaytarılması bütün hallarda Qarabağda Bakının mövqeyini gücləndirən məqamdır.