"AAAF park Yaşayış Kompleksi"ndən
mənzil alıb, evsiz qalan sakinlər

 

Nüsrət İbrahimov: "Belə yarımçıq tikililəri hökumət orqanları hərraca çıxarıb, başqa tikinti şirkətinə satmaq yolu ilə layihənin tamamlanmasını təmin edə bilər"

 

Azərbaycanda hündürmərtəbəli binaların tikintisində illərdir ki, ciddi problemlər yaşanır. Gah MTK-lar hələ tikmədikləri mənzilləri vətəndaşlara sataraq onları illərlə süründürür, gah bir mənzili bir neçə nəfərə sataraq möhtəkirliklə məşğul olur, gah da, məskunlaşmış binalarda mənzil sahiblərinə çıxarış verməyərək onları özlərindən asılı vəziyyətə salaraq, kirayənişin durumunda yaşadır. Bakı şəhərində yüzlərlə çoxmərtəbəli binalardakı mənzillərin mülkiyyət sənədləri sahiblərinə verilməyib. Səbəb isə o göstərilir ki, binada sakinlər yaşasa da, hələ sənədləri bütün dövlət qurumları tərəfindən qəbul edilməyib. Başqa sözlə desək, bina hələ tam olaraq yaşayış sahəsi kimi təhvil verilməyib. Bu isə çox ciddi risklərə yol açır. Çünki belə binaların yaşayış üçün təhlükəsiz olduğu tam təsdiq edilməyib. Amma binada əhali yaşayır, bina tam məskunlaşıb. Günlərin birində məlum olsa ki, bina yaşayış üçün yararsızdır, onda bu qədər əhalinin taleyi necə olacaq?

Əslində, binaların sənədlərinin yarımçıq olmasında MTK-lar maraqlıdır ki, binanı uzun müddət öz balansında saxlasın binanın idarə edilməsindən pul qazansın. İldə şəhərin mərkəzində yeləşən, hələ tam təhvil verilməyən binalarda MTK-lar milyonlarla manat pul qazanır. Belə problemli tikinti şirkətlərindən biri "AAAF park Yaşayış Kompleksi"dir.

Mətbuatda yayılan məlumata görə, "AAAF Park Yaşayış Kompleksi"ndən mənzil alıb, evsiz qalanlar Abşeron rayon İcra Hakimiyyətinə şikayətə gəlib. 22 bina, 2200-ə yaxın mənzil, 8 ilə yaxındır təhvil verilmir. Şikayətə gələnləri qəbul edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev payçılarla şirkətin sahibi Tofiq Heydərov arasında görüş təşkil edəcəyini vəd edib.

Vergilər Nazirliyinin məlumatına görə isə şirkətin 28 milyon manata yaxın borcu var. Sakinlər deyir ki, "AAAF Park Yaşayış Kompleksi" vergi borcuna görə, binaların tikintisini davam etdirə bilmədiyini iddia edir. Amma məsələ burasındadır ki, vergi öhdəliyinin icrası da şirkətin önəmli vəzifələrindən biridir.

Məsələyə münasibət bildirən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimli bu xüsusda bizimlə söhbəti zamanı bildirdi ki, layihə-smeta sənədləri qəbul edilərkən tikinti şirkətinin hesabında layihəni sona çatdırmaq üçün kifayət qədər vəsaiti olmalıdır, buna şirkətin layihə üzrə maliyyə dayanıqlığı deyilir: "Tikintiyə icazə verən müvafiq dövlət orqanı bu məsələni müəyyənləşdirməli idi. Yəqin ki, layihəni başlayanda şirkətin maliyyə dayanıqlığı olmayıb. Düşünüblər ki, pulu müştərilərdən yığmaqla layihəni yekunlaşdıra bilərlər. Sonradan isə müştərilərin ödədiyi pulu başqa xərclərə yönəldiblər, nəticədə layihə yarımçıq qalıb. Hazırda bu məsələlərə dövlət qurumları nəzarət edir. Belə yarımçıq tikililəri hökumət orqanları hərraca çıxarıb, başqa tikinti şirkətinə satmaq yolu ilə layihənin tamamlanmasını təmin edə bilər. Bu hökumətin qanuni hüququdur".

Titkintilərin müddəti ilə bağlı sualımızı cavablandıran N.İbrahimov bildirdi ki, hər bir layihənin başa çatma müddəti barədə normativlər var. Bu layihə-smeta sənədlərində qeyd edilir: "Məsələn, beşmərtəbəli binalar 5-5,5 aya, 16 mərtəbəli binalar isə 15-16 aya tikilərək bazara çıxarılmalıdır. Amma inkişaf etmiş ölkələrdə bu müddət daha qısadır. Məsələn, Çində binanın bir mərtəbəsini bir həftəyə tikə bilirlər. Yəni 50 mərtəbəli bina 50 həftəyə, yəni bir ildən tez bir müddətə tikilərək istifadəyə verilir. Azərbaycanda bunu təmin etmək üçün ölkəyə həmin texnalogiya gətirilməlidir".

 Akif Nəsirli

0.01603889465332