Qüdsi Osmanovun saxta reklamının pərdəarxası...

Qüdsi Osmanovun saxta reklamının pərdəarxası...
 



Bəlli olduğu kimi, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov son vaxtlar xüsusi olaraq reklam edilir. Bu isə səbəbsiz deyil. Paralel.az cumhuriyyet.az-a istinadla bu barədə material təqdim edir.
Məlumata görə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının “Beynəlxalq iqtisadiyyat” fakültəsinin keçmiş magistri Qüdsi Osmanovun karyerasında kəskin yüksəliş gözlənilir. O bu yaxınlarda Azərbaycan XİN-ə təyinat ala bilər. Məlumatda qeyd olunur ki, bu təyinatda Rusiya ilə yanaşı, Azərbaycan hakimiyyətində söz sahibi olan qruplaşmalardan biri, həm də etnik prinsiplər üzərində formalaşmış qrup Qüdsi Osmanovun xarici işlər nazirinin müavini təyin olunmasında maraqlıdır.
1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş Qüdsi Osmanovun demək olar ki, bütün şüurlu ömrü Rusiya ilə bağlıdır. Keçmiş SSRİ ordusunda hərbi xidmətlə yanaşı, Qüdsi Osmanov ali təhslini də Rusiya, keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərində alıb. Rəsmi tərcümeyi-halında göstərdiyi məlumata görə, əvvəlcə Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini, sonra isə Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının “Beynəlxalq iqtisadiyyat” fakültəsinin magistraturasını bitirməsi isə Qüdsi Osmanovun şimal qonşumuzun diplomatik kadrı olmasından xəbər verir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının məzunlarının Moskvanın maraqlarının əleyhinə getməsi, Rusiyanın əleyhdarına çevrilməsi hallarına faktiki olaraq rast gəlmək mümkün deyil. Məlumata görə, Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının pedaqoji heyəti məzunlarının Moskvaya xüsusi xidmət orqanlarının Andropov Akademiyasının məzunlarından daha sədaqətli olması ilə xüsusi qürur hissi keçirir və bunu vurğulamaqdan qürur duyurlar. Buna görə, Azərbaycanda bir çoxu haqlı olaraq Qüdsi Osmanovun Azərbaycanın maraqları ilə Rusiyanın maraqları toqquşan zaman Bakının maraqlarını Moskvanın maraqlarından üstün tutacağına şübhə edirlər.
Son vaxtlar Ukrayna olayları ilə bağlı səfir Qüdsi Osmanovun reklam işlərinə rəğmən onun zamanında Ukraynanın ərazi bütövlüyünə sayğısızlıq göstərməsi faktı da var. Bir müddət əvvəl Ukrayna Baş Prokurorluğu işğal edilmiş Krım Muxtar Respublikasına qanunsuz səyahət etmiş Qüdsi Osmanov barəsində araşdırma başlanılmasına qərar verib. Bu barədə Ukrayna Baş Prokurorluğu Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti tərəfindən Qanunlara riayət edilməsinə Nəzarət Departamentinin ərazi bölmələrinə və əməliyyat və istintaq fəaliyyətinə nəzarət Şöbəsinin rəisi S.Samodluçekno mətbuata məlumat verib. Həmin məlumatlara istinadən, Azərbaycanın Molodovadakı səfiri Q.Osmanovun 2019-cu ilin dekabrında Rusiya tərəfindən işğal edilmiş, Ukraynanın Krım Muxtar Respublikasına getməsi, orada qalması, V.Putinlə tədbirdə iştirak etməsi və şəkil çəkdirməsi barədə informasiya müəyyən edilib.
6 fevral 2021-ci il tarixdə Ukrayna Qarapalpaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədovun Qüdsi Osmanov barəsində, Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinə (Ukraynanın ərazi bütövlüyünə və milli suverenliyinə qəsd) uyğun olaraq araşdırma başladılması üçün Ukrayna Baş Prokuroru, xanım İ.Venediktovaya, Ukrayna Təhlükəsizlik Xidmətinin sədri İ.Bakanova, MN Baş Kəşfiyyat İdarəsinin rəisi K.Budanova və xarici işlər naziri D.Kulebaya göndərdiyi rəsmi məktublar əsasında xüsusi və məxfi araşdırma aparılmasına qərar verilib. Həmiçinin 11 fevral 2021-ci tarixdə Ukrayna Baş Prokurorluğu Krım Muxtar Respublikası Prokurorunun müavini N.Süleymanova əlavə olaraq tədqiqat aparılması üçün xüsusi təlimat da verilib.

Azərbaycanın müasir diplomatik xidmət sistemində ilk dəfə belə bir hadisə baş verir: bir ölkədəki səfir başqa ölkələrdə Azərbaycanı təmsil edən fövqəladə və səlahiyyətli səfir həmkarlarını sərt tənqid edir, üstəlik, qeyri-etik ifadələrlə onları aşağılayır. Söhbət Moldovadakı səfir Qüdsi Osmanovun təəccüb doğuran və birmənalı qarşılanmayan çıxışından gedir. Bir neçə gün əvvəl İstanbul hava limanında Ukraynadan təxliyə olunmuş həmvətənlərimizlə görüşən səfir Azərbaycanın Türkiyədəki Səfirliyində çalışanları nəzərdə tutaraq “onların hamısı öz cəzasını alacaq, dövlət heç kimi boş buraxmır, dovşanı arabayla tutur. Əgər dünən burada bir əclaf sizi qarşılasaydı, düzgün söhbət etsəydi, indi burada problem olmazdı. Xeyli adam Bakıya çatardı” deyib.
Xatırladaq ki, onun maliyyə fırıldağından tutmuş ictimai sektor təmsilçisini döyməsinə kimi qalmaqallar görünür, heç kimi narahat etmir. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun adının hallandığı ciddi qalmaqalları heç bir şərh vermədən diqqətinizə çatdırırıq: “2015-ci ildə Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışan Qüdsi Osmanov rus qızlarına “padxod etmə” görüntüləri ilə mətbuatın gündəminə gəlmişdi. İddia olunurdu ki, diplomatımız öz statusunu və missiyasını unudaraq, küçədə bir qızla tanış olmaq üçün söhbətə başlayır. Kadrlarda parkdakı skamyaların birində əyləşmiş gənc qıza yaxınlaşan Q.Osmanov onunla dil tapmağa çalışaraq, dostluq etməyə başlayır, daha sonra gəzintiyə çıxırlar. 2011-ci ilin Novruz bayramında da Sankt-Peterburqda keçirilən bayram tədbirində hər kəsi şoka salan bir hadisə baş vermişdi. Ənənəvi rəsmi açılış zamanı səhnəyə dəvət edilən Qüdsi Osmanovun çıxışı zamanı naməlum bir şəxs ayağa qalxaraq əlində tutduğu meqafonla onun çıxışına mane olmuşdu. O, yanındakı qıza işarə edərək, konsulun ona 15 yaşında olduğu vaxt təcavüz etdiyi iddiasını irəli sürmüşdü”.
Belə görünür ki, yuxarıda sadalanan məqamlar Qüdsi Osmanovun nazir müavini təyin olunmasına çalışan qruplaşmanı narahat etmir. Qüdsi Osmanovun regionçuluq prinsipləri əsasında mənsub olduğu hakimiyyət daxili qruplaşma isə özünün kadrlarını ali hakimiyətdə daha çox mövqelərə yerləşdirməkdə o qədər israrlıdır ki, kadrların Azərbaycan milli dövlətçiliyinə bağlılığının olub-olmamasına önəm vermir. Hətta bəzi siaysətçilər etnik prinsiplər əsasında formalaşan bu qruplaşmanın Azərbaycan milli dövlətçiliyi anlayışından çox uzaq olduğunu dəfələrlə bəyan ediblər.
Media üzərindən araşdırmalarımızda o da məlum oldu ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Moldovadakı səfiri Dağlıq Qarabağın erməni separatçılarını faktiki olaraq dəstəkləyib. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Rusiya siyasi elitası, Rusiya xüsusi xidmət orqanları ilə əlaqalərinin artıq sübüt edilməsinə ehtiyac yoxdur. 28 avqust-5 sentyabr 2020-ci il tarixdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “parlamentinin” sədri Artur Tovmasyan Yerevan-Moskva-Kişinyov hava yolu və Kişinyov-Tiraspol quru yolu ilə Moldova ərazisindən keçməklə, qondarma “Dağlıq Respublikasının” vəzifəli şəxsləri olan 10 nəfərlik nümayəndə heyəti ilə qondarma “Prednestrovye Moldova Respublikasına” səfər edərək 2 sentyabr, separatçı “Prednestrovyanın” müstəqillik günündə nümayişkaranə şəkildə iştirak ediblər və bunu Ermənistan, Moldova və Rusiya mətbuatında geniş yayımlayıblar. 31 avqust 2020-ci il tarixində isə qondarma “Dağlıq Qarabağ Respublikasının” qondarma “parlamentinin” sədri Artur Tovmasyan qondarma “Prednestrovye Moldova Respublikasının” prezidenti Vadim Krasnoselski ilə rəsmi olaraq görüşür, bu tədbir Moldova, Rusiya və Prednestrovye mətbuatında geniş yayımlanır. Səfər və tədbirlər birbaşa Azərbaycanın milli suverenliyinə qarşı yönəlmiş bir tədbirə çevrilir. Lakin Q.Osmanov bu səfərə məqsədyönlü şəkildə, heç bir halda mane olmur, ümumiyyətlə, Moldova Respublikası dövlət qurumları qarşısında heç bir etiraz mövqeyi sərgiləmir”.
Paralel.az

0.015147924423218