Neftçalada özbaşınalıq tüğyan edir
Ölkədə məmur özbaşınalığı barədə daimi şikayətlər səsləndirilir. Bu barədə nə qədər tədbir görülsə də, problem bitib-tükənmir. Paralel.az pia.az-a istinadla bu dəfə Neftçaladan xəbər verir.
Neftçala rayonundan gələn şikayətdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin müdiri Əlisultan Sadıxovun iş medodundan və qohumbazlığından bəhs edilir. İddialara əsasən, Biləsuvar Regional Mədəniyyət İdarəsinin müdiri Əlisultan Sadıxov Neftçala Mədəniyyət İdarəsinə əsas öz qohumlarını işə qəbul edir. Misal üçün, Neftçala Mədəniyyət və İncəsənət Sarayına Lerik rayonundan Elbrus Sadıxov adlı birini işə qəbul edib. Həmin şəxs demək olar ki, işə gəlmir, ya da ürəyi istədiyi vaxt gəlir. Onun üzərinə düşən işləri isə başqaları görür. Eyni qaydada Rəsm Qalereyasına da Əlisultan Sadıxovun Rəvan adlı qohumlarından biri təyinat alıb və həmin şəxs də işə çıxmır. Rəvanın daha çox xarici ölkələrdə olduğu qeyd edilir. Hər halda onun sosial şəbəkələrdə paylaşdığı şəkillər bundan xəbər verir. Amma buna baxmayaraq, Əlisultan Sadıxovun hər iki qohumu dövlətdən hər ay maaş alır. Şirvanlı kənd kitabxanasına isə yenə də qohumu Bəşirova Çinarəni işə qəbul edib.
Şikayətçilər prezident İlham Əliyevdən sitat gətirərək bildirirlər ki, o, dəfələrlə məmurlardan yerlibazlıq və qohumbazlıqdan uzaq durmağı tələb edib. Lakin buna baxmayaraq, Əlisultan Sadıxovun qohumbazlıqdan əl çəkməməsi onun prezidentin tapşırıq və təlimatlarına uyğun fəaliyyət göstərməməsindən xəbər verir.
Qeyd edək ki, Əlisultan Sadıxov keçmiş nazir Əbülfəs Qarayevə yaxın kadrlardan biri kimi tanınır. O, 2008-ci ildə Əbülfəs Qarayev tərəfindən Lerik Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Bir müddət sonra isə adı bir neçə qaranlıq işlərdə hallandığı üçün Lerikin icra baçısı tərəfindən vəzifədən alınıb və rayondan çıxmaq məcburiyyətində qalıb. İddilara görə, işdən çıxarılan Əlisultan Sadıxov Bakıya gəlib və hamisi Əbülfəs Qarayevdən kömək istəyib. Keçmiş nazir onun bu xahişini nəzərə alaraq Mədəniyyət Nazirliyində işə alıb. 2020-ci ildə isə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov onu Biləsuvar Regional Mədəniyyət İdarəsinin müdiri təyin edib.
Şikayətdə o da qeyd olunur ki, hazırda Neftçala Mədəniyyət və İncəsənət Sarayında və bir çox kitabxanada təmir işləri aparılır. Aparılan təmir işlərində çoxlu maliyyə pozuntularının olduğunu bildirən şikayətçilər qeyd edirlər ki, alınan mal və materialların qiymətləri şişirdilir. Bunu təsdiq etmək üçünsə Maliyyə Nazirliyinin Regional İdarədə yoxlama aparması yetərlidir. Bütün bu maliyyə pozuntuları və mənimsəmə hallarının isə birbaşa Əlisultan Sadıxovun tapşırığı ilə həyata keçirildiyi vurğulanır.
Materialda qeyd edilənlərlə bağlı qarşı tərəf də öz mövqeyini söyləyə bilər.
Paralel.az