5 saniyəyə satılan 500 mənzil
Kasıblar niyə mənzil ala bilmir?
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda yaşayan 10 milyondan çox insanın 1,5-2 milyonunun mənzilə ehtiyacı var. Müstəqillik əldə etdiyimiz onilliklər ərzində bu problemin həlli üçün bir çox cəhdlər edilsə də, problem öz həllini tapmadı. Bunun bir səbəbi də odur ki, hazırda insanlardan harada yaşadıqları barədə heç kim məlumat tələb etmir. Bir çoxları isə pasportunda qeyd olunan ünvanın harada yerləşdiyini belə, doğru -dürüst bilmir.
Hazırda insanlar müstəqildirlər və heç bir qeydiyyat və ünvan olmadan belə, yaşaya bilirlər.
Amma bir həqiqəti bilməyimiz lazım, hər bir canlının sığındığı bir yuvası olduğu kimi, hər bir insanın da, bir evi, mənzili olmalıdır. Azərbaycanın Konstitusiyası da vətəndaşların yaşamaq, ev, mənzil sahibi olmaq hüququnu tanıyır.
Bununla belə, hazırda Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin sosial durumu elə bir vəziyyətdədir ki, onlar özlərinin maddi durumları ilə mənzil sahibi olmaq imkanında deyillər.
Hökumətin bu istiqamətdə həyata keçirdiyi layihələr isə bir çox hallarda kasıblar üçün əlçatmaz olur. Kasıb təbəqəyə mənsub insanlar müxtəlif kreditlər yolu ilə verilən mənzilləri də ala bilmirlər. Çünki tətbiq olunan qaydalar buna imkan vermir. Bu səbəbdən pulu, imkanı olan bir neçə mənzil alır, kasıb isə yenə də həmin o imkanlının evində kirayədə qalmaqla, qazandığının böyük hissəsini ona ödəmək məcburiyətindədir. Beləliklə, varlı daha da varlanır, kasıb isə sözün bütün mənasında küçədə qalır.
Hökumətimiz son illər bu sahədə müəyyən işlər görməklə vəziyyətdən çıxmağa çalışsa da, durum olduğu kimi qalır.
Mən bir müddət əvvəl apardığım araşdırmalarımda vəziyyətdən çıxmağın müəyyən yollarını göstərmişdim. Görünür, bizim həşəmətli möhtərəmlərimiz kasıbların yazdıqlarını da oxumadıqlarından, yaxud da bu təkliflərin onları qane etməməsi səbəbindən qulaqardına vurublar.
Mənə belə gəlir ki, Azərbaycan hökuməti doğrudan da insanları mənzillərlə təmin etmək istəyirsə, o zaman sovet mənzil təminatı formasından istifadə etməlidir. Birincisi, hökumət bütün iri müəssisələrə yardım etməlidir ki, onlar öz əməkdaşları üçün mənzillər tiksinlər. Bunun üçün torpaq sahəsini isə dövlət onlara güzəştli şərtlərlə satmalıdır ki, onlar bu layihənin gerçəkləşməsində maraqlı olsunlar.
Yaxud da, dövlət özü bütün rayonlarda vətəndaşların kasıb təbəqəsi üçün sosial evlər inşa etməlidir və həmin evlərin idarəçiliyi icra hakimiyyətlərinə yox, bələdiyyələrə həvalə olunmalıdır. Mənzillər vətəndaşlara orderlə və uzun müddətə kirayəyə verilməli, onlardan heç bir ilkin ödəniş tələb olunmamalıdır. Kirayə haqqı kirayəşinin gəlirinin 30 faizindən çox olmamalıdır. Əgər vətəndaşın imkanı varsa, hər ay məcburi ödənişdən əlavə istədiyi məbləği ödəyərək, mənzilə daha tez sahib olmaq imkanı əldə edə bilər.
Amma vətəndaşlar heç bir halda zorla pul ödəməyə məcbur edilə, yaxud da evindən çıxarıla bilməz. Mənzilin ödənişi tam bitənə qədər isə mənzil dövlət əmlakı olaraq qalır. Bu yolla həm də gənclərin mənzil problemini həll etmək mümkündür. Məlumdur ki, hazırda gənclərin böyük əksəriyyəti, məhz iş yerinin və mənzilinin olmaması səbəbindən vətəni tərk etmək məcburiyyətində qalır və əcnəbi məmləkətlərə üz tutur.
Biz sovet rejimini qəbul etməyə, hətta ona nifrət də edə bilirik. Amma nə üçün onun bizə də sərf edən qayda və formalarından istifadə etməyək?
Məncə, bu işə həm də ev almaq istəyən işsiz gəncləri cəlb etmək olar. Belə olduğu təqdirdə dövlətin tikdiyi sosial evlər, hazırda tikinti mafiyasının tikdiyi evlərdən daha ucuz başa gələr.
Sadə bir misal: təxminən 10-12 il əvvəl işlədiyim yerin yaxınlığında hündürmərtəbəli bina inşa olunurdu, orada çalışan iş icraçısı ilə münasibət qurub öyrəndim ki, vətəndaşlara kv/m 850 manata təklif olunan mənzillərin, əslində bir kv/m tikinti şirkətinə 75-80 manata başa gəlir. Burada tətbiq olunan rüşvət mexanizmini də nəzərə alsaq mənzillərin qiməti 2 dəfə artır, yəni 150-160 manata çıxır. Qalan pullar isə işbazların cibinə gedir.
Bax belə. Bu gün deyək ki, bütün tikinti materiallarının qiyməti qalxıb, amma dövlət xətti ilə tikilən sosial binalardan rüşvət tələb olunacağına inanmaq istəmirəm və bu səbəbdən də evlər xeyli ucuz başa gələcək. Ona görə də bu evləri vətəndaşların imkanlarına uyğun qimətə onlara təklif etmək mümkün olacaq ki, onlar həmin məbləği qısa vaxta ödəyə bilsinlər.
Məndən təklif etmək, qalanın qananlar eləsin.
P.S. 500 mənzilin 5 saniyəyə satılması məsələsinə gəldikdə isə niyə də olmasın? Burada qəribə nə var ki, ölkədə 5-6 faiz işsizliyin olduğu iddia olunan yerdə işləyənlərin sayı cəmi 1, 5 milyon nəfərdirsə, burada hər şey ola bilər, burası Azərbaycan, millət!
Yusif Seyid