Naxçıvanda maşın ustalarını “NAZ-Lifan”da işləməyə məcbur edirlər
Ölkədə sosial problemlərlə bağlı yenə də rəngarəng gündəm yaşanır. Bu dəfə xəbər Naxçıvandan gəlib. Xəbərə görə, orada şəxsi avtomobil təmiri emalatxanası və yağdəyişmə servislərinin fəaliyyətinə qadağa qoyulub. Sahibkarlardan tələb olunur ki, öz məkanlarını bağlayıb, bir müddət öncə açılmış "NAZ- Lifan" servislərində yer kirayələsinlər, yaxud da burada aşağı maaşa işləsinlər. Paralel.az Yeniavaz.com-a istinadla bu barədə məlumatı xəbər verir.
Xəbərə görə, bu haqda "Gündəlik Naxçıvan"a sahibkarların özü məlumat verib. Onlar deyib ki, servisdə kirayə haqqı həddən artıq baha olduğundan, ora köçmək sərf eləmir.
Şərur rayon sakini Sevindik Quliyevin sözlərinə görə, 35 ildir öz məkanında avtomobillərin yağını dəyişməklə dolanışığını təmin edib. Bir müddət öncə isə rayon icra hakimiyyətindən gəlib, ondan buranı bağlamağı tələb ediblər:
"İcra başçısının müavini İmran Həsənov dedi ki, yuxarıdan tapşırıq var, bütün avtomobil təmiri və yağdəyişmə məkanları "NAZ - Lifan" servisinə köçürülməlidir. Aylıq kirayə pulu 700 manatdır. Dedim ki, mən yağ dəyişirəm, bir ayda sən dediyin məbləğin yarısını ancaq qazanıram, o qədər pulu necə verim? Dedi ki, bizə dəxli yoxdur, yerin bağlanmalıdır. İndi bir aydan çoxdur işsizəm, çörəkpulum əldən çıxıb, evdə uşaqların üzünə baxa bilmirəm. "NAZ - Lifan" servisləri bir neçə ildir yaranıb. Çox baha iş görürlər deyə, müştəriləri yox idi. İndi bütün başqa şəxsi servislər bağlamaqla hamını məcbur edirlər ki, təmir üçün ora getsinlər".
Təhlükəsizlyinə görə adının çəkilməsini istəməyən digər Naxçıvan sakini də bənzər problemlə üzləşdiyini deyir: “25 ildən çoxdur öz məkanımda avtomobil təmir edirəm. İndi gəlib deyirlər, bağlamalısan. Əlimdən başqa iş gəlmir, necə dolanmalıyam? Deyirlər, gəl "NAZ-Lifan" servislərində 300 manat maaşa, gündə 10-12 saat işlə. Mən sənətkar adamam. Elə olub ki, 300 manatı öz yerimdə bir günə qazanmışam. İndi məni istismar eləmək istəyirlər. Hər yeri tutublar, gözləri doymur. İndi biz yazıq ustaların qazancına göz dikiblər. Bizim çörəyimizi göz dikən "NAZ-Lifan"dı".
Bir müddətdir ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) muxtar respublikadakı rayon, qəsəbə və kəndlərdə "NAZ - Lifan" texniki servis mərkəzləri açmağa başlayıb. Naxçıvan şəhərində yerləşən zavod 2010-cu ildən bəri eyni adlı müxtəlif avtomobil markaları istehsal edir. "NAZ - Lifan" brendinin rəsmi nümayəndəsi "Cahan Motors", "Cahan Holdinq" Şirkətlər İttifaqına daxildir. "Cahan Holdinq"in isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərinin nəzarəti altında olduğu iddia edilir.
Paralel.az