Göyçay kollecində əsas meyar təhsil deyil, rüşvətdir

Göyçay kollecində əsas meyar təhsil deyil, rüşvətdir
 




Ucar rayonu H.Əliyev prospekti ev 136 sakini Şirinov Raqif Ayaz oğlu tərəfindən ölkər rəhbərliyinə müraciət ünvanlanıb. Paralel.az bir nüsxəsi DİA.AZ-a daxil olan müraciəti təqdim edir: “Mənim müraciətim mətbuat vasitəsi ilə birbaşa təhsil naziri cənab Emin Əmrullayevədir.
Cənab Nazir, sizə müraciət etməkdə məqsədim Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində oxuyan yaxın qohumumla bağlıdır.
Çünki burdakı atmosfer mənə də tanışdır. Bir müddət seyrçi qalmaq istəsəm də vicdanım buna yol vermədi. Hər halda, yüzlərlə tələbənin oxuduğu kollecdə yaşananlar ictimailəşdirilməlidir ki, bu halların qarşısı alınsın.
Mənim qohumum Sevinc bu kollecdə təhsil alır. Atası rəhmətə getdiyi və qardaşı olmadığı üçün onların bütün işlərinin arxasınca mən gedirəm. Qış imtahan semestrində bu təhsil ocağına gedəndən sonra çox məyus oldum. Bibim qızı həm orta məktəbdə, həmdə kollecdə daim dərslərinə məsuliyyətlə yanaşıb, ona xüsusi diqqət verib. Kollecdə də öz biliyi hesabına imtahanlardan keçib. Amma bu il aldığı təqaüdü kəsiblər. Məsələni aydınlaşdırmaq üçün kollecə gedib direktor İrşad Abbasovla görüşdüm. Gəlişimi bilənə qədər hörmət nümayiş etdirən direktor gəlişimin məqsədini biləndən sonar səsini ucaltdı. Mən ona qohumumun hansı imtahandan kəsildiyini və imtahan nəticələrini istədim. Çox danışıqdan sonra, nəhayət, Kamilə müəlliməni (əyani şöbə müdiri) cağırtdırıb tələbənin ad-familiyasını verdi. Qısa zamandan sonar Kamilə müəllimə gəlib qohumumun bir fənndən qiymət almadığını, birindən isə aşağı qiymət aldığını dedi. Mən yenə bu vərəqləri görmək istəməyimi desəm də, direktor imtina etdi. Artıq vəziyyət mənə aydın olduğu üçün ordan çıxdım. Bundan sonra direktor, müavini, şöbə müdiri mənə heç bir izahat vermədi. Yalnız uşaq başı aldadan ümumi sözlər. Öyrəndiklərimdən məlum oldu ki, imthanlarda heç də bilik maraqlı deyil. Əsas amil rüşvətdir. Yəni deyilən qədər direktor İrşad Abbasov, müavini Şahin Əliyev, həmçinin, əyani şöbə müdiri Kamilə Həmidovanın imtahanlara görə öz kriteriyaları var və onlar tələbələrə imtahanlara görə haqq kəsiblər. Burda da xüsusi qaydalar var. Sadəcə, imtahandan keçmək bir qiymət, təqaüdə düşmək tamam başqa qiymətdir. Təqaüd almaq istəyənin də əlaçı olmaqla bağlı arzusu ən azı 400-500 manata başa gəlir. Burda tələbənin savadı rol oynamır. Sanki hansısa idarədə dövlət rüsumu təyin edilib. Hər işin öz qiyməti var. Əlaçı olmaq bir qiymətə, sadə təqaüd başqa qiymətədir. Hələ deyilən qədər adın orda olub, evdə ola-ola direktorun haqqını çatdırırsansa, kollecə getməyə bilərsən. Bunun da öz qiyməti var. Deyilən qədər, aylığın xərci 200-350 man. arası dəyişir. Hələ pulun yoxdursa, təqaüd kartını təhvil verib razılaşa bilərsən.

Bu baş verənlər tələbələri təhsildən soyudub. Sonunda rüşvət hesabına qiymət almaq düşüncəsi olduğu üçün təhsilin keyfiyyəti də aşağı düşüb. Ona görə də oxuyan tələbələrin sayı günü-gündən azalır. Oxuyan tələbələr də mənim qohumum kimi haqsızlıqla üzləşir. Bu məsələlərlə bağlı araşdırma apararkən kifayət qədər valideyn və tələbənin də bu durumdan narazı qaldığının şahidi oldum. İnsaf naminə deyə bilərəm ki, burda öz sahəsini bilən çoxlu sayda müəllimlər tanıyıram. Əksəriyyəti də öz işinə məsuliyyətlə yanaşır. Kollec rəhbərliyinin rüşvət atmosferi yaratmağı onları da narahat edir. Sadəcə, danışdığım müəllimlər direktora və onun rüşvət ortaqlarına nazirlik səviyyəsində “dur deyən tapılmalıdır” deyərək, fikir bildirdilər.
Əldə etdiyim bir məlumat da bu oldu ki, direktorun oğlu Orxan Abbasov Təhsil Nazirliyində mühüm vəzifə tutur. Açığı, bunu eşidəndə təəccübümü gizlədə bilmədim. Ata-babadan gördüyümüz bu olub ki, ata oğluna örnək olar. Amma bir ata rüşvətxordusa, oğul ondan nə örnək götürər?! Əgər oğul da ona oxşayarsa, vay o nazirliyin halına.
Cənab nazir, biz dövlətimizin təhsilə xüsusi önəm verdiyini, bu sahəyə böyük vəsait xərcləndiyini görürük. Yeni açılan məktəb və təhsil ocaqları, yüksək səviyyəli infrastruktur buna bir misaldır. Lakin İrşad Abbasov kimi direktorlar və onları rüşvətə görə himayə edənlər bu cür hallarla təhsilə kölgə salır, onun nüfuzuna xələl gətirirlər. Hər halda baş verənləri araşdırıb hüquqi qiymət vermək sizə qalır. İnanıram ki, bu məsələyə ciddi yanaşacaq və nəzarətə götürəcəksiniz".
Paralel.az

0.01695704460144