Beyləqan mərkəzi xəstəxanası “alver yuvasına” çevrilib
Xanım Bəşirovanın Xocavənd və Beyləqan xəstəxanalarına işə götürülümə “əməliyyatından” 500 min manat gəlir əldə etdiyi iddia olunur
Bir neçə gün öncə ölkə mətbuatında Beyləqan rayon Mərkəzi Xəstəxanasına adı saxta sənəd qalmaqallarında hallanan 37 saylı TSEK müdiri Leylan Nəsirovanın baş həkim təyin edilməsi xəbəri yayıldı. Həmin xəbərdə bildirilirdi ki, Beyləqan rayon sakilərinin iddiasına görə Leylan Nəsirova baş həkim təyin edilməsi üçün 60 min manat xərc çəkib. Leylan Nəsirovanın baş həkim təyin edilməsini isə Beyləqan mərkəzi xəstəxanasının direktoru Nürəngiz Bəşirovanın təşkil etdiyi qeyd edilirdi.
Beyləqan mərkəzi xəstəxanasında baş verənlərlə bağlı sosial şəbəkə iştirakçısı olan rayon sakinləri xeyli ilginc iddialar səsləndiriblər.
Paralel.az Xəbəral.az saytına istinadən bildirir ki, rayon sakinlərinin iddialarına görə Beyləqan mərkəzi xəstəxanası sözü həqiqi mənasında “alver yuvasına” çevrilib. Belə ki, mərkəzi xəstəxanaya işə götürülən yeni işçilərin əksəriyyətinin tibb sahəsindən ümumiyyətcə anlayışları yoxdur.
Nürəngiz Bəşirovanın işə götürdüyü feldşerlər, tibb bacıları və digər işçilər vaxtı ilə rayon bazarında, dükanlarında, salonlarında, çörək sexlərində, kamxozda, və sair yerlərdə işləyənlər olublar. Yəni Beyləqan bazarındakı alverçilərin yeni məskəni Mərkəzi Xəstəxana olub.
Mərkəzi xəstəxananın təcili tibbi yardım xidmətində artıq dərmanlar yoxdu, həkimlər çıxılmaz vəziyyətdə qalıblar. Rayon sakinləri qeyd edirlər ki, Nürəngiz Bəşirova direktor təyin edildikdən sonra 8 ay müddətində Mərkəzi Xəstəxanada ciddi nizam intizam yarandı və hər kəs bu mənzərədən razı idi. Ancaq son altı ayda hər şey birdə birə dəyişdi və Mərkəzi Xəstəxana “bazara” çevrildi.
Sosial şəbəkədə yayılan digər məlumatlarda isə Nürəngiz Bəşirovanın Xocavənd və Beyləqan Mərkəzi Xəstəxanalarına işçi götürülməsi əməliyyatından 500 min manata yaxın gəlir əldə etdiyi qeyd edilib. Məlumatda həmçinin qeyd edilir ki, Beyləqan mərkəzi xəstəxanasında bütün bu baş verənlərdən TƏBİB-in yeni sədri Vüqar Qurbanovun xəbəri olmasada, qurumda yüksək vəzifədə işləyən bəzi şəxslər Nürəngiz Bəşirovaya himayədarlıq edirlər.
Qeyd edək ki, Xəbəral.az-a daxil olan məlumata görə hazırda TƏBİB Beyləqan mərkəzi xəstəxanasında yoxlama aparır.
Beyləqan mərkəzi xəstəxanası ilə bağlı saytımıza göndərilən və sosial şəbəkədə yayılan digər ilginc məlumatları araşdırdıqdan sonra oxucularımıza çatdıracağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Paralel.az