Dünyanın ən varlı və ən kasıb ölkəsi
Siyasi təhlil
Düşünürəm ki, Venesuela dünyanın ən varlı və ən kasıb ölkəsidir. Heyrətlənirəm ki, bir zaman çiçəklənən, sürətlə inkişaf edən, firavan həyata köklənən bu Cənubi Amerika ölkəsi indi bu qədər ağır vəziyyətdədir. İqtisadi və siyasi böhranlar dövləti silkələyir, sosial partlayışlar hökuməti dağıdır, ölkənin milli valyutası və xalqın sosial rifahı sürətlə uçuruma yuvarlanır.
Nə olmuşdur, nə baş verir? Axı, Venesuela böyük, varlı ölkədir, 1 milyon kvadrat kilometr ərazisi, 30 milyondan çox əhalisi var. Dünyanın ən zəngin neft ölkəsidir, bu ölkənin neft sərvətləri Səudiyyə Ərəbistanından xeyli zəngindir, ümumilikdə isə İranın və Rusiyanın cəmi neft ehtiyatları qədərdir. Aydınlıq hasil olsun deyə deyim ki, Venesuelanın neft ehtiyatları 300 milyard barrel civarındadır, bizim neft-qaz ölkəsi olan Azərbaycandan az qala,100 dəfə çoxdur.
Təbiətinə görə də, Venesuela dünyanın ən gözəl, ən zəngin ölkəsidir. Aşağıda mən Venesuelada yerləşən Angel şəlaləsinin görüntülərini paylaşmışam. Təsəvvür edin ki, belə şəlalələrdən Venesuelada onlarladır, sadəcə olaraq, Angel dünyada ən hündür şəlalədir. Hardasa 1 kilometr hündürlükdən tökülür. su gəlib yerə çatmır, təbii duş şəklində bir neçə kilometr radiusunda ətrafa yayılır. Şəlalər təbii ki, zəngin Venesuela təbiətinin onlarla möcüzəsindən biridir, olsun ki, birincisidir. İndi görün turist cəlb etmək, dünyanın yarısını Venesuelaya gətirmək üçün nə qədər imkanlar var... Amma ölkənin milli valyutası və xalqın sosial rifahı sürətlə uçuruma yuvarlanır...
Təbii ki, oxucuları səbəblər maraqlandırır: Necə olur ki, təbii ehtiyatlarına görə dünyanın ən zəngin ölkəsi iqtisadi imkanlarına görə ən kasıb ölkəsi səviyyəsinə düşür?! Bu zəngin ölkənin Çaves adlı “qırmızı köynək” bir başçısı vardı, Hitler kimi bu da hakimiyyətə demokratik seçkilər yolu ilə gəlmişdi. Elə Hitler kimi avtoritar lider oldu, ölkənin qəsdinə durdu, neftin qiymətinin fantan vurduğu dövrlərdə (2010 - 2014) Venesuelanı "neft iynəsi"nə oturtdu. Yəni nefti satdı, büdcəni doldurdu, yarısını da oğurladı. Sənaye, kənd təsərrüfatı və turizm sahələri taleyin öhdəsinə buraxıldı, tamam dağıdıldı. Yüngül neft pullarından harınlaşan Çaves bütün dünyaya meydan oxumağa, Amerika, Avropa liderlırinə sataşmağa başladı. Deyilənə görə, İsveçrə banklarında, afşor hesablarda bu adamın 100 milyardlarla dollar pulu vardı... Dünya bazarında neftin qiymətlərinin düşməsi ilə Venesuelanın və Çavesin qürubu başladı...
Deyirlər Allah da əlində daşları daim yığıb saxlamır, arabir pis adamların başına salır. 2013-cü ildə bu daşların biri də Çavesin başına düşdü... Amma artıq gec idi, zəngin və varlı bir ölkənin siyasi, iqtisadi sistemi tamam məhv edilmişdi, ölkə uçurumun dibində idi... Çavesin cəhənnəmə vasil olmasından sonra siyasi rəhbərliyi bir vaxtlar onun köməkçisi işləmiş Maduro adlı bir tip ələ keçirdi. Pisin daha pislə əvəz olunmasından artıq 10 il keçir, amma Venesuelada bu gün də vətəndaş müharibəsi gedir, əhali aclıq və səfalət içindədir... İndi görün şəxsiyyət nəyə qadirdir, o, çiçəklənən bir ölkəni məhv edə də bilər, məhv olmaqda olan ölkəni xilas edə, çiçəkləndirə də bilər. Bəli, tarixdə şəxsiyyətin rolu böyükdür...
Qalib ARİF
Paralel.az