İcra Hakimiyyətinin yarımçıq açıqlamasını kimlər tamamlamalıdır?

İcra Hakimiyyətinin yarımçıq açıqlamasını kimlər tamamlamalıdır?
 

Paytaxt ərazisində baş verən bütün yenidənqurma, təmir-tikinti və abadlaşdırma işlərinə Bakı şəhər İcra Hakimiyyəti cavabdeh olduğu kimi, aparılan bütün digər təyinatlı işlərə də sözügedən qurum birbaşa məsuliyyət daşıyır.

Hələ mart ayının əvvəllərində Xətai rayon ərazisində, Gəncə prospektində yaşıllıqları məhv edərək qanunsuz qeyri yaşayış obyektinin tikintisinin aparılması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, sözügedən ərazidə Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranının yanındakı obyektin tikintisinə bir-neçə ay öncə başlanılmış və hazırda da davam etdirilir. Əvvəlki yazıda da qeyd etdiyimiz kimi ötən ilin avqust ayında Prezident İlham Əliyev Xətai rayon ərazisində, Ukraina dairəsinin yaxınlığında yeni ASAN xidmətin açılışını etdi. Həmin ASAN xidmətin yaxınlığındakı, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibi sanki dövlət başçısının buraya gəlib, getməsini gözləyirmiş. Göstərdiyimiz ünvanda yeni ASAN xidmətin açılışından bir qədər sonra “El Chacho” restoranın ətrafında ağaclar yavaş-yavaş seyrəlməyə başlayır. Məlum olur ki, seyrələn ağacların yerində “El Chacho” restoranın sahibi əlavə qeyri-yaşayış obyekti tikmək istəyir. Qeyd edək ki, ərazidə tikilmiş və yavaş-yavaş genişlənən restoran daha əvvəllər də yaşıllıqlarin məhv edilməsi hesabına inşa edilib. O dovrün peyk şəkillərinə baxılsa həmin yaşıllıqda necə illik şam ağaclarının məhv edildiyi aşkar olunar.

Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də mart ayının əvvəllərində sözügedən ərazidən çəkilib. Şəkillərdən də görsəndiyi kimi, ərazidə xeyli sayda şam ağacı kəsilib, yerində yeni obyekt tikilir. Avtobus dayanacağının arxasında aparılan bu obyektin tikintisinə rəyi kimin verməsi və memarlıq normalarına uyğun aparılması barədə qaldırdığımız suallara nəhayət cavab verildi. Amma birbaşa aidiyyatı olan orqanlar, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və  Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deyil, Xətai rayon İcra Hakimiyyəti tərəfindən.

Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsindən redakiyaya verilən cavab məktubunda deyilir. “Məlumat üçün bildiririk ki, sözügedən ictimai iaşə obyekti Xətai rayon İcra Hakimiyyəti başçısının 29.01.2015-ci il tarixli, 24 saylı sərəncamı ilə 2 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir.

Obyektlə bağlı müvafiq orqanların (AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət  Agentliyinin “AZƏRDÖVLƏTLAYİHƏ” Dövlət Baş Layihə İnstitutunun Mühəndis-Geoloji Mərkəzinin 30 oktyabr 2014-cü il tarixli, həmin agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 23.06.2016-cı il tarixli ,  AR FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 18 noyabr 2015-ci il tarixli, AR Təbii Sərvətlər və Ekologiya Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 17.06.2016-cı il tarixli rəyləri mövcuddur.
Həmin obyektin tikintisinə 2015-ci ildə başlanılmış, 2017-ci ildə isə başa çatmışdır. 2018-ci ildən etibarən ictimai – iaşə obyekti kimi fəaliyyət göstərir.”

Elə buradan da məlum olur ki, obyektin tikintisinə 2015-ci ildə başlanımış, 2017-ci ildə isə başa çatmışdır. 2018-ci ildən ictimai – iaşə obyekti kimi fəaliyyət göstərir. Yəni, Xətai rayon icra Hakimiyyətinin rəsmiləri bununla onu  demək istəyirlər ki, ərazidə tikinti işlərinin aparılmasına hazırki vəzifəli şəxslər icazə verməyiblər. Bu Xətai rayon icra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədov, Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov və digər səlahiyyətli şəxslərin günahıdır. Bunlar aydın məsələdir.

Aydın olmayan odur ki, biz yazıda hazırda yaşıllıqların məhv edilərək yerində aparılan yeni obyektin tikintisindən bəhs edirik. Amma Xətai rayon icra Hakimiyyətinin rəsmiləri bizə obyektin 2018-ci ildən etibarən ictimai – iaşə obyekti kimi fəaliyyət göstərdiyini bildirir. Biz bunları bilirik. “El Chacho” restoranının orada nə vaxtdan fəaliyyətə başlaması barədə təxmini məlumatlarımız var. Hətta Xətai rayon icra Hakimiyyətinin bir neçə işçisininin buranın daimi qonaqları olduğundan da xəbərimiz var. Bir sözlə, restoranın Xətai rayon icra Hakimiyyəti işçilərinin istirahət yeri olduğu gün kimi aydındır. Ona görə də yarımçıq bir açıqlama verməklə kifayətlənmək istəyirlər. Əsas açıqlamanı kimlər verməlidir?

Əsas məsələ hazırda ərazidə aparılan tikintinin memarlıq normalarına uyğun olmasıdırmı? Buna da ilk növbədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aydınlıq gətirməlidir. Ötən yazıda da qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev  8 yanvar 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi qəbul edərkən bildirmişdi ki,  “Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir.” 

Amma göründüyü kimi tikilir. Buna da ölkə başçısının etimad göstərdiyi şəxslər rəvac verir. Yuxarıda diqqətinizə çatdırdığımız şəkillərdən də görsəndiyi kimi, ərazidə xeyli şam ağacları kəsilib, yaşıllıq məhv edilib. Yerində isə heç bir  memarlıq normalarına uyğun olmayan obyekt tikilir. Hesab edirik ki, bu məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də aydınlıq gətirməlidir. Buna Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi də aydınlıq gətirməlidi ki, ərazıdə onlarla şam ağacı hansı əsaslarla kəsilib?

Daha sonra isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətliləri sözügedən ərazidə aparılan tikintinin Bakı şəhərinin Baş planına uyğun olaraq aparıldığını, şəhərsalma qaydalarının pozulmadığını əsaslandırmalıdır.

(Mənbə: Aktualinfo.org)

Paralel.az

0.021064043045044