Zərdab rayon Elektrik Şəbəkəsinin əməkdaşları ölkə rəhbərinin verdiyi tapşırıqları qulaqardına vurur

Zərdab rayon Elektrik Şəbəkəsinin əməkdaşları ölkə rəhbərinin verdiyi tapşırıqları qulaqardına vurur
 

Zərdab rayonu, Alıcanlı kənd sakini İsmayılov Fazil Hafiz oğlu, ölkə rəhbəri İlham Əliyev cənablarına şikayət ərizəsi yazıb. Adı çəkilən bu şəxs ünvanladığı ərizəsində qeyd edir: “2011-ci ildə Zərdab rayonunun “Yeni qəsəbə” adlanan ərazisində qanuni sənədləşmə işlərini həyata keçirib, oğlum üçün fərdi yaşayış evi tikdim. 2012-ci ildə qeyd olunan ərazidə lazımi tələblərə əməl etmək şərtilə, 35kvt-luq yüksək gərginlikli eliktrik dayağı quraşdırıldı.

Az sonra oğlum üçün inşa etdiyim fərdi yaşayış evinin sağ və sol hissələrində yaşayan qonşuların hər birinin evinə elektrik sayğacları quraşdırıldı. Hətta, 35kvt-luq yüksək gərginlikli eliktrik dayağının alt hissəsində yerləşən evə elektrik xətti də çəkildi. Bütün bunara baxmayaraq, oğlum üçün inşa etdiyim fərdi yaşayış evinə bu gün də elektrik sayğacı quraşdırmırlar. Elə ki, qarşı tərəfdən problemin mahiyyətinin nədən ibarət olduğunu soruşuram, o halda “sizin inşa etdiyiniz fərdi yaşayış evinə sayğac quraşdırılmasına icazə yoxdur” deyə cavab verirlər.

Mən belə bir cavabı anlamadığımdan, yaşanan problemlə bağlı bugünə kimi Azərbaycan Respublikasının Energetika Nazirliyinə, “Azərişıq” ASC-nə, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinə, Zərdab RİH-nə, Zərdab rayon Elektrik Şəbəkəsinə və s. kimi dövlət qurumlarına rəsmi qaydada müraciətlər etsəm də, hələ də heç bir nəticə yoxdur. Buna da əsas səbəb, Zərdab rayon Elektrik Şəbəkəsi əməkdaşlarının məndən 1000 manat pul tələb etmələridir. Qeyd edim ki, mən imkansız şəxsəm və pulum olmadığına görə oğlum üçün inşa etdiyim fərdi yaşayış evinə sayğac quraşdırmırlar. Ona görə də bu gün olmazın hoqqalarla da üz-üzə qalmışıq. O halda sual oluna bilər ki, hansı səbəbdən oğluma tikdiyim fərdi yaşayış evinin sağ və sol hissələrindəki evlərin hər birinə elektrik sayğacı quraşdırılır, bizə gəldikdə isə “sizə icazə yoxdur” deyə cavab verirlər. Təəccüblü haldır ki, 2011-ci ildə oğluma ev tiksəm də, bu gün də o, həyat yoldaşı və iki yaşlı övladı ilə kirayədə yaşamaqda davam edir.

Mən heç cür anlaya bilmirəm ki, bir tərəfdən ölkə rəhbəri İlham Əliyev cənabları hər bir vəzifə sahibinə lazımi tapşırığını verir, sakinləri incidən, getgələ salan, büdcə vəsaitlərini mənimsəyən və s. kimi qanunsuzluqlara qol qoyan vəzifə sahiblərinin həbs olunmaları həyata keçirilir, Zərdab rayon Elektrik Şəbəkəsinin əməkdaşları isə, bu gün də “at oynatmaq”da davam edirlər. Bu da onu sübut edir ki, adı çəkilən qurumun əməkdaşları ölkə rəhbərinin verdiyi tapşırıqları qulaqardına vurub, heç bir halda “priznavat” etmirlər”.

Bəli, bir media qurumu olaraq yaşananları təhlil edib belə bir nəticəyə gəlirik ki, Zərdab rayon Elektrik Şəbəkəsi əməkdaşlarının Alıcanlı kənd sakini Fazil İsmayılova qarşı atdıqları addımlar hüquqazidd addımlardır, vətəndaş hüquqlarının tapdaqlar altına atılmasıdır, ölkə rəhbərinin etdiyi çağırışlara məhəl qoyulmamasıdır. Məqalədə adı keçən tərəfləri dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.
Mənbə: xəbərfakt.az
Paralel.az

0.05620813369751