Ramazan orucu Allahın tərbiyə proqramıdır - V yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - V yazı
 


Siracəddin Hacı:
Allahın tərbiyə proqramlarından birinin də adı Orucdur. Oruc adlı tərbiyə (ağlı, vicdanı, iradəni inşa) proqramının içində bu dəyərlər var:
-   oruc proqramı İLLİK MAYADIR, bir insan orucu onun haqqını verərək tutsa: ağlı ilə oruc tutsa – ağılın oruc tutması doğru düşünməsi, elm yeməsi, həqiqəti kəşf etməsi, həqiqətə təslim olmasıdır, qəlbi ilə oruc tutsa – qəlbin orucu iman etməsidir, iman qəlbin doymasıdır, qəlb “iman yeyəndə” oruc tutur, vicdanı oruc tutsa – vicdanın orucu sevgi, mərhəmət, şəfqət yeməsidir, iradəsi oruc tutsa – iradənin orucu doğrunu seçməsidir, bədəni oruc tutsa – orucluq dönəmində yeməsə, içməsə, cinsi münasibətdə olmasa, gözü oruc tutsa – harama baxmasa, qulağı oruc tutsa – mənasız, məqsədsiz sözlərə qulaq asmasa, dili oruc tutsa – haram yeməsə, yalan danışmasa – bunlar orucu haqqını verərək tutmaqdır, bu biçimdə oruc tutmaq insanın illik mayası olar, bərəkəti il boyu davam edər, onu bütün pisliklərdən qoruyar, illik mayalar – oruclar axirət azuqəsinə çevrilər;
-   oruc bir İDARƏETMƏ PROQRAMIDIR, insana ağlını, qəlbini, vicdanını, iradəsini, duyğularını, nəfsini, sözünü, gözünü, qulağını, işini, evini, ailəsini, ölkəsini, işçilərini, tələbələrini ... idarə etməyi öyrədir, deyir ki, duyğularını ağlına, ağlını da vəhyə - Allaha bağla, ağlını, iradəni, vicdan və qəlbini heç nəyə, heç kimə kirayə vermə, idarə etməyi bilsən, azad, bilməsən, kölə olacaqsan;
-   Ramazan ayında həm QURANİ-KƏRİM nazil olmağa başlamış, həm də ALLAH RƏSULUNA – son elçiyə elçilik vəzifəsi verilmişdir;
ALLAH Bəqərə surəsinin 183-cü ayəsində buyurur ki, oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı. Ayədəki sözlərin məna yüklərini bir-bir şərh edək:
“ORUC” sözü ərəbcə deyil, Qurani-Kərimin mətnində də yoxdur, “oruc” sözü farscadır (İslam Azərbaycana Xorasan yolu ilə gəldiyindən Qurani-Kərimə aid bir sıra terminlər farslaşmışdır, məsələn: namaz, dəstəmaz, oruc...), “gün” anlamını daşıyan “ruz” sözünə “e” şəkilçisi artırılaraq “ruze” qəlibi düzəldilmiş (“günlük”, “gün-gün tutulan”), sonra “ruze” sözü “oruze”, “oruc” biçimində türkcələşmişdir.
“Oruc” sözünün Qurani-Kərimdəki qarşılığı “SAVM”dır. Bu söz “s-v-m” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə on dörd dəfə işlədilmişdir. İlahi mətndə orucla bağlı bu sözlərə yer verilmişdir:
-  “təsumu”; (Bəqərə, 2/184)
-  “yəsum”; (Bəqərə, 2/185)
-  “siyam” / “əs-siyam”; (Bəqərə, 2/183, 187, 196; Nisa, 4/92; Maidə, 5/89, 95; Mücadilə, 58/4)
-  “əs-saimin” / “əs-saimat”; (Əhzab, 33/35)
-  “savm”; (Məryəm, 19/26)                                   
“SAVM” sözü həm “tutmaq”, həm də “tərk etmək” mənalarını ifadə edir. Sözün kök mənası bunlardır: “yemək və içməkdən kəsilmək”, “ağzı qapalı olmaq”, “içinə əlavə bir şey almamaq”. Bu söz mütləq bütün (tərkiblərdən ibarət olmayan bütün), əskiksiz, tam mənasını daşıyan, Allahın sifəti olan “əs-Səməd”, dəyəri sabit olduğu üçün qızıl mənası daşıyan “samit”, sal qaya anlamını daşıyan “səməd”, ağzı qapalı olduğu üçün susmaq mənasını daşıyan “summ”, güc və cazibə mərkəzi daşıyan “samd” sözləri ilə qohumdur...

Ardı var...

Paralel.az 

 

0.017779111862183