Azərbaycan "dəvə davası" etməlidir

Azərbaycan
 

Rusiyanın iki qütblü dünya yaratmaq planı Ukraynada batır

 Hadisələr o qədər sürətlə inkişaf edir ki, hətta, peşəkar siyasətçilər belə, baş verən irimiqyaslı hadisələrə qiymət verməyə macal tapa bilmirlər. Dünya dəyişir, yenidən düzənlənməyə hamilədir. Bu yeni düzəndə Azərbaycan harada olmağı müəyyənləşdirə, vəziyyətdən istifadə edib problemlərini həll edə bilərmi?

Əlbəttə, bu məsələ köklü şəkildə araşdırılmalı, geniş spektrlı diskussiyadan keçdikdən sonra hökumətin siyasi gündəliyinə bir yol xəritəsi kimi daxil edilməlidir. İndiki durumda Azərbaycanın siyasi elitası, düşünən beyinləri birləşməlidir. Fərqi yoxdur, iqtidardadı ya müxalifətdi, hamı bir araya gəlib, Azərbaycanın gələcək xarici siyasətini müəyyənləşdirməli, detallı şəkildə işlənilmiş bir proqram hazırlanmalıdır. Bu gün inkişaf edən hadisələr qarşıdakı aylarda dünyada yeni siyasi mənzərənin yaranmasına səbəb olacaq. Siyasilər ilk növbədə cəmi bir neçə aydan sonra formalaşacaq dünya siyasi mənzərəsinin maketini qurmağa çalışmalıdır. Belə bir mənzərə barədə tam təsəvvür yarandıqdan sonra ona uyğun olaraq Azərbaycanın xarici siyasəti müəyyənləşdirilməlidir. Çünki Azərbaycan onsuzda bu siyasi mənzərənin şahidi olduqdan sonra öz siyasətini ona uyğun qurmaq məcburiyyətində qalacaq. Amma buna əvvəlcədən hazırlaşsa, hökumətin əlində hazır siyasi konspektlər olacaq ki, bu onların səhv etmək ehtimalını azaldacaq.

Bəllidir ki, Azərbaycanın Qarabağ problemi faktiki olaraq tam həll edilməyib. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu problemi sonuna qədər həll etmək iqtidarında olsa da, siyasi proseslər buna imkan vermədi. Rusiya problemin sonadək çözülməsinin qarşısını aldı Qarabağı öz hərbi çətiri altında saxladı. Düzdür, beynəlxalq statusu olmasa da, Rusiya qoşunları Qarabağa "sülhməramlı missiya" adı altında daxil oldu. Amma hələ, Gürcüstanı Moldovanı bir yana qoyaq, milləti eyni soydan olan, eyni dinə təriqətə biət edən qardaş ölkəni işğal edən rus ordusu türk soylu, müsəlman dinli xalqın dövləti olan Azərbaycanda necə sülhməramlı missiya həyata keçirə bilər? Deməli, biz Qarabağdakı rus ordusunu doğrudan sülhməramlı missiya kimi qəbul ediriksə, özümüzü aldadırıq. Düşüncələr reallığı qavramalı rus silahlılarının Qarabağda yerləşdirilməsinin mahiyətini dəqiq anlamalıdır.

Gələcək dünya düzəninin siyasi mənzərəsindən bir detalı qeyd edək ki, həmin vaxt dünyada Rusiya indiyə qədərki kimi söz sahibi olmayacaq. Bunun baş verməsi isə ona imkan verməyəcək ki, Qarabağda sülhməramlı maskası altında gizlənə bilsin. İndiyə qədər bütün dünya o cümlədən Azərbaycan hakimiyyəti ona görə Rusiyanın bu maska altında Qarabağda oturmasına göz yumurdu ki, onun gücü var idi. Heç kim bu güclə toqquşmaq istəmirdi. Lakin yarımif, yarıgüc olan bu kabus Ukraynada hər gün darmadağın edilir. Biz müşahidə edirik ki, Rusiyanın raketləri Xersonu, Xarkovu, Meriupolu, İzuimi, hətta, Kiyevi dağıdır. Ancaq siyasi anlamda Rusiya dünya üzərində dolaşan kabusunu dağıdır, can verən ayı kimi bütün ətrafları ilə xaotik hərəkətlər edir. Bəlkə bunu hərbi baxımdan yanaşma ilə bir az başqa şəkildə ifadə etmək olar - rus qoşunları irəliləyə bilmədiyi üçün uzaqmənzilli raketlərlə Ukraynanı dağıdır ki, ukraynalıların əzmini sındıra bilsin. Amma  köhnə hərbi taktikaya malik Putin hökuməti yanılır. O, Ukraynada dünyaya qarşı savaşdığının bu savaşdan Rusiya kimi çıxmağın mümkün olmadığını dərk etmir ya etmək istəmir. Moskvanın 2000-ci illərdən icrasına başladığı ikiqütblü dünya layihəsi Ukraynada iflasa uğramaqda davam edir.

Belə bir proseslərin getdiyi bir dönəmdə Azərbaycan ordusu çox əhəmiyyətli bir yüksəkliyi, Fərruxkənd yüksəkliyini Fərrux kəndini azad edib. Hər bir azərbaycanlı bu hadisəyə sevinir, Qarabağın tamamilə azad ediləcəyinə ümidlər çoxalır. Amma Putinə "bundan sonra sən hakimiyyətdə qala bilməzsən" deyə barmaq sirkələyən, gələcək birqütblü dünya düzəninin koordinatoru olacaq ölkənin prezidenti Co Bayden administrasiyası bundan narahatlığını ifadə etdi. Çünki əməliyyat zamanı bir güllə atılmasa belə, ermənilər bunu dünya mediasına hərbi əməliyyat kimi təqdim edirlər. Hərbi əməliyyat isə itki deməkdir.

Fikrimizcə, Azərbaycan tərəfi üç-beş kənd almaq uğurunda hər hansı bir əməliyyata ya razılaşmaya getməməlidir. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində məsələnin dinc yolla tam həllini dünya qarşısında qaldırmalıdır. Əvvəlki illərdən fərqli olaraq indi həm Azərbaycanın mövqeləri güclənib - ermənilərin darmadağın etdiyi yeddi rayon ortadadır, həm bizim qarşımızı kəsən Rusiya artıq sıradan çıxır. Biz Rusiyadan ona görə qorxurduq ki, o bizi Ukraynanın gününə sala bilər. İndi isə Moskva oyundan çıxır, digər ölkələr isə Azərbaycanı təhdid etmir. Sadəcə diplomatiya işləməli, başda ABŞ olmaqla bütün dünyaya sübut etməlidir ki, beynəlxalq hüquq normalarına görə, Qarabağda Azərbaycan hakimiyyəti tam bərqərar olmalıdır. O ki qaldı status məsələsinə, Azərbaycanda bir neçə etnik qrup var ki, onun nümayəndələrinin sayı yüz minlərlədir. Qarabağda isə əvvəllər 50-60 min, indi isə 10-15 min etnik erməni yaşayır. Dünyanı fakt qarşısında qoymaq lazımdır ki, hansı ölkə bu sayda etnik qrupa muxtariyyat verib ki, Azərbaycan da bunu təkrarlasın?

Digər tərəfdən 15 min erməniyə muxtariyyat verilirsə, yüz minlərlə talışa, ləzgiyə, avara s. etnik qruplara da muxtariyyət verilməlidir. Belə olan halda 86 min kvadrat kilometir Azərbaycan ərazisində 10 muxtar respublika olmalıdır? Əlbəttə, bu beynəlxalq hüquq normalarına, məntiqə sığmır. Yəni, atalar demişkən, biz köşək yox, dəvə davası etməliyik. Çünki Rusiya oyundan çıxdıqdan sonra dünyada heç bir dövlət gücdən istifadə etməklə, heç bir dövləti təhdid edə bilməyəcək.

 Akif Nəsirli

0.015450000762939