Ramazan orucu Allahın tərbiyə proqramıdır - III yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - III yazı
 

Siracəddin Hacı: 

Allahın tərbiyə proqramlarından birinin də adı Orucdur. Oruc adlı tərbiyə (ağlı, vicdanı, iradəni inşa) proqramının içində bu dəyərlər var:

- oruc proqramında TƏQVA var, təqva qorunmaqdır, oruc tutmağın hədəfidir, anlamlı həyatın ölçüsüdür, Allah, varlıq qarşısında məsuliyyət şüurudur – dəyərin məsuliyyətli olduğun qədərdir, sənə yüklənmiş vəzifəni yerinə yetir, ədalətli ol, zülmə qarşı dirən, barışı, xeyri, qardaşlığı, elmi, mərhəməti çoxalt, Ona təslim ol ki, qoruna biləsən, ey insan;
- oruc proqramında DUA var, dua Allaha güvənin, təslimiyyətin ifadəsidir, insanın güc qaynağıdır, ilahi nemətdir, ümiddir (ümid etməyən dua etməz), Allahla insan arasındakı qırılmaz bağdır, ən gözəl dua əməli duadır, iş, hərəkət, davranışdır;
- oruc proqramında SAXUR İFTAR var – oruc süfrəsi bizə nemətin sahibini, insanın əməyini tanıdır, nemətlərin dəyərini öyrədir, şükrə yönəldir, acları, yoxsulları unutma, israf etmə deyir, israf edənlər şeytanın dostlarıdır;
- oruc proqramında MƏDƏNİ AC SAXLAMAQvar, insan ilahi rizanı qazanmaq üçün bir ay bəlli vaxtda ac qalır, Allahın Ramazan ayında ac qal əmrinin bərəkətini də elə bu aydaca hiss etməyə başlayır, belə ki, nəfsin əli, qolu bağlanır, inadı qırılır, ruhun qanadları açılır, insan azadlığın ətrini hiss edir, hüzura qovuşur;
- oruc proqramında MƏRHƏMƏT var, mərhəmət maddi, mənəvi ehtiyacı olanın sıxıntısını həll etməkdir, ac qalan insan aclığı, ac olanları anlayır, onları düşünür, yardıma yönəlir, başqalarının acısını hiss etdiyimiz qədər insanıq;
- oruc proqramında İMAN var, imanın qarşılığı Allaha tam güvənməkdir, ümiddir, Ramazan ayı imanı gücləndirmə ayıdır;
- oruc proqramı İLLİK HESABAT ayıdır, öncə yaşadığımız ilin hesabını düşünür, sonra da yaşayacağımız ilin planlarını qururuq;
- oruc proqramında İRADƏ var, biz şüurlu olaraq Ramazan ayında bir ay ac qalmağı seçirik, seçimimizin haqqını veririk, bədəl ödəyirik, nəticədə, iradəmizi gücləndirməklə seçim və əzmimizin mükafatına qovuşuruq;
- oruc proqramında SƏBİR var, səbir dirənişdir, iman, ağıl, iradə ilə sıx bağı olan anlayışdır, həqiqət uğrunda mübarizədə dirən, ey insan;
- oruc proqramında RƏHMƏT var, şüurlu biçimdə, mədəsi, ağlı, vicdanı, iradəsi, qəlbi, əməli ilə oruc tutan insan Ramazan ayında ilahi rəhməti bütün varlığı ilə hiss edir, bu rəhmətin bərəkəti ilə özü də mərhəmətli olur;
- oruc proqramında BƏRƏKƏT var, bərəkət üç şeyi əhatə edir: xeyirdir, çoxdur, davamlıdır, Ramazan ayı ağlımızın, vicdan, qəlb və iradəmizin ilahi ruzilərlə - bərəkətlə ən çox doyduğu aydır;
- oruc proqramında ZƏKAT var, doğrudur, zəkat sadəcə Ramazan ayına aid bir ibadət deyil, ancaq müsəlmanlar zəkatlarını daha çox Ramazan ayında verirlər. Zəkat ehtiyac sahibi olan insanların zəngin insanların sərvəti üzərindəki haqqıdır. Zəkat ibadəti insanın sərvət təsəvvürünü ilahi ölçülərlə inşa edir: ruzinin sahibi ər-Rəzzaq olan Allahdır, çalış, halalından qazan, halal işlərə xərclə, ehtiyacın qədər istifadə et, paylaş, ehtiyac sahiblərin sərvətin üzərində haqqı olduğunu unutma, sərvətini axirət azuqəsinə çevir, bunun üçün sərvətinlə xeyri çoxalt, zəkatın miqdarını Allah belə müəyyən etmişdir: ehtiyacından artığını ver;

Ardı var...

Paralel.az

 

0.014404058456421