"Gəlin qaya" əfsanəsi - 28-ci hissə
Qatı bir qaranlıq çökür havaya,
Qurd-quşlar qorxudan dolur yuvaya.
Oynayır səmada bulud dağları,
Yer çəkir özünə ildırımları.
Allahın qəzəbi tutmuş elə bil,
Ixtiyar ondadı, heç kimdə deyil.
O görür, eşidir haqsızlıqları,
Öldürüb, dirildir hər varlıqları.
Dünyanın hakimi Allahdı Allah,
Ona güvənirik, həm bu gün, sabah.
Eşidib qoy bilsin özünü yoran,
Hər işi tənzimlər bizi yaradan.
Alır yer üzünü qatı qaranlıq,
Itirir özünü hamı bir anlıq.
Bənd olmur yağışa, nə də küləyə,
Xançoban sürünü yığır kələyə.
Gur leysan başlayır dağ ətəyində,
Əhvalı qarışır Əhməd bəyin də.
Sellər hücum çəkir sərt dərələrə,
Baxmır nə sədlərə, nə də bəndlərə.
Qatıb qabağına kəndi-kəsəyi,
Aparır dərəyə bilmirsən nəyi.
Qoparıb aparır köklü ağacı,
Qalır öz hayına o kosa Hacı.
Xalatı, baratı sel-su aparır,
Hacıdan, Əhməddən quru yurd qalır.
Çaylar da, sular da aşır həddini,
Macəra dəyişib keçir səddini.
Razılıq verməyir Sara elçiyə,
Ceyran yaraşarmı kosa keçiyə?
Xəlvətsə dəyədən çıxır bayıra,
Özü də bilmir ki, o gedir hara.
Üz tutur Xançoban olan tərəFə,
Dağın döşündəki kahalı yerə.
Ara da vermirdi amansız yağış,
Yağdırır Sara da bəxtinə qarğış.
Çox gəzib dolanır, yalda, yaxada,
VəFalı köpək də gəlir arxada.
Qarşıda dayanıb zingildəyirdi,
Dilsiz bu heyvan da getmə deyirdi.
Tutub ətəyindən çəkirdi onu,
Sanki məlum idi bu işin sonu.
Sel-sudan çoxalıb daşdı Arpaçay,
Elat tayFasında qopdu hay-haray.
Köpüklü Arpaçay aranı kəsir
Alır öz qoynuna Saranı əsir.
Sara qeyizlənib bu izdıvacdan,
Verdi gül bədənin sellərə qurban.
VəFalı iti də atılır çaya,
Əlləşib, vuruşub çıxır o taya.
Arpaçay kükrəyib dənizə dönür,
Fəlakət içində çox həyat sönür.
Davamını izləyin...
Allahverdi Kərimoğlu