Ev şəraitində ağrıları azalda biləcək üsullar

Ev şəraitində ağrıları azalda biləcək üsullar
 

Diş ağrısı bir çox səbəbə görə baş verə bilər. Diş ətinin qıcıqlanması nəticəsində yarana bilən kiçik diş ağrıları bir müddət sonra öz-özünə keçə bilir. Bəzi ağız və diş problemlərindən qaynaqlanan şiddətli diş ağrılarında (dişin mərkəzində bakterial infeksiya nəticəsində yaranan diş absesi, diş əti infeksiyası və s.) isə vaxt itirmədən diş həkiminə müraciət etmək lazımdır. Xüsusən, gecə saatlarında ağrısı daha da şiddətlənir. Buna səbəb hormonal dəyişikliklərlə əlaqədar damardaxili təzyiqin artması və damar genişlənməsinin baş verməsidir.
Paralel.az ev şəraitində ağrıları azalda biləcək üsulları təqdim edir. Lakin müvəqqəti həllər əvəzinə qalıcı müalicə etməyiniz tövsiyə olunur.
- Duzlu su dişlər arasında yığılan iltihabı aradan qaldırır, dezinfeksiya edir.
- Dişlər arasında qalan qida hissəciklərini fırçalaya bilmədiyiniz məqamlarda diş çöpü ilə təmizləməyə çalışın.
- Əgər diş ağrısı dişin zədələnməsindən qaynaqlanırsa, yanağınızın kənarına soyuq kompres tətbiq edin.
- Hidrogen peroksid (3%) iltihabı və ağrıları azaltmağa kömək edir. Dərmanı su ilə qarışdırıb qarqara edin. Ağzınızda olan suyu udmayın.
Diş ağrısı aradan qaldıran bitkilər:
Mixək yağı: ağrıları və iltihabı azaldan təbii antiseptikdir. Bir pambığa az miqdarda mixək yağı çəkin və ağrılı bölgəyə qoyun. Və ya kiçik bir stəkan suya bir damla mixək yağı əlavə edib ağzınızı yaxşıca yaxalayın.
Vanil ekstraktı: müvəqqəti olaraq ağrıları aradan qaldırır və tərkibindəki antioksidanlar bölgənin sağalmasına kömək edir. Gündə bir neçə dəfə pambıq vasitəsi ilə diş və diş ətinə çəkə bilərsiniz.
Nanə çayı: sakitləşdirici özəlliyi ilə ağrıları aradan qaldırır. Nanə yarpaqlarını qaynadıb bir az soyumasını gözləyin. Bu çayı ağrıyan yerə çəkə bilərsiniz.
Sarımsaq: bir diş sarımsağı əzib ağrı olan bölgəyə qoyun. Sarımsaq bakteriyaları öldürür və iltihabı aradan qaldırır.
Kəklikotu yağı: güclü antioksidant və antibakterial xüsusiyyətlərə malikdir. Diş ağrısı əlamətlərini aradan qaldırmaq üçün suya bir neçə damcı kəklikotu yağı əlavə edib qarqara edə bilərsiniz. Bu yağı bir neçə damcı təmiz su ilə qatıb pambıqla zədələnmiş bölgəyə tətbiq etmək də olar.

0.10966300964355