"Gəlin qaya" əfsanəsi - 25-ci hissə
Gizlənir dağların qoynunda günəş,
Əllərə alınır məşəlli atəş.
Axışır adamlar dərəyə sarı,
Tanıyır gəlini qoca bir qarı.
Sarı xan aparan yetim Saraydı,
Onun nişanlısı Çoban Qaraydı.
Zaman kasıblara bir duzaq oldu,
Gizli izdivacdan bir uşaq oldu.
Fəlakət gətirdi gizli izdivac,
Qaldı bir körpəsi anaya möhtac.
Həmin bu körpədi onun uşağı,
Ona beşik olub çoban qucağı.
Bir qartal qıy vurur qaya başında,
Yuvası dağılmış sanki quşun da.
Insanlar qayaya etsə də niFrət,
Dillərdə əFsanə oldu həqiqət.
Dumandan ağ örpək çəkdi üzünə
Dik baxır bu qaya dünya gözünə.
Qayada cəm olub, həm ismət, həya
Dillərdə dastandı bu «Gəlin Qaya»
****
Həmin o qayada oturub çoban,
Uşağı tütəklə ovudur hər an.
Musa sürüsünü yayıb yamaca,
Çalır tütəyini, çalır doyunca
Körpənin əlində bir çiçək dəstə,
Yatırdıb bir cırıq keçənin üstə.
Ana laylasını çalır tütəkdə,
Oxşayır körpəni xəFiF küləkdə.
Sürüylə oyanır, süryüylə yatır,
Səsini tütəyin səsinə qatır.
Həzin bu nəğməni dinləyir qaya,
Ah çəkib ana tək, inləyir qaya.
Ona lay-lay çalır göydəki quşlar,
Dikilir qayaya məsum baxışlar.
Qəlbləri yandıran, ruhu oyadan,
Sanki ana ruhu baxır qayadan.
Çoban gah oxuyur, gah da ağlayır,
Onun hönkürtüsü ürək dağlayır.
Dağlardan, daşlardan o keçə-keçə,
Böyüyür bu körpə süd içə-içə.
Çoban təmizləyir birəni, biti,
Ona keşik çəkir çobanın iti.
Dözər hər əzaba, yağışa, qara,
Özüylə aparar getsə də hara.
Sürüylə ayaqlar dağı, aranı,
Musanın böyüyür çomaq vuranı.
Davamını izləyin...
Allahverdi Kərimoğlu