"Gəlin qaya" əfsanəsi - 21-ci hissə
Günəş öz nurunu çəkib dağlara,
Gündüz təslim olur qaranlıqlara.
Mil-Muğan qoynuna yaraşıq verən,
Ceyranlar qaçışır niyə görəsən?
Dəstə hücum çəkir qalaya sarı,
Çəkilir arxaya xan adamlrı.
Qılınclar, qalxanlar qalxır havaya,
Ölənlər itənlər gəlməyir saya.
Unudur yurdunda olan yağını,
Xan özü törədir qardaş qırğını.
Hökmdar yol versə cüzi bir səhvə,
Fəlakət gətirər azı min dəFə.
Tarix bağışlamaz belə səhvləri,
Yaxşı yaxşı olar, pisin pis yeri.
Unudsa hökmdar eli, elatı,
Qalar yarı yolda onun yel atı.
Dan yeri sökülür çəkilir dəstə,
Qaraca oxuyur yanıq şikəstə.
«Əzizinəm ay dərdim,
Vay dərmanım, vay dərdim
Gül əkənlər gül dərdi,
Mən gül əkdim, vay dərdim».
Qəhərdən tutulur Qaranın səsi,
Tamama yetməyir sözü, cümləsi.
Haqsızlıq Fırlatsa tərsə təkəri,
Zaman udmalıdır ər igidləri.
****
Dumanlı, çisginli bir yaz səhəri,
Qara yəhərlədi qara Kəhəri.
Oturub bir qədər sükuta daldı,
Qalxıb heybəsindən bir çatı aldı.
Belinə bağladı ala çatını,
Səhraya səyritdi yarış atını.
Sürdü Kəhər atı düz qəsrə sarı,
Gizlin bir guşədə tutdu qərarı.
Hərdən seyrə çıxar Ağa, bəy bağa,
Enər su içməyə qanlı bulağa.
Burda itirmişdi Qara atasın,
Burda almalıdı ata qisasın.
Ağa bəy bu bağda çox qanlar içib,
Qanlı əlləriylə çox kəFən biçib.
Ağa seyr edərkən bağı-bağatı,
Şığıyır quş kimi Qaranın atı.
Çox qanlar içdiyi güllü çəməndə,
Qozbelin boğazı keçir kəməndə.
Ağa bəy yalvarıb, yaxarır ona,
Keçmiş günahların alır boynuna.
Həlqənin ilgəyin tez Qara basır,
Atası asılan ağacdan asır.
Xanlarda, bəylərdə yoxdu mərhəmət,
It kütü çox yesə qudurar əlbət.
«Özgəyə kim quyu qazarsa əgər,
Çox getməz quyuya bil özü düşər».
Atalar bu sözü deməyib hədər,
Dinsiz öhdəsindən imansız gələr.
Davamını izləyin...
Allahverdi Kərimoğlu