Rus işğalının Azərbaycana təsirləri

Rus işğalının Azərbaycana təsirləri
 

Azərbaycan yeni şəraitdə necə hərəkət etməlidir?

 

Məlum olduğu kimi Rusiyanın Ukraynaya hərbi təcavüzü bu təcavüzdən dolayı Qərbin, ABŞ Böyük Britaniyanın hərəkətə keçməsi dünya düzəninin bir sıra qaydalarını dəyişib, onun siyasi iqtisadi mənzərəsinə yeniliklər gətirib. Bu yeniliklərin ölkəmizə həm mənfi, həm müsbət təsirləri var. Azərbaycan höluməti ümumi mənzərəyə diqqət edərək, yaranan yeni imkanlardan səmərəli istifadə edə bilsə, uduşlarımız daha çox olar.

Azərbaycan ilk növbədə xammal ixrac edən neft ölkəsidir. Bu baxımdan dünya bazarında neftin qiymətinin aşırı dərəcədə bahalaşması, Azərbaycana külli- miqdarda gəlir gətirəcək. Neftin bir barelinin qiyməti bu ilki dövlət büdcəsində 50 dollardan götürülüb. 50 dollardan artıq hər 10 dollar bahalaşma bir il ərzində Azərbaycana bir milyard dollar əlavə gəlir gətirəcək. Nəzərə alsaq ki, hazırda neftin dünya bazarında qiyməti 140 dollara yaxın, qazın isə qiyməti 3 min dolları keçib, deməli bu il ölkəmizin neft gəlirləri kifayət qədər yüksək olacaq. Düzdür, hazırda dünya bazarında qazın svod qiymətlərinin Azərbaycan qazına təsirləri demək olar, yoxdur. Azərbaycan qazı uzunmüddətli kontraktlarla satılır. Amma yeni kontraktların bağlanması zamanı dünya bazarının reallıqları mütləq nəzərə alınacaq.

Lakin Azərbaycanın uduşları yalnız bununla məhdudlaşmır. Məlum səbəbdən Rusiyaya qoyulan sanksiyalar, onun müttəfiqlərinə ehtiyacını qat-qat artıracaq. Dünənə kimi Moskvanın üzərində hegemonluq etdiyi Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Tacikıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan s. ölkələrə Rusiyanın ciddi ehtiyacı yaranacaq. Beləki, Rusiya dünyaya çıxmaq üçün bu ölkələrdən platforma kimi istifadə edəcək. Bu sırada Qafqaz ölkələrinin böyük önəmi var. Sünki bu ölkələr vasitəsi ilə Avropaya çıxış əldə etmək daha asandır. Rusiya Qafqaz ölkələri vasitəsi ilə həm öz petrolunun bir hissəsini, həm digər ixrac mallarını Avropaya çıxarmaq qərarını verəcək. Bu  əlbəttə "gizli" bir qərar olacaq Avropa da öz ehtiyacları üzündən buna göz yumacaq.

Məsələn, Azərbaycanın Avropaya çıxan, geniş ötürücülük qabiliyyəti olan neft qaz kəmərləri var. Azərbaycan rus qazının neftinin bir hissəsini ucuz qiymətə alaraq, Avropaya satmaqla külli- miqdarda qazanc əldə edə bilər. Bunun üçün Rusiya ilə müstəqil ölkə kimi danışmaq bacarığı gərəkir. Bununla yanaşı, Rusiya yalnız petrol ölkəsi deyil, bu ölkədə Avropaya hava-su kimi lazım olan çeşidli filizlər hasil edilir. Bütün bu məhsullar üzrə Rusiya ilə dünya ticarəti, məhz adını yuxarıda sadaladığımız ölkələr vasitəsi ilə aparılacaq ki, onların içərisində bir neçə "açar" ölkədən biri Azərbaycan olacaq. Təkrar qeyd edirəm ki, bu yalnız potensialdır, bu potensialı reallaşdırmaq üçün Azərbaycan hökuməti hərəkətə keçməli, ciddi islahatlar aparmalı Rusiyanı inandırmalıdır ki, onun vasitəsi ilə Avropaya çıxış daha səmərəlidir. Bunun ardınca isə bütün müqavilələri beynəlxalq hüquq normaları çərçivəsində bağlanmasına çalışmalıdır. Moskvadakı rejim kifayət qədər hegemon olduğundan Azərbaycan dirəniş göstərməsə, Avropaya çıxış üçün ondan pulsuz-parasız istifadə edəcək. Ona görə Azərbaycan hökuməti bu məsələdə dəyanətli mövqe nümayiş etdirməlidir.

Digər tərəfdən Azərbaycan Rusiyanın dünyaya çıxışı üçün maliyyə platforması rolunu da oynaya bilər. Ancaq bu proses, yalnız Azərbaycanda fəaliyyət göstərən rus bankları vasitəsi ilə edilə bilər. Rusiya çox güman ki, həm Azərbaycanın "Mir" milli ödəniş sisteminə qoşulmasını təklif edəcək. Bu təklifin qəbul edilməsi bir qədər riskli ola bilər, çünki gələcəkdə Avropa ölkələri bu ödəniş sisteminə bağlı olan ölkələrə maliyyə sanksiyaları tətbiq edə bilər. Bu səbəbdən sözügedən məsələyə bir qədər ehtiyatla yanaşılmalıdır.

Azərbaycanın bir dövlət olaraq itirəcəkləri isə Rusiya ilə aparılan idxal-ixrac əməliyyatlarının gecikməsi ya dayandırılmasıdır. Azərbaycan 2020-ci ildə xaricdən idxal etdiyi ərzaq buğdasının 82 faizini Rusiyadan alıb. Yəni xaricdən idxad etdiyimiz 1,5 milyon ton ərzaq buğdasının 1,23 milyon tonunu biz yalnız Rusiyadan almışıq. Biz həmişə vurğulamışıq ki, idxal-ixrac əməliyyatlarının yalnız bir istiqamətdə fokuslanması zərərlidir, təhlükəlidir. Dövləti idarə edən hökumət hər zaman idxal ixrac əməliyyatlarının şaxələndirilməsində maraqlı olmalı, bütün mümkün yollarla buna nail olmalıdır. Azərbaycan hökuməti isə iqtisadi baxımdan, qiymətlərin münasib olması səbəbindən öz strateji məhsulunun əsas hissəsini yalnız bir ölkədən almağa üstünlük verdi. Ola bilsin ki, burada siyasi çalar da var, amma biz onu səfnəzər edirik. Budur, artıq rublun kəskin ucuzlaşması səbəbindən buğdanın qiymətinin müəyyənləşdirmək çətinliyi yarandığından idxal dayandırılıb. Perspektivdə isə ümumiyyətlə Rusiyadan ərzaq buğdasının ixracının dayandırılması gözləniləndir. Çünki sanksiyalar səbəbindən Rusiyaya un məmulatlarının ixracı dayandırılacaq. Un məmulatlarına yerli tələbatı yerli istehsal hesabına ödəmək lazım gəlsə, Rusiyanın özünə ərzaq buğdası idxal etmək lazım gələcək. Ona görə Azərbaycan hökuməti taxıl biçininə qədər ölkənin ərzaq buğdasına olan tələbatını qarşılamaq üçün digər mənbələr axtarmalı olacaq. Bizə yaxın olan iki potensial ərzaq buğdası ixracatçısı ölkə Qazaxıstan Ukraynadır. Sözsüz ki, Ukraynadan idxal mümkün olmayacaq. Qalır Qazaxıstan, o isə son illər ərzaq buğdası istehsalını azaldıb qiymətlər xeyli bahalaşıb. Rusiyadan aldığımız buğdanın bir tonu 300 dollar civarında idisə, Qazaxıstandan alacağımız buğdanın hər tonuna azı 340-350 dollar ödəməli olacağıq.

Digər tərəfdən Azərbaycan fermerləri Rusiyaya pomidor, alma qoz-fındıq ixrac edirdi. Bu istiqamətdə ciddi problemlər yaşanacaq. Çünki fermerlər dünən Rusiyada 25 rubla satdığı pomidoru rublun ucuzlaşması səbəbindən 250 rubla satmalı olacaq. Bu qiymətə təklif edilən pomidorun isə müştəri problemi yaşanacaq. Beləcə bizim Rusiyaya fokuslanmış pomidor ixracımız da sıradan çıxacaq.

Yuxarıda qeyd etdiyimiz kimi, yaranmış vəziyyətdən Azərbaycan hökuməti həm xeyli uduşlar əldə edəcək, ölkəyə külli miqdarda vəsait axacaq. Həmin vəsaitlər hesabına kənd təsərrüfatını dirçəltməklə taxıla olan yerli tələbatı yerli istehsal hesabına tam ödəmək olar. Bunun üçün ciddi potensial var. Əlimizdə ölan əkin sahələrində intensiv inkişafa nail ola bilsək, yerli istehsal hesabına yerli tələbatın 90 faizini qarşılamaq mümkündür. O ki qaldı bizim Rusiyaya ixrac etdiyimiz meyvə -tərəvəzə, onların da istehsal keyfiyyətini yüksəltməklə digər bazarlara yönəltmək lazımdır. Biz, əslində pomidoru ona görə yalnız Rusiya bazarlarına çıxarırıq ki, istehsal etdiyimiz məhsul Avropa bazar standartlarına cavab vermir. Avropa standartlarına uyğun məhsul istehsal edə bilsək, bizim xarici bazar problemimiz olmayacaq. Bunun üçün isə kənd təsərrüfatını sözdə deyil, əməldə inkişaf etdirmək lazımdır.

 Akif Nəsirli

Paralel.az

0.014863014221191