"Gəlin qaya" əsəri - 8-ci hissə
"Gəlin qaya" əsəri - 8-ci bölüm
Söz-söhbət yayıldı şəhərə, kəndə,
Ağa bəy Qaranı salmış kəməndə.
Qaranı qaranlıq zindana saldı,
Oğlunun heyfini o belə aldı.
Aləmi yandırdı zindanda səsi,
Bülbülə xoş gəlməz bayquş qəfəsi.
Əmisinin qızı, yetimçə Saray,
Bülbül tək, bülbülə verirdi haray.
Zindan deşiyindən su verir ona,
Dar gündə arxadı əmi oğluna.
Yalvardı, yaxardı, eli-obası,
Dedi buraxıram, qalır qisası.
Ağa, bəy hirsindən bığların eşir,
Bədənin oynadır, qoz beli şişir.
Qara da qisası qoymaz sabaha,
Sən güvən varına,mən də Allaha.
Oxuya-oxuya yola düzəldi,
Mil-Muğan deyilən səhraya gəldi.
****
Tək-tənha oturub Qaraca Çoban,
Şirin xəyallardan yorulmur bir an.
Uşaqlıq illəri keçir gözündən,
Acı bir təbəssüm yağır üzündən.
Laləli düzlərdə, ətirli bağda,
Həvəslə oynardıq aranda, dağda.
Hər gündə uşaqlar mərəkə qurar,
Kimi qala qurar, kimi uçurar.
Qoruyar qalanı nökər uşağı,
Gizlənpaç yeriydi Ağanın bağı.
Topal Əhməd ağa durub kənarda,
Cır səslə qışqırır hərdən arada.
Tutun Qaracanı ağzın qanadım,
Bəylər cərgəsində çəkilsin adım.
Kimi daş atmağa sapand toxuyur,
Bəzən də uşaqlar xorla oxuyar.
Gizlən paç,
Gəldim qaç.
Qoy gizlənim,
Gözünü aç.
A qara qazan, qar topu,
Yerini dəyiş bərk otu.
Gizlən paç
Gəldim qaç
Davamını izləyin...
Allahverdi Kərimoğlu