İnsanın həyatını dəyişən kəlamlar

İnsanın həyatını dəyişən kəlamlar
 
 
“Qısa qeydlər” silsiləsindən
Bəli, zamanların və məkanların sınağından çıxan elə kəlamlar var ki, insana mayak kimi yol göstərir, sözün əsl mənasında, həyatını dəyişir... Bu kəlamlar dahilərin işığı ilə yaranır, əsrlərin şanəsi ilə daranır, kitabların vasitəsilə bizə çəlib çatır...
Söhbətə Konfutsi ilə başlamaq istəyirəm. Qeyd edim ki, bu həm tarixi, həm də məntiqi ardıcıllıqdan irəli gəlir. Konfutsi eramızdan 550 il əvvəl yaşamış qədim Çin filosofu, mütəfəkkiri, sözün əsl mənasında, peyğəmbəridir. O, Şərqdə ilk Universitet yaratmış, özünün məktəbi olmuş filosofdur. Konfutsi ideologiyası 2500 il ərzində Çinin rəsmi dövlət ideologiyası olmuş və XX əsrə kimi gəlib çıxmışdır. O, həm də öz kəlamları, aforizmləri ilə məşhurdur. Mübaliğəsiz demək olark, bütün zamanların və bütün insanların ən gözəl, mənalı kəlamları məhz Konfutsiyə məxsusdur.
Düşünürəm ki, Konfutsinin insana ən çox təsir edən, dünyagörüşünü dəyişən kəlamlarından biri budur: Yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır. Doğrudan da, müqəddəs kitablara yazılası, ilahi bir kəlamdır. Ətrafınıza diqqət etsəz, tarixləri vərəqləsəq görərsiz ki, insanların əksəriyyəti qaranlığı söyməklə məşğul olub. Tək-tək şam yandıranlar da peyğəmbərlər, ya da qəhrəmanlardır, yəni ya ilahi, ya da xəlqi missiya daşıyanlardır. Başa düşürəm, hər adam peyğəmbər, ya qəhrəman ola bilmir, amma Konfutsinin vəsiyyətini eşitmək, hərəyə bir şam yandırmaq, qaranlığı qovmaq ki olar...
Mənə ən çox təsir edən, həyatın eniş-yoxuşlarında kömək edən kəlamlardan biri də Həzrəti Əliyə məxsusdur. Məlum olduğu kimi, Həzrət yalnız İslamın deyil, ümumilikdə, insanlığın ən parlaq simalarından biridir. Təsəvvür edin, Livanın məşhur xristian alimi Corc Cordak etiraf edir ki, İsanı Əlidən üstün tutmağa mənə vicdanım, Əlini İsadan üstün tutmağa isə dinim imkan vermir. Yəni, xristian alimi faktiki olaraq, Həzrəti Əlini peyğəmbər səviyyəsinə qaldırır. Həzrəti Əli isə deyir ki, heç zaman mübahisə etməyin, mübahisələrin sonu yoxdur. Həzrətdən min il sonra yaşamış Amerika sosioıoqu və psixoloqu Deyl Karnegi bu məntiqin əsasında “İnsanların etibarını və dostları necə qazanmalı” adlı kitab yazır və dünya şöhrəti qazanır. Kəlamım məntiqi sadədir, mübahisə edən tərəflər təxminən köhnə hekayətdəki həmin ağac körpünün üstünə çıxan tərs keçilər mislindədir. Biri o birinə yol vermək istəmir, hətta buynuzlşırlar. Axırda ikisi də körpüdən çaya yıxılırlar...
Nəhayət, mənə ən çox təsir edən üçüncü kəlamın müəllifi məşhur filosof Karl Marksdır. Həmişə düşünmüşəm ki, Allah Marksı Peyğəmbər yaratmaq istəyib, istedaddan, işıqdan, xarizmadan yox deyincə verib. Amma sonda fikrini dəyişib, yəqin dahinin ehtiraslarını, emosiyalarını cilovlamaq istəməyib. Karl Marksın yaxın dostu Fridrix Engels də deyib ki, Marks dahidir, mən onun beynini insan təfəkkürünün bütün istiqamətlərində səyahətə hazır olan gəmiyə bənzədərdim... Bəli, Marks gözəl şair, mahir rəssam, böyük alim, bəşərin dahi filosoflarından biri olub. Karl Marks deyib ki, tənqid edə bilmədiyin insanı tərif etmək ən böyük şərəfsizlikdir. Bəli, Marks bircə kəlamla bütün zamanlara və insanlara qənim kəsilən yaltaqlığı və yaltaqları ifşa edir... Bizlərə isə dahinin fikrini eşitmək və əməl etmək qalır...
Qalib ARİF
0.020379781723022