Müharibə yalanları

Müharibə yalanları
 
 
“Qısa qeydlər” silsiləsindən
Deyirlər ən böyük yalanları seçkilərdən əvvəl, müharibə vaxtı və ovdan sonra danışırlar. Amma müharibə vaxtı danışılan yalanlar, deyəsən, bütün yalanları üstələyir. Yaxşı yadımdadır, İran – İraq müharibəsi (1980-1988) gedirdi, mən hələ cavandım, siyasətlə maraqlanmırdım. Rəhmətlik atam müəllim adamdı, siyaəsətlə yaxından maraqlanırdı, müharibə xəbərlərinin birini də buraxmırdı. Hər xəbərdən sonra əlini əlinə vurub gülürdü, deyirdi İran tərəfə inansaq İraqda, İraq tərəfə inansaq İranda bir başıpapaqlı qalmayıb. Hamısı qırılıb qurtarıb...
Sonralar dəhşətli müharibə yalanları ilə çox rastlaşdım, artıq siyasətlə maraqlanırdım. Məlum ABŞ – İraq müharibəsi dövründə (2003) ABŞ raketləri artıq İraqın bütün hərbi-strateji obyektlərini vurmuşdu, ABŞ - B.Britaniya əsgərləri artıq Bağdada girmişdi, amma Səddam Hüseyn deyirdi ki, Allahın köməyi ilə biz şeytanın (ABŞ-ın) qüvvələrinə qalib gəlirik. Çox uzağa getməyək, elə bizim 44 günlük Vətən müharibəsini götürək. Ermənistanın rəsmi dairələri az qala hər gün bir rayonun “geri” alındığını, türklərin qaçdığını, erməni silahlılarının bu gün-sabah Bakıya çatacağını elan edirdi. Erməni alimləri hətta qədim "erməni şəhəri" Bakının qədim adını da tapmışdılar. Yalan artıq təhlükəli səviyyəyə çatmışdı, onların müəllifi - Müdafiə Nazirliyinin mətbuat katibi Arsun Hovanesyan məğlubiyyətdən sonra dərhal qaçıb aradan çıxdı...
Hazırda Rusiya – Ukrayna müharibəsində də yalan məlumatlar həqiqəti üstələyir. İşğalçı Rusiya qüvvələri artıq Ukraynanın bütün hərbi-strateji obyektlərini vurur, hətta Atom elektrik stansiyasını tutur, tərəflər artıq Kiyev ətrafında vuruşur. Rəsmi Moskva bəyan edir ki, “xüsusi əməliyyat” artıq sona çatmaq üzrədir, Ukrayna “millətçilər”i sürətlə geri çəkilir. Ukraynanın məlumatlarına inansaq, ərazisində bir rus əsgəri, bir rus uçağı, tankı qalmayıb, hamısı vurulub-qırılıb qurtarıb. Bu məlumatlarda 100-dən çox uçağın, 200-dən çox tankın vurulduğu deyilir. Rusiya tərəfi isə “xüsusi əməliyyat”a cəmi 100 uçağın, 200 tankın cəlb olunduğunu iddia edir. Qərb isə həmişəki kimi tazıya tut, dovşana qaç deyir. ABŞ-ın və Qərbin məqsədi göz önündədir, Ukraunanı xilas etmək deyil, Rusiyanı məhv etməkdir... Rusiya isə məlum olduğu kimi “bərk qoz”dur, İraq, Iran deyildir...
Son olaraq. Rusiya istədiyini edir, Qərb və NATO isə boş bəyanatlarla kifayətlənir. Artıq Ukrayna dağılıb, məhv olub gedir... Yeri gəlmişkən, burda Volodimir Zelenskini də günahı az deyildir. Ölkə başçısı ölkəsini, xalqını başı ilə qorumalıdır, vuruşmaq əsgərin işidir...
Qalib ARİF
0.012353897094727