Xeyirlə şərin mübarizəsi

Xeyirlə şərin mübarizəsi
 
 
“Qısa qeydlər” silsiləsindən
Düşünürəm ki, insanın bütün həyatı xeyirlə şərin mübarizəsindən ibarət deyildir, bu mübarizə cəmi 17-18 il davam edir. Xeyir qalib gəlirsə, insan xeyrin, şər qalib gəlirsə, şərin daşıyıcısı olur.
İnsan doğulanda ağ kağız kimi təmiz doğulur. Anadan göbəyi kəsilən andan həyata atılır – xeyirlə şərin mübarizəsi başlayır. Temprament, emosiyalar anadan gəlmədir, xarakter və xasiyyət sonradan formalaşır, çünki genlər hələ yatır, yuxudadır. Xeyirlə şərin mübarizəsi ailə tərbiyəsi ilə başlayır, artan təcillə davam edir. Ailə tərbiyəsi uşağa xeyir öyrətmək, şərdən çəkindirmək deyildir, əslində bu, lazımsız işdir - uşaq ailədə, valideyinlərdə nə görürsə, onu götürür. Əgər ailədə xeyir şəri üstələyirsə, uşaq xeyirə meyl edir. Məsələn, böyük-kiçiyə hörmət edir, zəifləri incitmir, evdən apardığı bananı məktəbdə tək yemir və s...
Sonra həyət və məktəb gəlir. Doğrudur, burda ailə tərbiyəsi öz sözünü deyir, amma vəziyyət dəyişə bilir. Uşaq təzyiq görürsə, təzyiqə, səmimiyyət görürsə, səmimi münasibətə meyllənir. Uşaqlıqda cinsi zorakılığa məruz qalanların sonradan manyaka cevrilməsi, insanlara qənim kəsilməsi bir faktdır. Odur ki, valideyinlər yalnız evdə deyil, həyətdə və məktəbdə də uşağa nəzarət etməli, müəllimlərlə əlaqəli işləməlidirlər. Bu dövrdə genlər də ayılır, şəxsiyyətin formalaşması prosesi başlayır - yeniyetmə yalan danışırsa, xəsisdirsə, qorxaqdırsa, bu, genlərin işidir, ömür boyu davam edir.
Yetkinlik – 17-18 yaşına çatdıqdan sonra insanın ikinci dəfə, bu dəfə ailədən göbəyi kəsilir və müstəqil həyata atılır. Artıq xeyirlə şərin mübarizəsi də yekunlaşır, onlardan birinin daşıyıcısı olan müstəqil insan formalaşır...
Qalib ARİF
0.012173175811768