Ruzi ilə bağlı olan mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur?

Ruzi ilə bağlı olan mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur?
 

Ruzi ilə bağlı olan mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur? - ELMİ-LƏDUN

Hələ ta qədimdən cəmiyyətimizdə çərşənbələrə və digər bu qəbildən olan bayramlara münasibət birmənalı olmayıb. Belə ki, əhalinin çox hissəsi bu tip bayramları qeyd etsə də, cəmiyyətimizin dindar kəsimi (ərəb mənbələrini oxuyanlar) bayram haqda “Quran”da xəbər verilmədiyindən, onu inkar edirlər.

Bildiyimiz kimi, çərşənbələrin sayı - Su, Torpaq, Yel (hava) və Od (enerji) - olmaqla, dörddür.
Elmi-lədun araşdırmalarımız göstərir ki, tariximizdən gələn bu ənənə insanın yaradılış ünsürləri ilə üst-üstə düşür. Belə ki, insan - torpaq, su, hava və ruh (enerji) olmaqla - dörd ünsürdən yaranıb.

Həmçinin, təbiət də - yaz, yay, payız, qış olmaqla, dörd fəsildən ibarətdir.
 Eləcə də Kainat - Şərq, Qərb, Şimal və Cənub olmaqla, dörd cəhətdən ibarətdir.

Allah-təalanın nazil etdiyi səmavi kitabların sayı da - “Tövrat”, “Zəbur”, “İncil” və “Quran” olmaqla - dörddür.

Müqəddəs “Qurani-kərim”də kainatın altı gündə (Bazar günündən başlamaqla, Cümə günü başa çatıb.) yaranması qeyd olunmuşdur. İki günə Yer, iki günə isə, insanların qidalanması üçün Yer üzərində olanlar (ruzilər) yaradılmışdır. Sonrakı iki gündə isə, göydə olanlar yaradılmışdır:

“Doğrudanmı siz Yeri iki gündə (!) yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!”
  “O, Yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və Allahdan ruzi istəyənlər üçün bərabər olaraq Yer əhlinin ruzisini dörd (!) gündə müəyyən etdi”. “Quran”, “Müfəssəl izah” surəsi, 9-11.

Bu ayələrin mahiyyəti ilə, insanın yaradılışı və dörd çərşənbənin qeyd olunması arasında əlaqə aydın şəkildə görünür. Odur ki, bəzi dindarların Novruz bayramının dinə uyğun olmaması haqdakı fikirləri əsassızdır.

Məlumdur ki, Novruzun (yeni günün) gəlişi ilə torpaqda oyanış yaranır və əkinçilər ruzi əldə etmək üçün fəaliyyətə başlayırlar. Onların fəaliyyətlərinin əsas istiqaməti TORPAQ və SUdur.
Bahar fəslində əsən YEL isə, meyvə ağacları üçün rəncbər (əkinçi) rolunu oynayır. Yəni, külək ağacların toxumlarını kənara səpələməklə, onların tozlanmasını (mayalanaraq, ruzi verməsini) təmin edirlər.

 Baharın gəlişi ilə havanın hərarəti artır ki, OD-da buna işarədir.
 Sual yarana bilər ki, ruzi ilə bağlı olan bu mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur?

Məsələ burasındadır ki, yuxarıdakı "Quran" ayəsi ilə hesabladıqda, ruzinin yaranması həftənin ikinci və üçüncü (çərşənbə axşamı və çərşənbə) günlərinə düşür. Odur ki, mərasimlər də bu günlərdə keçirilir.

Yeri gəlmişkən, SU çərşənbəsi haqda bir qədər geniş bəhs etmək istərdik. Bildiyimiz kimi, Yerin 71 faizi sudan ibarətdir. Eyni zamanda insan orqanizminin də 71 faizinin sudan ibarət olmasını elm təsdiq etmişdir. Bu fakt insanın və Kainatın yaradılmasında necə bir İlahi qanunauyğunluğun olduğunu sübut edir.
 
Burada diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, 71 ədədi “Quran”da da SU ilə bağlıdır. Belə ki, dəryadan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi 71-dir (!).

Bütün bunlar yaradılışın necə bir nizamla və biri-birinə bağlı yaradıldığını bir daha sübut edir. Bundan ibrət alanlara Salam olsun!
Su çərşənbəniz mübarək. Ruziniz bərəkətli olsun!

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

Paralel.az

0.017056941986084