Şərq - qərb : mental fərqlər

Şərq - qərb : mental fərqlər
 
 
“Qısa qeydlər” silsiləsindən
Məlum olduğu kimi, məşhur ingilis yazıçısı Redyard Kiplinqin original bir deyimi var: Şərq şərqdir, Qərb də qərbdir. Onları müqayisə etmək olar, amma eyniləşdirmək olmaz. Məhşur rus filosofu Pyotr Çaadaev də deyir ki, dünya yarandığı gündən Qərbə və Şərqə bölünür...
Mən də böyük adamların fikrini bölüşürəm, hesab edirəm ki, Şərq və Qərb yalnız çoğrafi yerinə, ictimai-siyasi əhəmiyyətinə görə yox, həm də tarixi-mədəni mahiyyətinə, mental dəyərlərinə görə tam fərqli anlayışlardır. Ona görə də bizim Avro-Atlantik məkana inteqrasiyamız bu qədər ləng gedir, Qərb demokratiyası da, pəncərədən yaxın və asan görünən dağlar kimi, biz yaxınlaşdıqca uzaqlaşır...
Məsələ ondadır ki, bizim təməlimiz, həyata və qanuna baxışımız tamam başqa yerdə, başqa şəraitdə qoyulub, insanlarımızın xəmiri də tamam başqa cür yoğrulub. Məsələn, qədim Amerika şəhərində (orda 5-6 ev artıq şəhərdir) iki nəfərin mübahisəsi düşəndə, özləri kişi kimi təkbətək həll etməyə çalışardılar. Mübahisə böyüyəndə, 5-3 nəfər “yaxşı” oğlan yığışardı, məsələni diqqətlə araşdırardı. Fikirlər haçalaşanda, bağlı, hətta açıq səsvermə də keçirirdilər. Ədalətli qərar çıxarırdılar, günahkarı yaxınlıqdakı ağacdan asırdılar. Qərara tabe olmayanda, elə ordaca başına bir güllə çaxırdılar. Bütün bu proses “Linç məhkəməsi” adlanırdı...
Şərqdə də, iki nəfərin mübahisəsi düşəndə, özləri həll etməyə çalışırdılar, alınmayanda qazının (oxu: lotunun) yanına gedirdilər. Qazı da onları diqqətlə dinləyirdi, deyirdi gedin, axşam gəlin. Axşama kimi, mübahisənin obyektindən, hətta predmetindən asılı olaraq, qazının payı çatmalı idi. Qazı da baxırdı, kimin “payı” çox olurdu, qərarı da onun xeyrinə oxuyurdu. Zərərçəkmiş tərəf etiraz edəndə, atdanıb-düşəndə, qazının fərraşları onu yaxşı çırpırdılar, hətta 1-2 günlük “qoduqluğa” da soxurdular...
Bəli dostlar, Qərbin xəmiri ədalətlə, bizimki rüşvətlə yoğrulub. Qərbdə kişi sözü qanun deməkdir, Şərqdə isə "söz vermişəm, beh verməmişəm" bəhanəsi işləkdir. Qərb kosmosa ekskursiyaya gedir, Şərq hələ də "şetana daş atmağın" həsrətindədir. Bizim mentalitetimiz ayrıdır, ona görə də, Qərb dəyərlərinə inteqrasiyamız bu qədər ağrılıdır. “Ərəb baharı” eksperimentləri göz qabağındadır...
Qalib ARİF
 
Paralel.az
 
 
0.015083074569702