Televiziyalar dilimizi niyə korlayır?

Televiziyalar dilimizi niyə korlayır?
 



Elçin Bayramlı

Televiziya bütün dövrlərdə ən güclü təbliğat vasitəsi hesab olunub. Ədəbi dilin formalaşmasında TV-lərin rolu böyükdür. Bütün ölkələrdə olduğu kimi, Azərbaycan ədəbi dilinin formalaşmasında, xalq tərəfindən öyrənilməsində də televiziyanın böyük rolu olub. Lakin, bu gün AzTV istisna olmaqla televiziyaların demək olar ki, hamısında dil problemi mövcuddur. Aparıcılar ədəbi dili kənara qoyub, jarqonlar, əcnəbi sözlərlə, ara kəlmələri ilə danışırlar. İTV-də belə qüsurlara nadir hallarda rast gəlinir, lakin özəl kanallarda belə halların sayı-hesabı yoxdur.

Üzeyir Hacıbəyov “Yeni üsuli–təbii haqqında bir neçə söz” adlı məqaləsində (Tərəqqi qəzetinin 1909-cu il mart tarixli nömrəsində) yazırdı: ”Biz müəllimlər öz dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi xarab edirik. Yüzlərlə müəllim ana dilinin qaydalarından heç nə bilmir”. Məqalənin yazılmasından 1 əsrdən çox keçsə də, orada qeyd olunan fikirlər öz aktuallığını bu gün də saxlamaqdadır. Dilimizi ən çox internet mediası korlasa da, bunu televiziyalara da aid etmək olar. Müasir dövrdə televiziya və radio kanallarnın dili olduqca çox müzakirə edilən məsələdir. Bu həmin sahədə çalışan əməkdaşların bəzilərinin konkret olaraq savadsızlığından, digər qisminin isə xarici dillərə meylindən irəli gəlir.

Bəzən kanallarda bundan sui-istifadə halları olur. Onlar bəzən verilişlərə dəvət etdikləri qonaqlarla xarici dilə aid sözlərlə danışırlar. Onların cümləsinin bir hissəsi türkcə, bir hissəsi rusca, bir hissəsi ingiliscə qurulur.

Sözlərin “qol-qabırğasını” sındıra-sındıra, hər sözə bir şəkilçi artırmaq və ya azaltmaqla danışmağı kimlərsə dəb salır. Qeyri-səlis tələffüz və diksiya problemi olan aparıcı televiziyanın imicinə güclü ziyan vurur, amma nədənsə bunu telekanal rəhbərliyi görmür, ya da... Efirdə belə bir aparıcını görən tamaşaçı isə bunu özünə qarşı təhqir hesab edir, telekanalı daha az izləyir.

Kommersiya telekanalların aparıcılarına baxanda aydınca görünür ki, intellektual bazaya, normal söz ehtiyatına və ana dilində savadlı danışıq qabiliyyətinə malik deyillər. Bunu söz bazasının zənginliyi barədə də demək olar. Məsələn, Rusiyada TV və mətbuatda 200 mindən çox söz istifadə olunduğu halda, Azərbaycanda mediada istifadə olunan sözlərin sayı 50 mindən artıq deyil. Son vaxtlar isə əksər aparıcı və jurnalistlər cəmi bir neçə min sözlə danışır və yazırlar ki, bu da dilimizin imkanlarına müvafiq deyil.

Bəzi aparıcılar robotu xatırladır. Standart sözlər və ifadələr, şablon cümlələr, məişət danışıq stili…

Elə aparıcılar var ki, diksiyası yerindədir, amma danışan kimi hiss edilir ki, onun savad və dünyagörüşü çox azdır, həyat təcrübəsi yoxdur. Aparıcıların yaş faktoru da oldüqca vacibdir. Bizim xəbər aparıcılarına baxın, çoxu 20-25 yaşlı gənclərdir. Həyat təcrübəsi az olan, savadı və söz bazası zəif olan birinin TV-dən xalqa məsləhət verməsi də bir başqa problemdir.

Televiziya və radiolardakı bu problemə nəzarət edən, cəza tədbiri görən bir instansiya olmadığından vəziyyət yaxşılaşmaq əvəzinə pisləşir. Üstəlik, televiziya və radioların ucuz işçi qüvvəsi olaraq diletantları cəlb etməsi, peşəkarların kənarda qalmasına səbəb olur və nəticədə bu özünü efirdə aydın göstərir.

Bu məsələ çox vacibdir, biz ana dilimizi qorumasaq, tezliklə dilimiz tamam dəyişəcək, nəsillər arası əlaqə qırılacaq, yeni nəsillər köhnə nəsillərlə bir-birini başa düşməyəcək, yenilər köhnə ədəbiyyatı oxuyanda, köhnə filmlərimizə baxanda çoxunu başa düşməyəcək. Min illərdir qoruyub bu günədək gətirib çıxardığımız milli sərvətimizi indi itirməli deyilik.

Ana dilinin qorunması haqda xüsusi qanun qəbul olunmalı, mediada ana dilinin qaydalarına uyğun olmayan, dilimizin rəsmi lüğət ən azı qınaq tətbiq olunmalıdır. Dəfələlərlə qəsdən təkrralanan hallarda isə cərimələr tətbiq etmək olar.

Paralel.az

0.022850036621094