Alpinistlər və turistlər

Alpinistlər və turistlər
 
 
 
"Qısa qeydlər" silsiləsindən
İnsanın məqsədini - Azərbaycanda təbii ki, vəzifəni həyatın zirvəsi hesab etsək, onda bu zirvəyə can atanları iki yerə bölmək olar: alpinistlər və turistlər...
Alpinistlər zirvəyə özləri, obrazlı desək, dişlə-dırnaqla, addım-addım çıxırlar. Sonda Vladimir Vssotskinin dediyi kimi, zirvədə daş heykəltək dururlar, bir köks dolusu nəfəs alırlar, aşağılara baxırlar. Xoşbəxtdirlər, sevinirlər, onların hisslərini sözlə ifadə etmək olmur. Ancaq hardasa peşmandırlar, ürəklərində zirvəyə çıxanlara, zirvəsi qarşıda olanlara həsəd aparırlar...
Turistlərlə isə məsələ tamam ayrıdır. Onların məqsədi zirvəyə çıxmaq deyil, zirvəyə çatmaqdır. Onları məqsədə - zirvəyə vertalyot çatdırır. Təbii ki, zirvəni fəth etməkdən yox, ordan görünən gözəlliklərdən ləzzət alırlar. Çantalarını bellərinə taxırlar, kameralarını əllərinə alırlar, mənzərə ovuna çıxırlar. Düşünürsüz ki, burdan o yana alpinistlə turistin statusu eyniləşir?! Qətiyyən. Alpinist zirvəyə özü, addım-addım çıxdığı kimi, özü də düşə bilər. Turist isə zirvəyə özü çıxmadığı kimi, özü də düşə bilməz, vertalyot gözləyər.
Düşünürəm ki, Azərbaycanda vəzifə zirvəsinə çıxmaq da belədir. Alpinist kimi addım-addım çıxanlar da var, turist kimi vertalyotla uçanlar da. Alpinistlər özləri gələ bildikləri kimi, özləri də gedə bilirlər. Turistlər isə, özləri gələ bilmədikləri kimi, özləri gedə də bilmirlər, yuxarıdan göstəriş (oxu: vertalyot) gözləyirlər...
Qalib ARİF
Paralel.az
0.017421007156372