Biz niyə bu gündəyik !?

Biz niyə bu gündəyik !?
 
 
“Qısa qeydlər” silsiləsindən
Bizim millətin qeyrətini çəkən köhnə kişilərin bir hissəsini bolşeviklər 30-larda türmələrdə, sürgünlərdə qırdılar, millətin genofonduna sağalmaz yara vurdular. Bir hissəsi də 41 - 45-də çetdi, canını bolşeviklərin vətəninə qurban etdi. Köhnə kişilərin oğulları 60 – 70-lərdə dirçəlməyə başladılar, onları da sovetin senzurası sıxdı, suyunu çıxartdı, sapı özümüzdən olan baltalar evini yıxdı... Regionçuluq, qohumbazlıq da axırına çıxdı...
Köhnə kişilərin nəvələri 80-lərin sonlarında ayaqda durdular və Azərbaycanda müstəqil dövlət qurdular. 90-larda I Vətən müharibəsinə atıldılar, torpaq yolunda şəhid oldular. Sağ qalanlara da Vətəndə yer, iş tapılmadı, ayaqlarını əllərinə aldılar və bir tikə çörək dalınca Rusiya - Türkiyə bazarlarına, Avropa yollarına üz tutdular. Xalq günahımdan keçsin, Azərbaycanda elə kəndlər var ki, damazlığa bir kişi qalmayıb... II Vətən müharibəsi və köhnə kişilərin nətiçələri yetişdi. Ata-babalarına layiq oğullar 44 gündə Vətən torpaqlarını işğaldan azad etdilər. Qələbə minlərlə igidimizin canı və qanı bahasına başa gəldi, qazilərimiz gələcəyə ümidlə kəndinə, ailəsinə döndü...
Sən saydığını say... Müharibə qurtarsa da, problemlər qurtarmadı – Vətəndə vəziyyət "urusca"dır. Aşağılardan güman yoxdur, yuxarılardan aman. Sosial pilləkan yoxdur, çoxdan sındırıblar, qohumbazlıq, rüşvətxorluq, inhisarçılıq baş alıb gedir. Müəllimlər, həkimlər bir qarın çörəyə işləyir, pensiyaçılarımız Allahdan yardım diləyir. Gənclər - köhnə kişilərin nəticələri Vətəndə öz qabiliyyətləri ilə yaxşı bir iş qura, yuxarı qalxa bilmirlər, özlərini reallaşdıra bilmirlər. Odur ki, sürətlə ingilis dili öyrənirlər, Vətəndən qaçmağa, Avropaya, Amerikaya qucaq açmağa fürsət gözləyirlər... Və “asta qaçan namərddir” deyib arxaya baxmadan gedirlər...
Beləliklə, millətin qeyrətini çəkən köhnə kişilər indi gordadır, övladları da özgə qapılarında, Allah bilir hardadır... Nəvələri, nəticələri də İ və II Vətən müharibələrində şəhid, qazi oldular. Vətəndə də şəhid ailələrinə çörək verən, qazilərə əl yetirən, kömək edən məmurları barmaqla saymaq olar. Hökumət oğru, quldur “axtarışında”, ziyalılar “tavan altında”, millət “Qul bazarında”dır...
Ona görə də biz bu gündəyik...
Qalib ARİF
Paralel.az
 
 
0.039014101028442