Şəxsin icazəsi olmadan onun barəsində vidoçəkiliş , audio yazı aparmaq olarmı?

Şəxsin icazəsi olmadan onun barəsində vidoçəkiliş , audio yazı aparmaq olarmı?
 
Şəxsin icazəsi olmadan onun barəsində vidoçəkiliş , audio yazı aparmaq olarmı ? Ən azından əvvəlcə şəxsdən çəkiliş aparmaq üçün icazə alınmalıdırmı ?
Azərbaycan Respublikasının Konstitusiyası 32-ci maddəsi:Şəxsi toxunulmazlıq hüququ .
I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Göründüyü kimi dövlət ali hüquqi sənəddə öz üzərinə belə bir öhdəlik müəyyən etmişdir. Bundan əlavə qeyd edə bilərik ki, bu növ münasibətlər “İnsan hüquq və əsas azadlıqları haqqında” konvensiyada da öz əksini tapmışdır. Belə ki, (1945-ci il 12 dekabr tarixli) Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmçinin konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunmuşdur.
Müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadə tendensiyasının artımı, hüquqi savadlılığın zəif olması bəzən bir çox qeyri-hüquqi addımların atılmasına gətirib çıxarır ki, bunun da fəsadları daim ağır olmuşdur.
Bundan əlavə biz əksər ölkələrin, o cümlədən Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə də nəzər yetirsək görərik ki, bu növdən yazıların qeydə alınması özlüyündə cinayət məsuliyyətinə səbəb olur. Türk Ceza Kanunu 133, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 138, Almaniya Cinayət Qanununun 201-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi eyni məzmunda cinayət tərkibini ifadə edir ki, buna müvafiq olaraq da əməli törətmiş şəxsin cinayət məsuliyyəti yaranmış olur. Onu da qeyd edək ki, bu əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155.1-ci maddəsində Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məcəllənin 156.1-ci maddəsinə görə isə Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Hər bir halda əməlin hansı zəmində törədilməsi, əməldə cinayət tərkibinin olub-olmaması mütləq araşdırılır.
Vəkil Rövşən Qasımov
Paralel.az
0.013836860656738