Dost haqqında elegiya

Dost haqqında elegiya
 
 
Yaddaşımda Yaşayan Əbülfəzl Hüseyini
Ağır bir itgimiz də 1987-ci il dekabr ayının 29-u gününə düşdü. Böyük vətəndaş, qüdrətli şair, qeyrəti dünyaya sığmayan böyük alimimiz Əbülfəzl Aslan oğlu Hüseyni (Həsrət) beyninin sağ yarımkürəsinin 98 faizə yaxınını bürümüş xoşxassəli (həkimlərin dediyinə görə - B.S.) şişin cərrah əməliyyatı zamanı ömür saatını dayandırmalı oldu. Şiş beyindəydi – müalicəsi gah qılçasında olmayan duza qarşı aparıldı, gah ürəyində olmayan qüsura qarşı. Özü ölümdən qorxmasa da, qarşıda çox işlər olduğunu düşünüb yaşamaq istəyə-istəyə ömrünü sənə bağışladı, mənə bağışladı qardaşım Əbülfəzl, qardaşın Əbülfəzl... Ancaq səsinə öyrəşdiyimiz, nikbinliyinə yaxşı bələd olduğumuz, ürəyi sözlə dolu, beyni cəsarətli fikirlər, tükənməz elmi fantaziyalar qovşağı olan bu nəhəngin ölümünə heç cür inana bilmirəm.
Əbülfəzllə məni alim dostum Məhəmməd Hatəmi Tantəkin tanış etmişdi. Elə ilk gündən onunla dost-sirdaş, dost-qardaş olmuşduq. O, ya bizə gələrdi, ya mən onun iş yerinə gedərdim, ya zəngləşərdik, ya da şəhərdə bir-birimizə tuş gələrdik. Deməli... demək olar, hər gün söhbətləşərdik. Söhbətlərimiz çox zaman elimizin böyük tarixindən, bugünkü, gələcək taleyindən olardı. Ədəbiyyatımızdan, incəsənətimizdən, elmimizdən, dilimizdən, dinimizdən, çatışanımızdan, çatışmayanımızdan... düşən söhbətlərimiz tükənmək bilməzdi. Bu tükənməzlik Əbülfəzlin bilik xəzinəsinin zənginliyi sayəsində idi. O, ictimai-siyasi münasibətlərin... müzakirəsində yumordan geniş istifadə edərdi. Zahirən yumşaq, düşündükcə sərt, müdrik yumoru onun söhbətlərinin mayası idi, bu yumor Əbülfəzl söhbətlərinin duzunu daha da çoxaldar, Əbülfəzl müdrikliyini daha qabarıq üzə çıxardar, Əbülfəzl söhbətlərini adi bir uşağın, ya da savadlanmamışların anlaya biləcəyi şəkilə salardı. Əbülfəzlin ən böyük nailiyyətlərindən biri onun inandıra, həm də sevdirə (nifrət etdirə) bilməsində idi.
Xalqını varlığıyla sevən oğullarımızdan, qızlarımızdan tanıdıqlarım şəxslər az deyil. Belələri sırasında Əbülfəzli ən parlaq ulduzlardan biri kimi tanımışam.
Əbülfəzl böyük elimizin Dədə Qorquduna, Babəkinə, Koroğlusuna, Cavad xanına, Səttar xanına, Şah İsmayılına... dilinə, yenilməzliyinə inandığı kimi, onun birliyinə, ölməzliyinə də inanırdı, cahanasığmaz qeyrətinə bel bağlayırdı. Onun “kəşf etdiyi” igidlərimiz, cəsurlarımız sayagəlməz idi. Bu igidlər otaylı-butaylı... Azərbaycanın idi. Əbülfəzl o tayı da, bu tayı da qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər gəzmişdi. O, el içində çox sevilirdi, çoxlarına doğma, çoxlarına əziz idi... Onunla birlikdə Bakı kəndlərində, Naxçıvanda, Ağdamda, Şuşada, Şamaxıda, Gəncədə, Şəkidə, Göyçayda... olarkən ellərimizdə necə də böyük hörmət sahibi olduğunu müşahidə edər, düşünərdim... Bu hörmətin bir adı vardı: “Əbülfəzl hörməti”... Çünki bu hörmət onun insanlıq payına düşmüşdü, vətəndaş qeyrətinin, qüdrətli zəkasının, tükənməz enerjisinin, böyük cəsarətinin eldə əks-sədası idi. Axı, bir də... Əbülfəzl düşüncəsində heç bir şəxsi mənafe, şəxsi maraq yox idi. Belə sevilmək mənim üçün sirr də deyildi. Düşünürdüm, el uşaq kimidir – onu sevəni o, gözündən, baxışından, gözünə, baxışına uyğun gələn sözündən tanıyır. Eldə Əbülfəzl tək sevilmək üçün onu Əbülfəzl qədər sevməli, ona Əbülfəzl qədər yaxın olmalı, Əbülfəzltək xidmət etməlisən. El ikiüzlüləri sevməz. Elələrinə nifrət oyadıcı ad da verib: “ikiüzlü”. Elə yaxın olduğunu deyib ondan yan gəzənlər el sevgisinə tamarzı qalar. Belə “tülküsayaq”lar Əbülfəzlin də gözündən heç cür yayına bilməzdi.
Əbülfəzl cəsarətli alim, alim-sərkərdə... idi. O, barışmadığı fikri dəf etməyi yaxşı bacaran adam idi. Onun çox güclü hafizəsi, dərin biliyi, geniş dünyagörüşü vardı. Tariximizə, ədəbiyyatımıza, incəsənətimizə, dilimizə, dinimizə, mənəvi aləmimizə... aid dərin məlumatı, mövqeyinin sabitliyi, aydınlığı onu yenilməzləşdirmişdi. Onun çıxış etdiyi bir sıra elmi konfransların iştirakçısı olmuşam. Əbülfəzl konfranslardakı çıxışlarının məzmunu, informasiya səciyyəsi, cəsarətli fikirləri ilə çox yüksəklərdə dayanırdı.
Əbülfəzlin 1972-ci ildə keçirilən toponomiya konfransında, 1981-ci ildə keçirilən Nizami oxusunda çıxışları, müzakirələri yüksək ruh doğurmuşdu. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyası Əbülfəzlin Qobustan qayaüstü yazılarına aid çıxışını təşkil etmişdi (bu haqda “Kommunist” qəzetində elan da dərc edilmişdi). Xalq şairi Rəsul Rza, bir sıra başqa görkəmli şəxslər Əbülfəzlin gəldiyi nəticələri elmdə cəsarətli yenilik kimi dəyərləndirmişdilər. Onun bu gəldiyi nəticələrin yanlış olduğunu iddia edənlər də tapılmışdı. Əslində imperiyanın tərbiyəsini almış bu şəxslər elmi əsaslara deyil, imperiya siyasətinə xidmət göstərirdilər.
Əbülfəzl öz mülahizələrini “Texnika Molodyoji” jurnalının 1972-ci il may sayında, “Qobustan” incəsənət toplusunun bir sıra saylarınd, başqa nəşrlərdə dərc etdirir, radio, televiziya çıxışlarında, şəxsi söhbətlərində geniş yayırdı. Əbülfəzl Qobustan yazılarına uyğun yazıları Naxçıvandakı Gəmiqayada da tapıb oxuya bilmişdi.
Çoxları Qobustanda, Gəmiqayada ortaya çıxarılan təsvirlərin adi rəsmlərdən ibarət olduğunu iddia edirdi. Əbülfəzl isə ilkin olaraq onların yazı olduğu ideyasını ortaya atdı, onu həm də oxumağı bacardı. Bu ideya böyük türk dünyasına qüdrətli töhfə oldu. Bu ideyaları ortaya atdığı üçün Əbülfəzl nə qədər təqibə, təzyiqə tuş gəldi... O, çəkinmədi, sınmadı, məramını itirmədi, mövqeyini, məsləkini dəyişmədi. Bu yolda Əbülfəzl elinə xidmət timsalı oldu...
Səksəninci illərdə Əbülfəzlin ideyalarını çoxları qəbul etməli oldu. Əbülfəzl ideyaları özülündə həm yeni, həm də elmi cəhətdən inkarolunmaz cərəyanlar yaranmış, elmi fikrimizdə güclü qol-qanad atmışdır. Əbülfəzl öz fədakarlığı ilə təkcə doğma xalqına deyil, bəşəriyyətə əvəzsiz xidmət göstərdi (Əbülfəzl ideyalarının təsirinin dünya elmində iz qoyduğunu cəsarətlə deyərdim). Əbülfəzl öyrətməyə çalışmırdı. Onun söhbətləinə artan maraqla qulaq asar, əhatəli məlumatlarla, elmi biliklərlə yükünü tutardın.
Əbülfəzlin toponomiyamıza (böyük anlamda) aid zəngin bilik xəzinəsi vardı. Bu xəzinə varının tükənməzliyi hamıda sonsuz heyrət doğururdu. Yüksək vətəndaşlıq qayəli adamda millətə, Vətənə lazım olan xəzinə!..
Əbülfəzl klassik ədəbiyyatımızın kamil bilicilərindən idi. O, klassik şeirdə öz nəfəsimizi asanca seçə bilirdi. Müəllifini bildirmədən bir neçə klassik şeir götürüb özümüzünkünü seçməyi tapşırsaydın, o, məziyyətlərini saya-saya səhv etmədən “bu bizimkidir” deyə, özünəməxsus şəstlə dillənər, vüqarla dayanardı. Nizami əsərlərini sətir-sətir, misra-misra bilirdi. Əbülfəz Nizamini Peyğəmbər adlandırırdı. “Elə adam olmaz, o, Peyğəmbərdir” deyirdi. Söhbətlərinin çoxunda Nizami hikmətlərindən misallar gətirərdi. O, Nizaminin divanını, xəmsəsini həm sətri, həm də öz vəznini saxlamaqla poetik tərcümə etmiş, geniş araşdırmış, ona doktorluq dissertasiyası həsr etmişdi (işinin çoxluğundan, son dönəmlərdə səhhətinin ağırlaşdığından ,doktor olmaq ona qismət olmadı – B.S.). Beləcə də ilkin olaraq, Nizami əsərlərinin bütövlükdə elmi-tənqidi mətnini işləyib hazırlamışdır.
Nizami əsərlərini öz vəznini saxlamaqla dilimizə çevrilməsinə etiraz edənlər bizcə, yanılırlar. Nizami əsərlərinin bütün imkanlarda tərcümələri, bütün imkanlarda aaşdırmaları (yüksək səviyyəli tərcümələr, araşdırmalar nəzərdə tutulur – B.S.) Nizami irsinə daha yaxşı yiyələnməyə yalnız kömək edə bilər. Axı, poetik tərcümə məhsulunun düzgünlüyü, qavranma dərəcəsi, təsir gücü ayrı-ayrı ünsürlərdən asılı ola bilər. Bu ünsürlərdən biri də, sözsüz, vəznin saxlanması ola bilər. Bu anlamda yanaşdıqda, Əbülfəzlin hər cür çətinliyə qatlaşaraq Nizami poeziyasını vəznini saxlamaqla dilimizə çevirməsinə təbii, həm də gərəkli fakt kimi baxılmalıdır.
Əbülfəzl çox sevdiyi Saib Təbrizi irsini böyük fədakarlıqla dilimizə çevirmiş, incəliklərinədək araşdırmışdır. O, bir çox klassik şairlərimizin, eləcə də bir sıra Şərq şairlərinin əsərlərini tam, ya da qismən dilimizə çevirmiş, çapa hazırlamış, ya da çap etdirmişdir. Əbülfəzl bu əsərləri həm də layiqincə araşdırmışdır da.
Əbülfəzl öz araşdırmalarını güclü elmi təfəkkürü, şairlik istedadı, sərkərdə hünəri... milli qeyrəti zəminində aparırdı. O, klassiklərimizdə “dövrünü qamçılamaq”, “dini ifşa etmək”, “qadın köləliyinə qarşı çıxmaq”... kimi diktə edilmiş, dəbə mindirilmiş primitiv, standartlaşdırılmış fikir sxemlərindən uzaq idi.
Əbülfəzin 1975-76-cı illərdə xüsusi göstərişlə tərtibinə başladığı, tərtib etdiyi, 100 səhifədən artıq həcmdə ön söz yazdığı “Azərbaycan təmsilləri” (Azərbaycan Ədəbiyyatı İnciləri” seriyasından) ədəbiyyatımızın IX yüzildən bu günədək olan dövrünü əhatə edir. Əbülfəz bu kitabını çox sevirdi. Onu hazır şəkildə “Yazıçı” nəşriyyatına çap üçün verdiyi gün keçirdiyi sevinc yadımdan çıxmaz. Əbülfəzl bu kitabının çapını səbirsizcəsinə gözləyirdi, deyirdi, onun qonorarını abidələrimizin bərpası üçün, ya da Hacı Zeynalabidin Tağıyevin məzarının abadlaşdırılmasına ayıracağam. Əbülfəzl bu kitabının çapını gözlədi... Çox gözlədi...
Bu kitabını tərtib etmək üçün o, 75-ci ildən başlayaraq Azərbaycan SSR EA Əlyazmalar institutunda, ayrı-ayrı kitabxanalarda sözün ən düzgün anlamında can qoymuşdu. O, bu yolda gərgin işlədi, çox gərgin... Avestada da təmsil axtarmışdı. Bizim eranın (İslamın meydana gəldiyi era nəzərdə tutulur –B.S.) başlanğıcından IX yüzildək də çoxlu Azərbaycan təmsili toplamışdı. Ancaq bunları tərtib etdiyi kitaba salmağa ehtiyat etdi. Maneəçilikdən çəkindi. Axı, biz əskiliyi ilə öyündüyümüz poeziyamızdan söz açanda, Qətran Təbrizidən, Xaqani Şirvanidən o yana keçməyi ağlımıza belə, gətirmirik (Malik Mahmudovun “Ərəb dilində yazan Azərbaycan şairləri” kitabındakı faktlar istisnadır – B.S.). Ağlımıza gətirsək də, ağzımıza gətirməkdən çəkinirik. Belə olduqda, manqurt təbiətlilər deməzlərmi, bizim, tutalım, IV yüzildə təmsilimizin olması “ağlabatan deyil ?!..”. Bu, ağzıköyçək manqurtları diksindirib əngələ çevirməzdimi (Əbülfəzl hər bir yeni sözündən, yeni fikrindən ötrü əngəllərə tuş gəlmiş, əzablara tab gətirməli olmuşdu. Təəssüf, bu, çox vaxt belə olmuşdu – B.S.).
Əbülfəzl təmsillərimizin IX yüzilədək olan hissəsinin tərtibini başqa vaxt üçün nəzərdə tutmuşdu. O, ərəb və fars dilində olan təmsillərimizin dilimizə çevrilməsində də çox böyük işlər görmüşdü. Belə bir ağır işi öhdəyə götürüb yerinə yetirmək üçün yalnız Əbülfəzl ardıcıllığı, Əbülfəzl qüdrəti, Əbülfəzl milli qeyrəti tələb olunurdu. Bunlar isə, yalnız Əbülfəzlə məxsus idi...
Əbülfəzl 1978-79-cu illərdə yuxusunun pozulduğundan, səhərədək göz yummadığından, 1980-81-ci illərdə sol qolu ilə yanaşı sol ayağının zəifləməsindən şikayətlənirdi. Bunları o, bizim evdə sözarası mənə bildirmişdi (bu haqda o, heç kimə, hətta, ailəsinə də heç nə deməyibmiş – B.S.), çox istədiyi mənə, mən qardaşına... Səsinə öyrəşdiyim, ağıllı, müdrik söhbətlərinə, şirin danışığına, “qardaş” sözünə alışdığım Əbülfəzl qardaşım... Zavallı qardaşım...
Əbülfəzli qabaqlar çox ümidli, çox nikbin görərdim. Elə bil, həyatı qədər sevdiyi Təbrizə günü sabah qovuşacaqdı. Ancaq, son illər bu ümid elə bil, xeyli azalmışdı. Söhbət zamanı uşaqlıq, gənclik dövrünü keçirdiyi, sonra da elimizin qurtuluşu yolunda sərkərdətək ölüm-dirim çarpışmasına girişdiyi o tayın adı gələndə ani duruxub deyərdi: “Ora da, bura da Vətənimdir. Vətənimin bir qarış torpağı da mənim üçün əzizdir. Ancaq, adam qohum-qardaşlarını, uşaqlıq yoldaşlarını da görmək istəyir...”. Bunu deyib susar, qəhərlənərdi... Onun qəhərləndiyini səsinin dəyişməsindən duyar, sözü dəyişərdim. Mənim də qəhərləndiyimi görüb yeni sözə başlardı...
Əbülfəzl həm də böyük ədəbi irs... qoyub getmişdir. Onun “Məndə sığar iki cahan...” mənzum pyesinin tamaşasına 1973-cü il oktyabrın 21-də Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun Tədris teatrında baxmışdım. Dönə-dönə tamaşanın məşqlərində də olmuşdum (Əbülfəzlin tapıntısı, həmin tamaşadakı ideyaların yetirməsidir Əməkdar artist Mikayıl Mirzə - B.S.). Əbülfəzl hər dəfə də məni Sovet küçəsində kirədə yaşadığım evdən gəlib aparar, tamaşanın mövzusu haqqında, məzmunu haqqında, aktyor oyunu barədə mənim (dost kimi ilk növbədə mənim!) fikrimi bilmək istərdi. Ancaq, “Məndə sığar iki cahan...” tamaşasına heyranlıqla baxan görkəmli sənətçimiz xalq artisti Rza Təhmasib Əbülfəzlin alnından öpüb yaddansilinməz söz dedi: Çox sağ ol, oğlum. Əmir Teymur sənin göstərdiyin kimi şəxsiyyət olub. Mən də teatr tamaşasında onu sənin yazdığın kimi görmək istəyirdim. Görünür, gözləmək lazım imiş...”. Bu, Əbülfəzlin pyesinə verilən yaxşı qiymət idi. Sanki böyük sənətçi ümidlərini ümumiləşdirib deyirdi: “Deyilməmiş sözlərimizi deyə biləcək, açılmamış dərdlərimizi üzə çıxaracaq cəsarətli, qeyrətli oğullarımız vardır, yenə olacaqdır...”.
Onun qeyrət yüklü, cəsarət daşıyıcılı çoxlu başqa pyesləri, geniş təfəkkürünün, böyük istedadının məhsulu olan bir sıra poemaları vardır. Arxivindəkilərlə yanaşı, yazıb dost-tanışlarına, şeir-sənət vurğunlarına, yurdsevərlərə, millətsevərlərə... bağışladığı şeirlər, elm, ümumi təfəkkür məhsulları yüzlərlə, minlərlədir...
Əbülfəzl on bir min qəzəlin müəllifidir. On bir min qəzəl! Bu qəzəllər əlli min misraya sığışdırılmışdır. Əlli min misra – iki yüz əlli, üç yüz səhifəlik on-on iki kitabdır. Əbülfəzl ədəbi yaradıcılığının həcmini kiçildib onun hər hansı bir əsəri üzərində dayandıqda da onun qüdrətli bir ədəbi sima olduğu nəticəsinə gəlmək olar. Çünki Əbülfəzl yaradıcılığında özünəməxsusluq var. Əbülfəzl yaradıcılığında yeni söz, yeni sözün yeni deyim tərzi var. Əbülfəzl yaradıcılığı el nəfəsindən, elə inamdan, elə vurğunluqdan yoğrulub. Elə Əbülfəzl qədər bağlı olanlar varsa, onlara alqış!..
Əbülfəzl yaradıcılığında elə xəyanət yoxdu – elə sədaqət var.
Əbülfəzl yaradıcılığında eldən ayrılıq yoxdur – elə qovuşmaq var.
Əbülfəzl yaradıcılığında eldən yayındırıcılıq yoxdur – elə yönəldicilik var.
Əbülfəzl yaradıcılığında Əbülfəzl ayıqlığı var.
Əbülfəzl yaradıcılığında tariximizə xələl gətirə biləcək bir söz belə, tapmaq mümkünsüzdür.
Musiqimiz, onun tarixi, bu tarixin açılmamış sirləri Əbülfəzli çox maraqlandırır, çox məşğul edirdi. Bu tarixin qədimliyi haqqında o, çox nikbin idi. Əbülfəzl Güney Azərbaycanın (Azərbaycanın Güneyinin – B.S.) Çığamış kəndində arxeoloji qazıntı zamanı tapılan kuzə üzərində aşkarlanmış Azərbaycan muğam dəsgahını xatırladan ansamblın yeddi min illik tarixə malik olduğunu (ABŞ arxeoloqlarının müəyyənləşdirdiyinə görə) bildikdə nə dərəcə sevindiyini sözlə deyə bilmirəm. Əbülfəzl həmin ansambla xüsusi məqalə həsr edib 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdi. Bununla yanaşı, ansamblın bərpası onu düşündürməyə başladı. Bu məsələnin Əblfəzl üçün çox çətin ola biləcəyini düşünsəm də, onun özünə bildirməkdən çəkindim. Çünki “el üçün görülən iş çətin olmaz, qardaş !” deyə məni qınayacağını öncədən bilirdim. O, tezliklə işə girişdi... çalğıçıları da, çalğı alətlərini də müəyyənləşdirdi. Oxuyanları da tapdı. Mahnı mətnlərini seçdi (mahnı mətnlərinin çoxunun sözlərini də özü yazdı B.S.), əski havaların ritmini müəyyənləşdirmək üçün ciddi axtarışlar apardı. Səfiəddin Urməvinin, Əbdülqadir Marağalının, Üzeyir bəy Hacıbəylinin, daha əski çağlarda yaşamış klassiklərimizin əsərlərini oxuyub araşdırdı. Artıq hər şey hazır idi. Bədii rəhbərliyi də bir nəfər “döşünədöyən”in öz boynuna götürdüyünü, ancaq Əbülfəzlin nədənsə, ondan gözünün su içmədiyini bildirdi. Bununla, hərçənd, məşqlərə başlamaq üçün şərait yaranmışdı...
Günlərin bir günü Əbülfəzl bizə gəldi, “qardaş, ansamblın adı “Qopuz” olsa, necədir” deyə mənim fikrimi bilmək istədi... Ansamblın gələcək iş planının, həm də ssenarisinin makinadan çıxmış variantını mənə verib oxumağımı, fikrimi bildirməyimi məsləhət bildi... Bir neçə gündən sonra bədii rəhbərin yanına getdik, iş planını, ssenarini ona verdik. Az sonra ansambl məşqlərə başladı. Bədii rəhbərin rusdilli, həm də çox səviyyəsiz olduğu, ansamblın məramını, ruhunu duymadığı Əbülfəzi çox narahat etməyə başladı. Bunu bədii rəhbər özü də başa düşmüşdü...
Əbülfəzl Daşkəndə hansısa elmi konfransda iştirak etmək üçün getmişdi. Ansambl gözlənilmədən televiziyaya “İrs” (ərəb sözü olan “irs” sözü də ansamblın ruhuna uyğun deyildi B.S.) adıyla çıxdı. Əbülfəzin gərgin əməyi, böyük istedadının məhsulu olan bu ansamblın yaranması bədii rəhbərin adıyla bağlandı (həmin şəxsin bir sıra mənfi cəhətləri hamıya bəlli oldu B.S.). Bu məsələ ansamblın gələcək taleyi ilə bağlı olduğundan, həm də xoş niyyətinə haram qatıldığından, Əbülfəzli narahat etdi, çox sarsıtdı... Onun səsinə səs verən, məqsədini anlayan olmadı...
Adəvlərimizə, gələnəklərimizə ürəkdən bağlı olan Əbülfəzlin universitetimizdə bir neçə il ardıcıl keçirilən “Bahar bayramı” adlanan tədbirdəki, eləcə də özüylə keçirilən görüşlərdəki çıxışları indi də heyanlıqla xatırlanır...
Qüdrətli aşiq idi Əbülfəz. Sevgilisi Vətən idi onun... Dilindən düşməyən Vətən... Kiçik anlamda Vətən... Böyük anlamda Vətən... O anlamda Vətən... Bu anlamda Vətən... Vətən... Vətən... Vətən...
Vaxtıyla Vətənin o tayını, 1947-ci ildən, Cənubi Azərbaycan (Azərbaycanın Cənubu – B.S.) inqilabından sonra isə bu tayını qarış-qarış gəzmişdi. O taya qayıtmaq imkanı məlum səbəblər ucbatından mümkünsüz idi. Bu tayda isə hansı oymaq yadına düşürdüsə, gec-tez (maddi ehtiyac da geniş ürəkli, əli açıq, qəlbi açıq, dağ vüqarlı Əbülfəzlə elə bil, qənim kəsilmişdi – B.S.) yollanıb oranı gəzib-doana, ümidlərini dirçəldə bilirdi. Onun o taya əli çatmırdı... Təbrizi, Ərdəbili, Zəncanı, Qaradağ mahalını, Marağanı... tez-tez söhbətlərinin mayasına çevirirdi, buradaca, Bakı, Naxçıvan, Gəncə, Ağdam, Şuşa, Bərdə, Şəki... haqqında vüqarla, şəstlə danışmaqdan da vaz keçməzdi... Hər söhbətində təbrizlilərin müdrik sözlərindən, atmacalarından, zarafatlarından misallar gətirərdi... Saib Təbriziyə çox istinad edərdi. Təbriz sözünü ayrılıqda da, Saiblə yanaşı da bol-bol işlədərkən o, elə edərdi, Təbriz sözünün təkralanma səbəbi haqqında düşünməyi belə, adam yadına gətirə bilməzdi. Nə idi bu səbəb...
Qüdrətli dost idi Əbülfəzl... Onun dostluğunda “Əbülfəzl sədaqəti” vardı... O, dostluqda mümkün olduqca bütün şərtlərə əməl etməyə çalışardı. Dostdan o, düz dostluq umardı... Özünə dilədiyini dostuna diləyəndi... “Aydan arı, sudan duru” dost idi Əbülfəzl... Ayıq, həssas dost idi o...
Dostlarını bir-biri ilə tanış edərdi, tanış edəndə də onlara bir-birindən muğayat olmağı tapşırardı...
Əbülfəzl həm də elimizin sərkərdə oğlu idi. Onun dostları da, onu nəyə görə isə təqib edənlər də onunla münasibətlərində bunu heç vaxt nəzərə almırdı. “Mənə qarşı həssas olun” deməliydi o?..
Əbülfəzl həm də böyük dağ qoyub getdi – Əbülfəzl dağı. Bu dağı görəndə vüqarlanacağıq: “Bu dağ sevimlimiz, elimizin öygüsü, qardaşımız... Əbülfəz dağıdır” deyib onu dağlar dağı sanacağıq. Burada Əbülfəzlin... uyuduğunu düşünəndə ürəyimizdə də Əbülfəzl dağının olduğunu yada salıb qəhərimizi boğmağa çalışacağıq: “Ürəyimizdə də bir dağ var” deyəcəyik: “Əbülfəzl dağı...”. Bir də düşünüb “dağ-dağı udar, dağ-dağın dağı olarmış, ilahi!..”deyib köks ötürəcəyik...
Əbülfəzlin qəlbinə yaxından bələd olan, onun ürək döyüntülərinin səsindəki məqamları duya bilən hər kəs onun haqqında tükənməz cəsarətlə, böyük vüqarla danışa bilər. Belələrinə Əbülfəzl əlçatmaz görünür. O, mənim üçün də əlçatmazdır. Belələrində Əbülfəzl söhbəti sonsuzluğa dirənər. Məndə də belədir. Ancaq mən Əbülfəzl haqqında... bir də kövrələ-kövrələ danışdım. Kövrəlməyə bilmədim. Mən sizinlə danışarkən o, bir an belə, dağ vüqarıyla qarşımdan getmədi... Deyəsən, söhbətin ondan gedəcəyini qabaqcadan sezmişdi qardaşım Əbülfəzl... O, həmişəki kimi əlini əlimdən çəkmədən dağ vüqarı ilə, mənə olan qayğılı baxışlarıyla qarşımda durub gözünü gözümdən çəkmir (gözümə zillənən qayğılı gözü yalnız anamda görmüşəm...), qayğılı təbəssümlə “darıxmışdım səndən ötrü” deyirdi... Bir də, qulağıma telefon zəngi gəlirdi. Dəstəyi götürürdüm. Əbülfəzlin səsini eşidirdim: “qardaş səninçün darıxmışdım, səsini eşitmək istəyirdim... dedim görüm necəsən”...
“Səsini eşitmək istəyirdim...”. İllərin, ayların, günlərin anlara çevrilmə axarında bu sözlər zəifləyə-zəifləyə qulağımda təkrarlanıb itirdi...
...Neyrocərrahiyyə mərkəzindəki intensiv palatada Əbülfəzli öpürdüm... O da məni öpüb zəif səslə “qardaş, üzünü üzümün üstünə qoy” deyirdi... Üzümü azca tüklü olan üzünə sürtüb sanki “ürəyimdən tikan çıxartmaq” istəyirdim... O, isə “qardaş, üzünü üzümdən çəkmə” deyirdi... Palatadakılar bizə baxıb vahiməli, uğultulu səslə ağlaşırdılar... ...Mən... həm də kövrələ-kövrələ Əbülfəzl haqqında sizə beləcə danışıram... Qüdrətli qardaşım Əbülfəzl!.. Böyük qardaşım Əbülfəzl!.. “Həsrət” qardaşım Əbülfəzl!.. Xoşbəxt qardaşım Əbülfəzl!.. Qəribə taleli nəhəng qardaşım Əbülfəzl!.. Sehirli-sirli qardaşım Əbülfəzl!.. Dediklərimi öygü sanma, sən öyünən deyildin. Sənə layiq söz tapa bilmədi güvəndiyin, elmlər doktoru görmək istədiyin, səni sevindirməyə yubanan qardaşın... Dostlarınla tanışlayanda “qardaşımızdır”, “fizika alimlərimizdəndir”, “oğullarımızdandır”, “Bəhmənimizdir”... sözlərilə məni nişan verərdin, qardaş!.. Nə boyda sehri varmış qardaş sözünün, qardaş istəyinin, İlahi!.. “Bəhmənimizdir”...
30 dekabr 1987, yanvar 1988 Sözgəlişi (S.G.): Əbülfəzlin ölümünə dözə bilmirdim. Hisslərim iradəmi üstələməkdə idi. Qarşıda işər çox idi. Yaxınlarımın, kəndimin, Vətənimin, xalqımın, dostlarımın borcundan çıxmaq üçün möhlət lazım idi. Əbülfəzl haqqında az-çox bildiklərimi yazmaqla özümü ovundurmaq istədim. Bildiklərimin bir hissəsini yazdım. Buradakı üç nöqtələr gözümdən axan göz yaşlarımın bir hissəsinin təcəssümüdür. Yazdıqlarımın üstündə işləmədim, necə yazmışdımsa, eləcə də saxladım. Hər dəfə Əbülfəzlin qəhəri məni boğanda yazdıqlarımı oxudum. Bir müddət belə keçdi. Sonra da məlum hadisələr başladı...
Yazdıqlarımı 10-12.04.2008-ci ildə kompüterdə yığanda 4-5 % zəruri dəyişiklik etdim. Bu dəyişiklik dediyim sözlərə, yürütdüyüm fikirlərə zərrə qədər də olsa, təsir etmək gücündə deyil.
Bəhmən SULTANLI
Paralel.az
0.02122688293457