Bəqərə surəsinin mesajları - XVII yazı

Bəqərə surəsinin mesajları - XVII yazı
 

Siracəddin Hacı

(əvvəli ötən sayımızda)

Küfür inkardır, haqqı örtməkdir, haqq dinin gətirdiyi dəyərləri qəbul etməmək, onları gizləmək, yox saymaqdır. Kafir:

-  haqqı rədd və inkar edəndir;

-   inkarı təbiət halına gətirəndir;

-   həqiqəti eşitmək istəməyəndir;

-  həqiqəti görmək istəməyəndir;

-   bəsirəti bağlananlardır;

Zəməxşəri deyir ki, kafir həqiqəti/haqqı şüurlu olaraq inkar edən, küfründə israr edəndir.

Kafir düşünən qəlbi olub qavramayan, gözü olub görməyən, qulaqları olub eşitməyən insandır, onun yeri cəhənnəmdir (Əraf, 7/179).

Kafirlər haqqında ilk bilgi verilən ayə Müddəssir surəsindədir (Müddəssir, 74/10).

Küfür şükürsüzlükdür. Qurani-Kərimə görə küfrün səbəbləri bunlardır:

-   təkəbbür; (Əhqaf, 46/20)

-   həsəd; (Əhqaf, 46/20)

-   inad; (Əhqaf, 46/20)

-   tüğyan; (Əhqaf, 46/20)

-  ehtiyacsız olduğunu düşünmək; (Ələq, 96/6-8)

-   azğınlıq; (Yunus, 10/11)

-   həddini aşmaq; (Ələq, 96/6-8)

-   laqeydlik; (Yunus, 10/11)

Kafirlərin bu özəllikləri var:

-   onlar bir-birinin yardımçısıdır;

-   mallarını Allah yolunda xərcləməzlər;

-   yoxsula xor baxarlar;

-   dünyadakı halları ilə öyünərlər;

-   axirətə inanmazlar;

-   insanları azdırmaq istəyərlər;

-   haqla batili qarışdırarlar;

-   insanların düşüncələrini qarışdırarlar;

-   zənlə hərəkət edərlər;

-   kafir haqqı inkar edər, həqiqəti örtər/gizləyər, nankor olar;

-   o, nemətləri inkar edər;

-   fitrətinə xəyanət edər;

-   vicdanını susdurar;

-   Allahı inkar edər;

-   elçini inkar edər;

-   ilahi dəyərləri inkar edər;

Qurani-Kərimə görə Allah kafirin düşmənidir: “Allaha, mələklərinə, Cəbrail və Mikail də daxil elçilərinə düşmən olan hər kəs unutmasın ki, əlbəttə, Allah da bu kafirlərin düşmənidir” (Bəqərə, 2/98).

Kafir Allaha zərər verə bilməz: “Əgər nankorluq/küfür edərsəniz, unutmayın ki, Allah sizə əsla möhtac deyildir, ancaq O, qullarının nankorluğundan xoşnud olmaz. Şükür edən olsanız, bax o zaman Allah sizin davranışınızdan razı olar...” (Zumər, 39/7)   

Küfür Allahın hidayətini, axirətin varlığını inkar etməkdir, o, imanın ziddidir, iman təsdiq, küfür inkardır, iman şükür, küfür nankorluqdur, iman ilahi iradəyə təslimiyyət / itaət, küfür üsyandır.

Qeyd edək ki, insan məcburiyyət qarşısında, dili ilə inkar etsə, qəlbində inanmaq şərti ilə imandan çıxmaz – kafir olmaz.

Mövdudi bu ayəni təfsir edərkən öncəki beş ayə ilə əlaqə qurmuşdur: möminlərə aid özəllikləri (qeybə inanmaq, namazı istiqamət üzrə qılmaq, infaq etmək, Qurani-Kərimə inanmaq, öncəki vəhyləri təsdiq etmək, axirətə iman etmək) qəbul etməyən kafirdir (Mevdudi, Tefhimul-Kuran, c.I, s. 51).

Quran buyurur ki, kafir qəlbi olub həqiqəti qavramayan, gözü olub həqiqəti görməyən, qulağı olub həqiqəti eşitməyəndir (Əraf, 7/179).

Ayədə feil (“kəfəru” / “inkar etdilər”) keçmiş zamanda işlədilmişdir. Bunun anlamı var: kafirlər küfrü şüurlu, iradələri ilə seçdilər. Keçmiş zaman biçimi mənaya qətilik qazandırır (bu, Qurani-Kərimin üslubudur, bəzən gələcəkdə olacaq bir şeyi keçmiş zamanda təqdim edir, bu yolla da qətiliyi vurğulayır).

Təbəri yazır ki, ayədə Allah Rəsulunun elçiliyinə dəlil var. O, Qurani-Kərim nazil edilmədən öncə bu həqiqətləri bilmirdi.

Ayədə iki hissə var:

a)    küfur

b)   xəbərdarlıq

Xəbərdar etmək Allah Rəsulunun (bütün elçilərin, möminlərin) vəzifələrindən biridir. Xəbərdarlıq Allahın əzabı ilə qorxutmaqdır: günahlarından əl çək, küfrünə son qoy. Onlar inkar etsələr də, biz təbliğə davam edəcəyik, unutmayaq ki, iman kimi küfür də dəyişə bilən anlayışdır. Bu gün kafir olan, sabah mömin ola bilər, ya da əksinə...

YEDDİNCİ AYƏNİN ŞƏRHİ

خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى

أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ

“Allah onların qəlbləri və qulaqları üzərinə möhür vurmuşdur, gözləri üzərində də bir pərdə var. Məhz / bax onlardır qorxunc bir əzabı haqq edənlər”

I)     “Allah onların qəlbləri və qulaqları üzərinə möhür vurmuşdur, gözləri üzərində də bir pərdə var…”

“Qəlb” sözü “q-l-b” kökündəndir (“inqilab” sözü ilə eyni kökdəndir), Qurani-Kərimdə eyni kökdən olan sözlərin sayı yüz altmış səkkizdir, bu mənaları var:

1)    “döndərmək”, “dönmək” – “Gecə ilə gündüzə yer dəyişdirən Allahdır”; (Nur, 24/44)

2)    “intiriqa” – “Əslində, onlar bundan öncə də fitnə çıxarmağa çalışmış, sənə qarşı müxtəlif intiriqalar düzəltmişdilər”; (Tövbə, 9/48)

3)  “ovuşdurmaq” – “… Əllərini ovuşdurub qaldı”; (Kəhf, 18/42)

4)   “devrilmək” – “Haqsızlıq edənlər hansı inqilabla devriləcəklərini yaxında biləcəklər”; (Şuara, 26/227)

5)    “aqibət” – “… Heç şübhəm yox ki, bundan daha yaxşı bir aqibətlə qarşılaşacağam”; (Kəhf, 18/36)

6)  “dolaşmaq” – “… Onların şəhərdə gəzib dolaşması səni aldatmasın”; (Mömin, 40/4)

7)    “qəlb” – “Qəlbləri olmasına baxmayaraq (həqiqəti) anlamazlar; (Əraf, 7/179)

Bu mənaların ortaq nöqtəsi dəyişimdir, qəlb dəyişkəndir, “bir şeyin qəlbi onun bir şəkildən başqa şəklə çevrilməsi, döndərilməsidir” (Rağib əl-İsfahani, s. 862). İnsanın qəlbi çox dəyişir, haldan-hala düşür, ipə-sapa yatmır, ona görə də bu adı almışdır.

Qurani-Kərimdə “qəlb” sözü ruh (Əhzab, 33/10), elm, anlayış (Qaf, 50/37), ağıl (Həcc, 22/46) anlamında da işlədilmişdir. Allah qəlbləri çevirir, yəni bir görüşdən başqa görüşə yönləndirir. Qəlbin dağınıq olması (Həşr, 59/14) onun param-parça olması, hüzurunun, sükunət və rahatlığının itirilməsidir.

Qəlb bədən ölkəsinin soltanıdır. Allah Rəsulu buyurur: “... Bilin ki, bədəndə elə bir ət parçası var ki, o, yaxşı (doğru və düzgün) olarsa, bütün bədən yaxşı (doğru, düzgün) olar. O korlanarsa, bütün bədənin rahatlığı pozular. Bilin ki, o, qəlbdir!” (Buxari, İman, 39).

-  Allah sizin qəlbinizə və əməlinizə baxar; (Müslim, Birr, 34)

-  ey qəlbləri çevirən (Allahım), qəlbimi dində sabitqədəm et!; (Tirmizi, Dəavat, 89)

-  qəlblər Allahın əlindədir; (Tirmizi, Dəavat, 89)

-  “Qəlbə qəlb deyilməsinin səbəbi onun çox dəyişkən olmasıdır. Qəlb səhradakı bir ağacdan asılı qalan və küləyin o yana – bu yana sovurduğu quş lələyinə bənzəyir”; (İbn Hənbəl, IV, 409)

-  “Adəm oğlunun qəlbi (odun üstündəki) qazan kimi qaynayan bir şeydir, daima dəyişir”; (İbn Hənbəl, VI,4)

-  hədislərdə qəlb “şüur”, “vicdan”, “idrak”, “duyğu”, “ağıl”, “iradə gücünün mərkəzi”, “düşünmə imkanının mənbəyi kimi” tanıdılmışdır;

-  maddi və mənəvi həyatımızın mərkəzi qəlbdir;

-  dini terminologiyada qəlb iman və küfrün, sevgi və nifrətin, cəsarət və qorxaqlığın, yaxşılıq və pisliyin mərkəzidir;

-  mərifət (Allahı tanımaq) qəlbin işidir;

-  qəlbdə həsəd, kin, qəzəb, nifrət də, sevgi, mərhəmət, Allah qorxusu, təqva da ola bilər;

-  Qurani-Kərim Allah Rəsulunun qəlbinə nazil edilmişdir; (Bəqərə, 2/97; Şuəra, 26/193-194)

-  Allah Rəsulu belə dua edir: “Qulağımın, gözümün, dilimin, qəlbimin, bədənimin pisliyindən Sənə sığınıram”; (Nəsai, İstiazə, 4)

- Allah insana Onu tanımaq üçün qəlb, qulaq, göz vermişdir; (Nəhl, 16/78)

-  Qurani-Kərim bu vəzifələri qəlbə vermişdir: təfəkkür (düşünmə), təzəkkür (keçmişi xatırlama), tədəbbür (səbəb-nəticə əlaqəsi qurma, tədbir hazırlama), təəqqul (varlıqlar, hadisələr arasında əlaqə qurma);

- Allah Rəsulu təslim olmayan qəlbdən Allaha sığınmışdır; (Nəsai, İstiazə, 64)

-  Allah Rəsulu qəlb xəstəliklərini saymışdır: eqoizm, həsəd, təkəbbür, sui-zənn, kin, sözündə durmamaq, tamah, qəddarlıq...;

-  qəlbin qidası sevgi və mərhəmətdir;

-  Qurani-Kərimdə düşünmə, anlama fəaliyyəti qəlbə aid edilmişdir;

-  qəlbə möhür vurulması (Bəqərə, 2/88), qəlbin örtülməsi (Bəqərə, 2/98), kilidlənməsi (Məhəmməd, 47/24) insanın ağlından istifadə etməməsi nəticəsində ortaya çıxır;

-  qəlbin möhürlənməsi həqiqəti anlama imkanını itirməsidir;

-  Allah Rəsulu buyurur ki, qəlblərinizi Qurani-Kərimlə abadlaşdırın;

Ayədə adı çəkilən ikinci orqan qulaqdır: “... Qulaqları üzərinə möhür vurulmuşdur”. “Səm” (sin-mim-ayn) qulağın səsi eşitdiyi yerdir, qulağın işidir. Eşitmə çox zaman anlama mənasında işlədilir: “... Onlara ayələrimiz oxunanda eşitdik /anladıq deyərlər...” (Ənfal, 8/31), “Eşitdik və üsyan etdik”, - dedilər” (Nisa, 4/42), yəni anladıq, ancaq sənə itaət etmədik. “Eşitdik və itaət etdik”, - dedilər” (Bəqərə, 2/285), yəni anladıq, şərtlərini yerinə yetirdik.

“Eşitmədikləri halda “eşitdik” deyənlər kimi olmayın” (Ənfal, 8/21). “Bu ayənin anlamı “anlamadıqları halda anladıq dedilər” ola biləcəyi kimi, şərtlərini yerinə yetirmədikləri halda anladıq dedilər” biçimində də ola bilər, belə ki söylənən sözün şərtlərini yerinə yetirməyən insan onu eşitməyən kimi olur” (Rağib əl-İsfahani, Müfrədat, s. 514).

“Allah onlarda bir yaxşılıq olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi, onlara eşitdirsə idi də, yenə veclərinə almadan dönərlərdi” (Ənfal, 8/23), yəni onlara qavrama gücü verərək həqiqəti anlamağın yolunu açardı.

“Yoxsa eşidəcək qulaqlarımı var?” (Əraf, 7/195), “(Onlar) kardırlar, laldırlar” (Bəqərə, 2/18), “Onların qulaqlarında bir ağırlıq var” (Fussilət, 41/44) kimi ayələrdə insanın düşünmə, anlama, həqiqəti görmə imkanı önə çıxarılır.

Qurani-Kərimdə eşitmə Allaha da aid edilir, O, hər şeyi eşidən Allahdır. O, hər şeyi eşidir/bilir, qarşılığını verir. Allahın eşitməsinin necəliyini O bilir.

“Sən ölülərə eşitdirə bilməzsən...” (Nəml, 27/80), yəni sən onlara dərk etdirə bilməzsən, belə ki onların zülmləri ağıl gücünü sıradan çıxarmışdır.

“O nə gözəl görəndir, nə gözəl eşidəndir” (Kəhf, 18/26), bu ayə Allah haqqındadır, Onun hikmətini anlayan insan bu sözləri söyləyər, şükrə yönələr.

Bu ayələrdən çıxan nəticə var: Qurani-Kərimdə eşitmə ilə anlama arasında sıx bağ qurulmuşdur.

Ayədə adı çəkilən üçüncü orqan gözdür. Allah gözü qəlb və qulaqdan ayırır, belə ki onların qəlbləri, qulaqları üzərinə möhür vurulmuşdur buyurur, sıra gözə çatanda isə gözləri üzərində pərdə var deyir. Göz (“bəsər”) “b-sad-r” kökündəndir. Qurani-Kərimdə eyni kökdən olan sözlərin sayı yüz qırx səkkizdir, bu mənaları var:

1)    “fərq etmək”, “görmək” – “Mən onların görmədikləri (fərq etmədikləri bir gerçəyi) gördüm (fərq etdim)” (Taha, 20/96);

2)   “nəzarət etmək” / “müşahidə etmək” – “(Musanın bacısı) da (Fironun adamları) fərqinə varmadan uzaqdan (Musaya) göz qoyurdu” (Qəsəs, 28/11);

3)   “göstərmək” – “(Cəhənnəmliklər) bir-birilərinə göstərilirlər” (Məaric, 70/11);

4)   “ibrət almaq” – “... İbrət almırsınızmı?” (Zariyat, 50/20-21);

5)  “görən” – “Rəbbim məni niyə kor olaraq həşr etdin, axı mən görürdüm?” – deyər” (Taha, 20/125);

6)   “bəsirət” – “De ki, bu mənim yolumdur, Mən Allaha çağırıram, mən və mənə tabe olanlar aydınlıq bir yoldayıq” (Yusuf, 12/108);

7)   “həqiqət bilgiləri” – “(Doğrusu), sizə Rəbbinizdən bəsirətlər (həqiqət bilgiləri) gəlmişdir (Ənam, 6/104);

8)   “görünən” – “O (Allah) gecəni içində dincələsiniz deyə sizin üçün yaradan (çalışıb qazanmağınız üçün də) gündüzü aydınlıq qılandır” (Yunus, 10/67);

Gözdəki görmə gücü də bəsərdir, qəlbin anlama/qavrama gücünə bəsirət adı verilmişdir. Bəsirət həqiqəti gözlə görmək, əşyanın mahiyyətini, hadisənin mənasını, içini, arxasını bilmək / anlamaqdır.

Ardı var...

Paralel.az 

0.023449897766113