“Akademik elmin ruhunu tutanlar” 

“Akademik elmin ruhunu tutanlar” 
 
Dilçi alim Günel Bayramova
 
Orta əsrlər, daha dəqiq 1603-cü ildə italyan ziyalıları və alimləri Federiko Çezi, Françesko Stelluti və bir-sıra digərləri elmi müzakirələrin aparılması və elmin inkişaf etdirilməsi məqsədilə Roma şəhərində Avropanın ən qədim Akademiyasını - Milli Linçei Akademiyasını yaratdılar. Akademiyanın adında yer alan “lince” sözü əslində elmlə məşğul olan, özünü elmə həsr edən və alim adını daşıyan şəxsin malik olmalı olduğu ən əsas xüsusiyyəti - itigözlülüyü təmsil edən “vaşaq” sözündən götürülmüşdür (Vaşaqgözlülər Akademiyası). 
İlk vaxtlarda Qaliley də daxil olmaqla 5-6 üzvü olan bu Akademiya Çezinin ölümündən sonra demək olar ki, zəyifləyir, fəaliyyətini dayandırır. XIX əsrdə abbat Feliçiano Skarpellini akademiyanı Yeni Linçei adı altında bərpa etməyə çalışsa da, yalnız 1847-ci ildə Papa IX Pionun vaxtında Linçei Akademiyası Papa Elmlər Akademiyası kimi təşəkkül tapır. 
XX əsr faşizm dövründə Mussolini elmin faşizm rejiminin qaydalarına uyğunlaşdırılması məqsədilə İtaliya Akademiyasının yaradılmasına qərar verir. Bu qərar Lincei akademiyasının prezidentinin istefası ilə nəticələnir. Lakin 1926-cı ildə verilən qərardan sonra hələ 3 il İtaliya Akademiyası açılışını qeyd edə bilmir. Çünki iki məsələ qarşıda dururdu: bunlardan biri akademiyanın maliyyələşməsi məsələsi idi. Bu məsələ “Corriere della Sera” qəzetinin təsisçiləri Mario, Aldo və Vittorio qardaşlarının maliyyə yardımı və Edison Şirkətinin timsalında öz həllini tapır. Digəri və ən əsas məsələ isə Benedetto Kroçe və Roberto Brakko kimi intellektualların bu akademiyaya üzvlükdən imtina etməsi idi. Belə ki, yeni qurulan Akademiyaya üzv olan alimlərindən faşizmə sədaqət andı içilməsi tələb olunanda aralarında Benedetto Kroçe də olmaqla yeddi üzv açıq şəkildə rədd, 3 üzv isə istefa ərizəsi yazmışdı (Qeyd edək ki, Albert Eynşteyn də həmin alimlərdən biri olmuşdur). 
Dövrün görkəmli intellektuallarının olmadığı Akademiyanı açmaqda Mussolini tərəddüd edir, gülüş hədəfi olmaqdan qorxurdu. Nəhayət, 1929-cü ildə Akademiyanın təntənəli açılışı olur və qurum 15 il fəaliyyət göstərir. Fəaliyyəti dövründə akademiya həmişə tənqid hədəfi olmuşdur. Dövrün məşhur italyan tarixçisi Ciorco Qalli yazırdı: “Italiya akademiyası tənqidi təfəkkürlü intellektualları və novatorları Fransa (psevdo-əbədilər Akademiyası) burjuaziyasına xas zövqsüz təmtaraqla geyinən rəsmilərə çevirib”. 
Bir il akademiyanın prezidenti olub oraya bir dəfə də ayaq basmayan Qabriyele D’Anuntsio isə Akademiyanı “akademiklərin yem yeri “ (mangiatoia degli Acca) adlandırmışdır. 
Qeyd: mangiatoia - italyan dilində “heyvanları yedizdirmək üçün tövlənin divarına, ya qapısına asılan taxtadan qab, qutu” deməkdir.
 İndi mən AMEA-nın bağlanıb-bağlanmaması ilə bağlı fikirləri bir kənara qoyuram. Hərçənd ki, kritik anda bir-birini ifşa etmək üçün milyonlarla yeyintidə əli olan akademiklərin, dövlət büdcəsinə külli miqdarda ziyan vuran institut rəhbərlərinin və ən əsası, bütün bu proseslərə seyrçi mövqe sərgiləyən “tarixçilərin”, “dilçilərin”, “sosioloqların”, “ədəbiyyatçıların”, “iqtisadçıların” olduğu “elm ocağı”nı elmə və dövlətçiliyə həqarət hesab edirəm. “Akademik elmin ruhu”nu yaxşıca “tutub” qaranlıq dünyaya aparan, heç bir utanc hissi keçirmədən ictimaiyyət qarşısında “az maaşla elmin yükünü daşıyan zavallı” obrazı yarada bilən bu “elm məbədi”nin “sadiq” övladları nəinki sadə vətəndaşları, hətta dövləti də aldatmaqdan çəkinmir, üzə durmağı, həqiqəti danmağı nəyin bahasına olursa-olsun, yedikləri qabdan – “mangiatoia”dan əl çəkmək istəmirlər. Düzdür, həqiqi, iti qələmli, dönməz əqidəli vicdan sahibi 3-5 alim, yaxud ziyalı varsa, onların fikir mübadiləsi aparıb yaradıcılıqla məşğul olacağı bir cəmiyyətin və ya mərkəzin olması məqbuldur. Ancaq bu günkü vəziyyət onu göstərir ki, hazırda AMEA dövlətə yox, dövlət AMEA-ya xidmət edir.
Paralel.az
0.014513969421387