Hətəmxan ağa demişkən, onlarda və bizdə...

Hətəmxan ağa demişkən, onlarda və bizdə...
 



Səadət Şıxıyeva

Sivil cəmiyyətlərdə əgər mütəxəssis sayılan şəxs ixtisasına xəyanət edərək, cinayət tərkibli əmələ yol verərsə, onun diplomu, lisenziyası və s. ləğv oluna bilir. Bu barədə bədii əsərlərdə oxumuş, filmlərdə görmüşük. Bu həkim də, vəkil də, alim də ola bilir. Bizdə isə bunun praktikasına, tətbiqinə heç rast gəlmədim. Az öncə AMEA-nın həqiqi üzvü adının ömürlük verildiyi barədə məlumata rast gəldim. Qəribədir: əgər psevdoakademik kimi birinin elmə nəinki fayda vermədiyi, əksinə, yetərincə ziyan vurduğu, vəzifə səlahiyyətlərini aşaraq, başqalarının əməyinə şərik olduğu, plagiat etdiyi, elmdən uzaq, acı gülüş doğuran bəsit mülahizələri ilə elmi inkişafa zərər verdiyi faktlarla sübuta yetirilən biri varsa, o niyə eyni mövqedə qalmalıdır? Tutduğu vəzifədən gəncliyi himayə adı ilə özünə əlaltıları, qul-qaravaş dəstəsi düzəldən, sındırılmış və naqis əməllərinə görə gözükölgəli olanlardan özünə trollar qrupu yaradan, elmlə ciddi məşğul olanlara qarşı qaralama kampaniyası aparan, mənəvi terroru ilə insanlara çeşidli ziyanlar vuran birinə qarşı bu laqeydliyin səbəbi nədir? Rəhbəri olduğu müəssisədə külli miqdarda maliyyə yeyintisinə yol verdiyi barədə saytlarda məlumat verilən, idarəçiliyi barədə lətifələr dolaşan biri bu qədərmi əvəzolunmazdır?
Demək ki, bizdə mövcud olan elm haqqındakı nizamnaməyə görə akademik adını əyri yollarla alan biri əgər bu ada haqqı çatmadığı sübuta yetirilərsə belə, onun elmi adı qorunacaq və ayda səbəbsiz yerə 2 000 manat elmi dərəcə pulu alacaq... Təəccüblüdür ki, deputatın səlahiyyəti, generalın paqonu sökülə bildiyi bir zamanda psevdoalim və psevdoakademikin ömürlük toxunulmazlıq və təminatı dəyişməz qalmalıdır.
Dünən AMEA rəhbərliyindən gedən şəxsin elm və elmi mühitə vurduğu zərbə bəllidir. AMMA ELMİ MÜHİTDƏ DİRÇƏLİŞ YARADILACAQSA, SOVET DÖVRÜNÜN BU GÜN ÖZÜNÜ DOĞRULTMAYAN ELMİ MEYARLARINDAN XİLAS OLMAĞA EHTİYAC YOXDURMU?
İnkişaf etmiş dövlətlərdə elmə qoyulan tələbə uyğunlaşmanın zamanı nə vaxt çatacaq? Kimlər üçünsə qazanc mənbəyi olan, əyri yollara şərait yaradan ikipilləli müdafiələrdən xilas olmanın, ən üst elmi dərəcənin beynəlxalq standartlara uyğun şəkildə professor olaraq müəyyənləşdirməsi mərhələsinə nə vaxt keçiləcək? Təhsildə Baloniya sisteminin natamam tətbiqi, elmdə də elmlər namizədi adının fəlsəfə doktoru ilə əvəz olunması ilə elm və təhsil sahəsi nəinki irəli getmədi, hətta geriyə doğru addımlayası oldu...

ELM HAQQINDA QANUNU TƏKMİLLƏŞDİRİB HƏYATA KEÇİRMƏDƏN VƏ ELM HAQQINDAKI NİZAMNAMƏNİ BEYNƏLXALQ ALƏMDƏKİ ELMİ STANDARTLARA UYĞUNLAŞDIRMADAN ELMİ MÜHİTİ BU GÜNKÜ TƏNƏZZÜL DÖVRÜNDƏN NECƏ XİLAS ETMƏK OLAR? BU MÜMKÜNDÜRMÜ?...
Paralel.az

0.029793977737427