"Toylarda muğam dinlənilmədiyi kimi, yasda da "Ya Sin" dinlənilmir"

 

 

“And olsun ki, Biz “Quran”ı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 17-ci ayə.

Son dövrlər izləyicilərimin ən çox ünvanladığı suallardan biri hüzür məclislərində, qəbristanlıqlarda oxunan “Quran”ın ölüyə bir faydası olub-olmaması barədədir. Bu sual cəmiyyətin çox hissəsini düşündürdüyündən, Elmi-lədun bilicisi olaraq mövzuyla bağlı fikirlərimi paralel.az saytının oxucuları ilə bölüşmək qərarına gəldim.

Öncə qeyd edim ki, cəmiyyətimizdə “Quran”a yanaşma, baxış düzgün deyildir. Cəmiyyətin çox hissəsi bu kitabı hələ də ölü kitabı kimi qəbul edir, onu ancaq ölüyə oxutmaq istəyirlər. Buna görə də əhalinin bu avam və cahil xüsusiyyətindən bəzi nadan mollalar “yaxşı” bəhrələnirlər.

Sual edəcəksiz ki, oxunan “Quran”ın ölüyə heç bir faydası yoxdurmu?
Deməzdim ki, faydası yoxdur. Var; amma, necə?
Təsəvvür edin ki, zindanda, yaxud qürbətdə olan birinə salam göndərirsən. Salamı alan adam bundan sevinir ki, filankəs məni unutmayıb. Amma, bu salamın onun yaşayış şəraitinə, maddi durumuna heç bir təsiri yoxdur. Ölüyə göndərilən “Yasin” də buna bənzəyir. O biri dünyada sistem belə qurulub ki, kiməsə rəhmət, dua, “Quran” göndərəndə uca səslə bu xəbər elan olunur (bu dünyada radio, tv olan kimi). Xəbəri qəbul edən şəxs ani olaraq bundan sevinir, fərəhlənir ki, məni unutmayıblar. Amma, bu sevinc ruhun Cənnətdə, yaxud, Cəhənnəmdə olmasına heç bir təsir etmir. Yəni, halını yaxşılaşdırmır.
Ona görə də insan bu dünyada olanda “Quran”ı oxuyub, ondan faydalanmalı, orada yazılanlara əməl edərək, gözəl əxlaqa, gözəl əməllərə sahib olmalıdır ki, həm bu dünyada, həm də o dünyada bu əməllər ona rəhmət qazandırsın, yerini yaxşı eləsin. Bu mənada mən deyərdim ki, əgər insan yaşadığı dövrdə (diri vaxtı) “Quran”dan faydalanmayıbsa, ölü vaxtı bu kitab ona heç bir fayda verməyəcək, ani sevinc istisna olmaqla. Yəni, o dünyada “Quran”ın faydası bu dünyada xoş bir musiqinin faydası qədərdir – ani.

Oxucuda sual yaranacaq ki, bu sətirlərin müəllifi “Quran”ı öz rəhmətə gedənlərinə oxudurmu?
Maraqlı sualdır. Cavabım orjinal olacaq. Mənim valideynlərimin hər ikisi çoxdan dünyalarını dəyişiblər (Allah hamının dünyadan köçənlərinə rəhmət eləsin). Mən özüm ərəb əlifbasını bilmirəm. “Quran” tədqiqatlarımı da tərcümə üzərində aparıram və hesablamamı əsasən surə və ayələrdəki rəqəmlərə əsasən qururam. Valideynlərimə də heç vaxt kiməsə pul verib “Quran” oxutmuram. Qəbristanlığa yolum düşəndə “Fatihə” və “İxlas” surələrini əzbərdən oxuyub valideynlərimin ruhuna bağışlayıram. Qalan vaxtlarda hər gün valideynlərimin adlarını çəkib: “Atam filankəs filankəs oğlunun ruhuna salam və salavat göndərirəm – Allahummə Səlli Əla Məhəmmədin və Ali Məhəmməd” deyirəm. Bununla göndərdiyim salam onlara çatır və bilirlər ki, onaları unutmamışam.

Amma, digər ailə üzvlərim belə etmirlər. Onlar mollaya pul verib oxudurlar. Amma, dəqiq bilirəm ki, onların pul verdikləri molla da ərəbcəni bilmir və nə oxuduğundan qətiyyən xəbəri yoxdur. Yalandan “qart-qurt” edir. Elə Allah bunu “Quran”da xəbər verir ki, bəziləri oxuduqlarının kitabdan olduğunu göstərmək üçün dillərini ağızlarında əyişdirib, yalandan “qart-qurt” edəcəklər. Bu gün mollaların böyük əksəriyyəti belədir.

“Quran”la bağlı ailəmizdə yaşanan maraqlı bir əhvalatı da deyim. Ailə üzvlərimiz valideynlərimizə ehsan vermək üçün müəyyən günlərdə məclis qururlar. Məclisin başında da həmişə “qart-qurt” edənləri otuzdururlar. Bir dəfə belə məclislərin birində mollaya tərcüməli “Quran” verdim və tələb qoydum ki, ya ayələri oxuduqca tərcüməsini də oxuyacaqsan, ya da heç oxumayacaqsan, durub çıxıb gedəcəksən! Molla qırımımı görüb, razılaşmaq məcburiyyətində qaldı. Başladı “Ərrəhman” (Rəhimli Allah) surəsini tərcüməylə oxumağa. Surədə əsasən qadın gözəlliyi vəsf olunduğundan camaatın ağzı ayrıq qaldı ki, bu nə oxuyur belə? Surə qurtaranda məclisə yemək vermək istəyirdik ki, kənd camaatı dedilər bəs niyə “Quran” oxunmadı? Molla dedi bəs səhərdən oxuduğum nə idi, “Quran” deyildimi? Dedilər yox, o “Quran” deyildi, sən bayaqdan qadınların gözəlliyini təsvir edirsən, bizim də ağzımız sulanır. Deməli sən indiyə qədər bizim ölülərimizə bunu oxuyursanmış? Bizi aldadırsanmış? Kəndimizin cahil insanları mollanı götürdülər hoydu-hoyduya, qaldı pis vəziyyətdə. Sonra vəziyyətdən çıxmaq üçün dedi ay camaat, gözləyin, “Quran”a başlayıram. Məndən xahiş etdi ki, sən dinmə, mən ərəbcə balaca bir surə oxuyum, vəziyyətdən çıxım. Mən də vəziyyətin qəlizləşdiyini görüb, mollaya yazığım gəldi, dedim nə bilirsən elə. O da adəti üzrə biraz “qart-qurt” edib, dedi bax dediyiniz “Quran”ı indi oxudum, bayaqkı elə-belə idi.
Bu əhvalatı ona görə danışdım ki, cəmiyyət molladan “Quran” tələb eləmir, “qart-qurt” tələb edir və ancaq bu halda pul verirlər. Nə də özləri evdə bu kitabın tərcüməsini götürüb oxumurlər. Ona görə də insanlar “Quran”dan mənəvi qidalana bilmirlər.

Fikir verirsinizmi, mollalar heç vaxt məclislərdə “Quran”ı təbliğ etmirlər. Bir-iki hədis danışırlar, onda da çox vaxt məntiq olmur. Bilirsinizmi, bunun səbəbi nədir, niyə onlar kitabı təbliğ etmirlər?
Səbəb elə yuxarıda qeyd etdiyim faktdır. “Quran”ı tərcümədən oxusalar insanlar görəcəklər ki, burada onların ölüsünə aid heç nə yoxdur; mollaya pul verməyəcəklər.
İkincisi, orada yazılanların çoxuna molla özü əməl etmir, başqasına necə təbliğ etsin bunu? Biri yerindən qalxıb sual verər ki, bunu özün edirsənmi?
Üçüncüsü, “Quran”ın bütün ayələri insanları haqsızlığa qarşı mübarizəyə səsləyir. Bunu təbliğ etməyə cəsarət lazımdır ki, bu da mollalarda yoxdur.

Onu da qeyd edim ki, “Quran” bütün dövrlərin aynasıdır; onu oxuyan adam bu kitabda həm özünün, həm də ətrafındakı adamların obrazlarını görə bilir. Adətən, nöqsanı olan adamlar aynaya baxmaq istəmədikləri kimi, bir çox mollalar da həm özlərinin, həm də məclisdəki kütlənin nöqsanlarını göstərməmək üçün “Quran”ı bağlı saxlayırlar. Yalandan ağızlarını o tərəf-bu tərəfə əyişdirib məclisi yola verirlər.

Onu da vurğulamaq istəyirəm ki, bu gün məclislərdə “Ya Sin” surəsini oxumaq məqsədəuyğun deyildir. Çünki, faktiki olaraq məclisdə oturanların 99 faizi onun mənasını başa düşmür. Ona görə də olduğunuz məclislərdə fikir versəniz görəcəksiz ki, heç kəs mollanı dinləmir, hamı onun tez qurtarmasını gözləyir ki, çıxıb işinin-gücünün dalıyca getsin. İnsanları qınamaq da olmaz. Çünki, müasir dövrümüzdə vaxt çox sürətlə gedir və insanlar da buna uyğun olaraq “qaça-qaç”dadırlar. İndiki insanların vaxtını alıb 40-50 dəqiqə başa düşmədikləri bir mətnə zorla qulaq asdırmaq sağlam məntiqə sığmır.

Bu hal toylarımızda da müşahidə edilməkdədir. Fikir verirsinizmi, 20-30 il bundan qabağa qədər 2-3 gün toy edərdilər və xanəndələr oturub səhərdən bir muğam başlayardılar, axşama qədər insanlar heç yerə tələsmədən, səbrlə o muğamı dinləyərdilər. Görün indi toylara muğam ifaçıları dəvət edilirmi? Yaxud toylarımızda muğam oxunurmu? Çünkü müasir insanların oturub saatlarla muğam dinləməyə nə vaxtları, nə də həvəsləri var. Əgər dinləsələr, gərək həmin gün evə əliboş gedələr ki, bu da arzuolunmazdır.

Nəzərə alınmalıdır ki, əvvəlki dövrlərdən fərqli olaraq bu günün insanında nə səbr, nə də vaxt var. Ona görə də toylarda olduğu kimi, hüzür məclislərində də uzun-uzadı, başa düşmədiyi bir mətni zorla insanlara sırımağa ehtiyac yoxdur. Onsuz da nə anlamırlar, nə dinləmirlər. Çıxış yolu qısa söhbətlərdir: “Quran”dan bəzi tərbiyəvi ayələri oxuyub, insanlara izah etmək və onları günahlardan (rüşvətxorluqdan, zülm etməkdən, insafsızlıqdan, zinakarlıqdan...) çəkindirməyə çalışmaqdır. Bu daha məqsədəuyğundur.

Ərəbcə “Ya Sin”i tək olanda evdə, qəbristanlıqda, yaxud ölüm yatağında olan (tələsəcək yeri olmayan) bir xəstənin yanında oxumaq münasibdir. Bu vaxt ölünün ruhu yad olunduğu üçün sevinər. Can verən xəstəyə gəldikdə isə, həmin vaxt təzyiqi aşağı düşdüyündən gözünə paralel aləmdəki məxluqlar görünə və qorxa bilər. Belə xəstələrin yanında “Quran”, və yaxud digər Allah kəlamı oxunanda feyziyab olur və qorxusu azalır.

Paşa Yaqub – həkim, Elmi-lədun bilicisi

Paralel.az

0.018197059631348