Bəqərə surəsinin mesajları - XVI Yazı

Bəqərə surəsinin mesajları - XVI Yazı
 

Siracəddin Hacı:

(əvvəli ötən sayımızda)
BEŞİNCİ AYƏNİN ANLAMI
أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ
هُمُ الْمُفْلِحُونَ
“Məhz onlar Rəblərindən gələn qüsursuz bir rəhbərliyə tabedirlər, məhz onlar, bəli, onlardır sonsuz xoşbəxtliyə qovuşanlar”
1) “... Onlara hidayət verilmişdir...”
Uca allah öncə müttəqilərin özəlliklərini açıqladı, kimə hidayət verilər sualını cavablandırdı:
- qeybə tam inananlara;
- namazı istiqamət üzrə qılanlara;
- infaq edənlərə;
- Qurani-Kərimə iman edənlərə;
- öncəki ilahi kitablara inananlara;
- axirətə içdən (yəqin səviyyəsində) inananlara;
Doğru yolda olanlar, hidayətə qovuşanlar bu özəllikləri daşıyanlardır. Hidayət tələb edilən, uğrunda əmək verilən bir (ən böyük) nemətdir, insan istəyər, çalışar, uca Allah da verər.
Maturidi yazır ki, Rəblərindən gələn hidayət üzrə olmaq Ondan gələn doğruluq və rüşd cizgisində olmaqdır (Maturidi, Tevilatul-Kuran, c.I, s. 61).
Əbu Malik, İbn Abbas, İbn Məsud kimi alimlərə görə, Rəblərinin göstərdiyi doğru yolda olanlar qeybə iman edən təqva sahibi möminlər, Allah Rəsuluna və öncəki elçilərə iman edənlərdir, hidayət və fəlah (qurtuluş) onlara aiddir.
Qurani-Kərim və Allah Rəsulu hidayətlə bağlı bu ölçüləri qoymuşdur:
- “Şübhəsiz ki, sən sevdiyini doğru yola yönəldə bilməzsən” (Qəsəs, 28/56) – hər kəs hidayəti uğrunda cihad etməlidir.
- Allah Rəsulu səhabələrə hidayət üçün dua öyrətmişdir: “Allahım, hidayət etdiklərinlə bərabər məni də hidayət (mənə də hidayət ver) et”; (Tirmizi, Vitr, 10)
- hidayət qul ilə uca Allah arasında özəl bir əlaqəni ifadə edər, bu əlaqəyə üçüncü şəxsin müdaxiləsi yoxdur;
- hidayət lütf edib yol göstərmək, doğrunu, həqiqəti tanıtmaqdır;
- hidayət doğru yoldan ayrılmaq demək olan zəlalətin ziddidir;
- Qurani-Kərimdə hidayət çox zaman uca Allaha aid edilir (hidayəti verən Odur); (“Hidayet” maddəsi, DİA, c.XVII, s. 473)
- ilahi kitabda “hidayət” sözü təxminən üç yüz yerdə işlədilmişdir;
- “hüda” sözü ancaq uca Allaha aiddir; (Bəqərə, 2/5, 38; Ənam, 6/71)
- “ihtida” isə insanın iradəsi ilə seçimini ifadə edir; (Ənam, 6/97; Yunus, 10/108)
- O, əl-Hadi (hidayət verən) olan Allahdır: “Xəlq edib nizama salan, müəyyən edib yol göstərən... ən uca olan Rəbbinin adını pak tut və mədh et!”; (Əla, 87/1-5)
- vəhy hidayət rəhbəridir: “Ey insanlar, sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Qurani-Kərim) gəlmişdir!”; (Yunus, 10/57)
- “Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz elçisini hidayət və haqq dinlə göndərən Odur...” (Tövbə, 9/33; Fəth, 48/28)
- Qurani-Kərim nur və hidayətdir;
- Qurani-Kərimə sarılan nicat tapar, onu tərk edən zəlalətə düşər;
- Rağib əl-İsfahani yazır ki, uca Allahın insanı hidayət verməsi dörd mərhələdə gerçəkləşir:
a) hidayət ağıl və biliyi ifadə edir, bu iki nemət iman etməklə mükəlləf olanlara verilmişdir; (Taha, 20/50)
b) uca Allahın Qurani-Kərimi nazil etmək və elçilər göndərməklə etdiyi dəvət; (Ənbiya, 21/73)
c) uca Allahın doğru yolu tapana bəxş etdiyi lütf; (Yunus, 10/9; Təğabun, 64/11)
d) uca Allahın layiqli bəndələrini axirətdə cənnətə daxil etməsi; (Əraf, 7/43)
- bu dörd özəllik bir-birinə bağlıdır;
- uca Allah kafirlərə (Tövbə, 9/37), zalımlara (Tövbə, 9/109), fasiqlərə (Tövbə, 9/80), yalançı və nankorlara (Zumər, 39/3) hidayət verməz;
- insan öz iradəsi ilə hidayəti, ya da zəlaləti seçir;
- hidayət Cənnətin qapısının açarıdır;
- hidayətdə qalmaq hidayətə qovuşmaq qədər önəmlidir;
- Allah Rəsulu möminlərə bu duanı öyrətmişdir: “Allahım, məni bağışla, mənə mərhəmət et, mənə hidayət, afiyət və ruzi ver!” (Müslim, Zikir, 35)
- Qurani-Kərimdə bu dua var: “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!” (Ali-İmran, 3/8)
2) “...Məhz onlar, bəli, onlardır sonsuz xoşbəxtliyə (fəlaha) qovuşanlar”
“Fəlah” sözü “f-l-h” kökündəndir, “yarma”, “yarılma”, qurtulma” anlamlarını daşıyır. Torpağı yardığına görə əkinçiyə “fəllah” deyilir. Fəlah uğur qazanmaq, arzuladığı şeyi əldə etməkdir. Bu da iki yerə ayrılır: bu dünyada və axirətdə fəlaha qovuşmaq. Bu dünya ilə bağlı olan xoşbəxtlik (fəlah) yaşamaq, zənginlik və şərəfdir. Axirətlə bağlı olan fəlah dörd şeylə gerçəkləşir: sonsuz bir həyat, yoxsulluğu olmayan zənginlik, zilləti olmayan izzət, cəhaləti olmayan elm. (Rağib əl-İsfahani, Müfrədat, s. 806)
Fəlah qurtuluşa, hüzura, həqiqi xoşbəxtliyə qovuşmaqdır, insanın qorxduqlarından azad olması, umduqlarını əldə etməsidir.
Qurani-Kərimə görə fəlaha qovuşanlar bunlardır:
- namazlarını təslimiyyət ruhu ilə qılanlar;
- boş şeylərdən üz çevirənlər;
- zəkatlarını verənlər;
- iffətlərini qoruyanlar;
- əmanət və əhdlərinə riayət edənlər;
- nəfsini arındıranlar; (Muminun, 23/1-10)
- təqva üzrə olanlar; (Şəms, 91/9)
- səbir edib cihada hazır olanlar; (Bəqərə, 2/189; Maidə, 5/100)
- uca Allaha qarşı gəlməkdən çəkinənlər; (Ali-İmran, 3/200)
- şərab, qumar, tikili daşlar və fal oxlarından uzaq duranlar; (Ali-İmran, 3/200)
- Allahın nemətini xatırlayanlar; (Maidə, 5/90)
- Allahı çox zikir edənlər; (Maidə, 5/69)
- ruku, səcdə edənlər; (Ənfal, 8/45; Cuma, 62/10)
- xeyirə çağırıb, yaxşılığı əmr edib, pislikdən uzaqlaşdıranlar; (Ali-İmran, 3/104)
- Allah Rəsuluna yardım edən, Ona endirilən nura (İslama) tabe olanlar; (Əraf, 7/157)
- qeybə inananlar; (Bəqərə, 2/3)
- infaq edənlər; (Bəqərə, 2/3)
- axirətə iman edənlər; (Bəqərə, 2/4)
- Qurani-Kərimə və öncəki ilahi kitablara iman edənlər; (Bəqərə, 2/4)
- qohuma, yoxsula və yolçuya haqqını verənlər; (Rum, 30/38)
- xəsislikdən qorunanlar; (Həşr, 59/9; Təğabun, 64/6)
Allah Rəsulunun hədislərində bu deyilənlərə bir neçə bənd artırılmışdır:
- əlini (haramdan) qoruyanlar; (Mucəmul Müfəhrəs, “Fəlaha” maddəsi)
- sünnəyə tabe olanlar; (Mucəmul Müfəhrəs, “Fəlaha” maddəsi)
- ixlas sahibləri; (Mucəmul Müfəhrəs, “Fəlaha” maddəsi)
Qurani-Kərimə görə fəlaha qovuşmayanlar bunlardır:
- Allaha iftira edənlər; (Yunus, 10/69; Nəhl, 16/116; Ənam, 6/21)
- zalımlar; (Yunus, 10/17)
- günahkarlar; (Yunus, 10/17)
- sehrbazlar; (Yunus, 10/77)
- kafirlər; (Muminun, 23/117)
Muflihin (fəlaha qovuşanlar) ilə bağlı bu görüşlər var:
- uca Allahın nemətləri və lütfləri içində olmağa davam edənlərdir;
- arzularına qovuşanlardır;
- xoşbəxt olanlardır;
- qurtulanlardır; (Maturidi, Tevilatul-Kuran, c.I, s. 62)
- şərindən qorxaraq qaçdıqlarından qurtulanlardır;
- iman və əməli ilə savab qazananlardır;
- əbədi cənnəti qazananlardır;
- cəzadan qurtulanlardır;
- əbədi xoşbəxtliyi qazananlardır;
- arzu edilənləri qazananlardır;
Müflih (fəlaha/ qurtuluşa qovuşan) iman, infaq, namaz, axirət inancı və ilahi kitabları təsdiqlə çətinlikləri məğlub edən, uğur qazanan, məqsədinə çatan, mükafatı haqq edəndir. Onun önündə zəfər qapıları açılmışdır.
Azan hər gün insanları fəlaha – qurtuluşa, iki dünyanın səadətinə çağırır. Hidayət və qurtuluş (fəlah) onları axtaranlara, uğrunda cihad edənlərə, ilahi iradəyə təslim olanlara verilər.
Uca Allah buyurur: “Cəhənnəmdən uzaqlaşdırılıb cənnətə qoyulan kimsə artıq qurtulmuşdur (fəlaha qovuşmuşdur)” (Ali-İmran, 3/185).
ALTINCI AYƏNİN ŞƏRHİ
إنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ
لاَ يُؤْمِنُونَ
“Bu bir gerçəkdir ki, küfrə şərtlənmiş (saplanmış, düşmüş) o kimsələri (kafirləri) istər xəbərdar et, istər etmə, onlar üçün (ikisi də) birdir: iman etməzlər”
1) Kafir və küfür anlayışları
Uca Allah Bəqərə surəsinin ilk beş ayəsində təqva sahiblərini (qorunanları, Allah qarşısında məsuliyyətini dərk edənləri) tanıtdı: onlar qeybə inanır, namazı istiqamət üzrə qılır, infaq edir, Qurani-Kərimi, öncəki vəhyləri təsdiqləyir, axirətə təslim olur, səmimi bir qəlblə imana bağlanırlar.
Qurani-Kərim məsani bir kitabdır, məsələləri ikiyönlü, ziddi ilə anladır: bu dünyadan danışırsa, axirətdən də danışır, ilahi kitabda ağla qara, həyatla ölüm, bədənlə ruh ... bir aradadır. Bu yol məsələləri bütün yönləri ilə görməyə imkan verir, həqiqəti anlamağın önünü açır.
Möminlərdən sonra sıra kafirlərə çatır. “Kafir” sözü “k-f-r” kökündəndir, Qurani-Kərimdə eyni kökdən olan sözlərin sayı beş yüz iyirmi üçdür, bu mənaları var:
a) “örtmək” – “(Ayələrimizin üstünü/anlamını) örtənlər, bu yolla da kafir olaraq ölənlərə gəlincə, Allahın, mələklərin və bütün insanların lənəti onların üzərinədir”; (Bəqərə, 2/161)
b) “əkinçi” – “Bir yağış kimidir, bitkiləri əkinçilərin xoşuna gedər”; (Hədid, 57/20)
c) “kəfarət” – “Bunun da kəfarəti ailənizə yedirtdiyiniz yeməyin orta halından on yoxsulu doyurmaq, ya da onları geyindirmək, ya da ki bir kölə azad etməkdir”; (Maidə, 5/89)
d) “qoxu/ətir” – “Yaxşılar isə içinə kafur qatılmış bir qədəhdən (cənnət şərabı) içərlər”; (İnsan, 76/5)
“Kafir” sözü ismi-faildir (“küfür” sözü də eyni kökdəndir, məsdərdir), örtmək/gizləmək anlamını daşıyır. Toxumu torpağın altında gizlətdiyi üçün əkinçiyə “kafir” deyilir, qaranlığı ilə bütün gecəni örtən gecə kafir adlanır, böyük dəniz və böyük çaya da dibini, yatağını örtdüyü üçün kafir sifəti aid edilmişdir, qın qılıncı örtdüyü üçün kafirdir. Ağacdakı meyvənin üstünü örtən qabığa “kafur” adı verilmişdir. Nemətin küfrü şükrü tərk edərək onun varlığını inkardır. Küfrün ən böyüyü Allahı inkar etməkdir. Küfran neməti inkardır, nankorluqdur. Kafirlik haqqı/həqiqəti gizləməkdir, zülmdür, hər öyülən iş imandan, hər çirkin iş də küfürdəndir. “Kəfur” nankorluqda sınırı/həddi aşandır (çox nankor olan). Küfrü inanc halına gətirmək kafirlikdir. Kəffarət günahı örtən yaxşılıqdır.
“Kafir” sözünün cəmi “küffar”dır. “Mütləq anlamda işlədilən kafir anlayışı Allahın birliyini, elçiliyi, şəriəti, ya da hər üçünü inkar edən insan anlamını daşıyır”. (Rağib əl-İsfahani, Müfrədat, s. 919)
Bu ayədə küfür nankorluq anlamındadır: “Məni anın ki, Mən də sizi anım, Mənə şükür edin, küfür (nankorluq) etməyin”. (Bəqərə, 2/152)
Küfrün termin anlamı budur: Allahı, Onun göndərmiş olduğu halal dini (İslamı) inkar etmək. Allaha, göndərdiyi dinə inanmayan insan Ona qarşı ən böyük nankorluğu etmiş, üzərindəki Allahın nemətlərini örtmüşdür. Küfrün cəzası əbədi olaraq cəhənnəmdə qalmaqdır.
Küfür qəlblə olar, bu, iman edilməsi zəruri olan şeyləri inkar etməkdir. Küfür dillə olar, bu, imana, İslamın əsaslarına zidd şeylər söyləməkdir. Dinin bir qismini qəbul edib, bir qismini etməmək, eləcə də şirk, Allahın halal etdiklərini haram saymaq (ya da əksinə) da küfürdür.
Günahın varlığına inanmaq, günahın günah olduğunu inkar etməmək şərti ilə günah işləmək küfür deyil, fısqdır/fasiqlikdir.
Kafir o şəxsdir ki, vəhy ona açıq və qəti şəkildə bildirilir, o da açıq və qəti biçimdə inkar edir. O, münafiq (ikiüzlü) kimi deyil, münafiq qəlbində inkar, dilində təsdiq edən insandır, müsəlman kimi görünən kafirdir (qeyd edək ki, kafir qeyri-müslimlərlə eyni anlamda deyil).
Ardı var...

Paralel.az

0.016534090042114