İpoteka-ömürlük borclanma...
Azərbaycanda kimlər ipoteka krediti almaq imkanlarına malikdirlər?
Son zamanlar jurnalistlərə güzəştli ipoteka kreditlərindən yararlanmaq imkanlarının yaradılması barədə söhbətlər geniş müzakirələrə səbəb oldu. Bu isə onu deməyə imkan verir ki, hökumət artıq jurnalistlər üçün mənzillər inşa etməyəcək. Bunun əsas səbəbi isə bu nəcib işə Əli Həsənov, Vüqar Səfərli kimi məmurların haram qatması, haqsızlıq və ədalətsizliyin son həddə çatdırılmasıdır. Hazır olduğu deyilən 3-cü binanın da taleyi məlum deyil. Görünür, Əli Həsənov- Vüqar Səfərli cütlüyü bu binanı tilsimə salıb.
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov da bina barədə açıqlamasında bildirib ki, «bina ilə bağlı bizdə heç bir məlumat mövcud deyil».
Bax belə. Bəzi media «generalları»nın Əli Həsənov- Vüqar Səfərli cütlüyünün başına yığışaraq, onların media üzərində hegemonluğunu dəstəkləmələri səbəbindən çox sayda imkansız jurnalistlər Prezidentin bu lütfündən də, deyəsən məhrum olacaqlar. Belə düşünməyə səbəb olan da, son vaxtlar jurnalistlərə güzəştli ipoteka kreditlərinin veriləcəyi söhbətlərinin ortaya atılmasıdır.
Amma heç kim dəqiq məlumata sahib deyil ki, bu kreditlər hansı şərtlərlə veriləcək. Ümumiyyətlə, Azərbaycanda ipoteka kreditlərini ödəyə biləcək gəlirə malik jurnalistlər varmı? Hazırda media sahəsində çalışan jurnalistlərin orta əmək haqqı 500 manatdan yuxarı deyil. Ölkəmizdəki bahalığı da nəzərə alsaq, jurnalistlər ümumiyyətlə, kreditləri ödəmək imkanından məhrum insanlar kateqoriyasına daxildirlər. Bəzi imkanlı həmkarlarımızın isə ümumiyyətlə mənzil problemi yoxdur. Bir qisim həmkarlarımız isə yalan-doğru Əli Həsənov, Vüqar Səfərli dönəmində bu problemi həll etməyə nail olublar. Yerdə qalan imkansız, dostsuz və qohumsuz jurnalistlər arasında isə ayda 250-300 manat kredit ödəyə biləcək insanların sayı çox azdır. Ələlxüsus da yaşlı və ahıl jurnalistlər arasında krediti ödəyə biləcək miqdarda pensiya alanlar demək olar ki, yoxdur. Olsalar belə, Azərbaycanda mövcud olan bank sistemi yaşı 60-ı keçənləri artıq öz siyahılarından çıxarıblar. Onlara nəinki uzunmüddətli, hətta qısamüddətli kreditləri belə vermirlər.
Buna görə də hesab edirəm ki, Prezidentin xüsusi Sərəncamı ilə inşa edilən və tam hazır vəziyyətdə olduğu deyilən binadakı mənzillər ahıl və yaşlı jurnalistlərə verilməli, gənclər üçün isə elə kredit şərtləri təklif olunmalıdır ki, onlar bu məbləği ödəməkdə zorlanmasınlar.
Bir məsələni də diqqətinizə çatdırım ki, əslində dünyada insanların mənzil hüququna tam təminat verən sistem sovet dönəmində mövcud olub. Bu gün Azərbaycan dövlətinin də, imkanı var ki, insanları ömürlük borclanmaya məhkum etmədən onları mənzillə təmin etsin. Deyə bilərsiniz ki, bu necə olacaq? Çox sadə, dövlət xüsusi sosial layihə şəklində binalar inşa edir. Həmin binalardakı mənzilləri sovet dönəmində olduğu kimi, mülkiyyət hüququnu özündə saxlamaqla imkansız insanlara kirayə verir. Amma şərtlər bir qədər dəyişir. Yəni bu binalarda mənzil alan şəxslər, mənzilin aylıq kommunal xərcləri ilə yanaşı, həm də mənzilin dəyərinin bir hissəsini öz imkanına görə ödəyir. Mənzilin dəyəri tam ödənildikdən sonra, mənzil istifadəçinin mülkiyyətinə keçir. Burada, sadəcə vaxt məhdudiyyəti aradan qalxır. Kimin imkanı daha çoxdur pulunu 5-10-15 ilə ödəyir, kimin imkanlarl məhduddursa, 20-30-40 ilə.
Bu gün təklif olunan formada isə kreditlərin ödənməsində bir çox problemlər yaranır. Məsələn, mən jurnalist olaraq dövlət ipoteka fondundan güzəştli ipoteka krediti alıram. Amma bir müddət sonra iş qabiliyyətimi itirirəm, pensiyam isə krediti ödəməyə imkan vermir, onda necə olacaq? Yaxud da, gənc jurnalist yüz min manat dəyərindəki mənzili güzəştli ipoteka krediti götürüb, işi də yaxşıdır, 300-350 manat ödəmək onun üçün problem deyil. 3-5-10 li keçir, kreditin hələ yarısı ödənməyib, həmin jurnalist hansısa səbəbdən işini itirir, yaxud gəliri azalır, kreditiylə ödəyə bilmir, onda necə olsun?
Təxmini hesablamalara diqqət edək. 30 liə götürülən 100 min manat dəyərindəki krediti ödəmək üçün kredit alan ildə 3333 manat, üstəgəl illik 4 faiz ödəməlidir. Bu da ayda 280-290 manat edər. 280-290 manat kredit ödəyən vətəndaşın, həm də ayda ən azından 50-60 manat kommunal xərclərə ödəmək məcburiyyətində olduğunu nəzəzrə alsaq, bu ayda təxminən 350 manat edir. Bu məbləği ödəmək üçün jurnalistin aylıq gəliri ən azından 1000 manatı keçməlidir ki, ailəsini ac qoymasın. Amma bu gün mənim tanıdığım jurnalistlər arasında ayda 1000 manat gəliri olan jurnalist demək olar ki, yoxdur. Bunu heç şübhəsiz ki, jurnalistlərə ipoteka krediti ilə mənzil cahibi olmağı təklif edənlər də bilir.
Sadəcə olaraq, bu yolla jurnalistləri aldatmağa səhd edirlər ki, dövlət bu kateqoriyadan olan insanların da problemlərinin həllinə çalışır.
Əgər ölkəmizdə minimum əmək haqqı cəmi 300 manat, minimum pensiya 240 manatdırsa və vətəndaşların 80 faizindən çoxu bu gəlirlərlə dolanmaq zorundadırlarsa, onda həmin insanlara aylığı 350-400 manat olan ipoteka kreditlərinin təklif edilməsinin anlamı nədir? Çox bəsit. Bunun adı «biz təklif etdik, siz istəmədiniz», deməklə problemdən yaxalarını kənara çəkmək.
O ki qaldı pensiyaçılara, onların vəziyyəti daha ağırdır. 40-50 il eyni müəssisədə çalışan və bunun müqabilində 250-300 manat pensiya alan vətəndaş özünün normal yaşamını necə təmin etməlidir?
Görünür, pensiya qanununu hazırlayanlar bu dövləti və xalqı talamaqla o qədər sərvət toplayıblar ki, pensiyaya ümumiyyətlə ehtiyacları yoxdur. Bununla belə, dövlət qulluqçusu adı ilə dövlətdən hər ay ən azından 2000-2500 manat pensiya da alırlar.
Məhz bu səbəbdən də, vətəndaşların halı, əhvalı onlar üçün maraqlı deyil.
Yusif Seyid