Bizə 191 metrlik bayraq lazımdırmı?

Bizə 191 metrlik bayraq lazımdırmı?
 

Son günlər Türkiyə mediasında yayılan xəbərlərə görə, Azərbaycanda dünya rekordu qıracaq yeni bayraq dirəyinin quraşdırılması nəzərdə tutulur. Bu layihəni Türkiyənin "Çimtaş" şirkəti həyata keçirəcək. Yeni bayraq dirəyi 191 metr hündürlüyə malik olsa da, mətbuatda gedən informasiyalara görə, hər şey nəzərə alınıb, yəni bu bayraq dirəyi Bakının dəlisov küləyinə sinə gərə biləcək.

Dirəyin diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.

Biz inanmırıq ki, qardaş Türkiyədə fəaliyyət göstərən bir şirkət Azərbaycanda bayraq ucaltmaq üçün keyfiyyətsiz materiallardan istifadə etsin. Yəni dirəyin yerli şəraitə uyğun olaraq uzun müddət Azərbaycan bayrağını səmada saxlayacağını zərrə qədər də şübhəmiz yoxdur. Amma məsələnin bir başqa tərəfi də var - bu bizə lazımdırmı? Bu suala indiki halda müsbət cavabın özü belə, sual doğurur...

Əvvəla onu qeyd edək ki, bayraq dövlətin əsas atributlarından biri kimi qəlblərdə ucalmalidir, vətəndaşa bayrağı sevdirmək lazımdır. Sevgi isə əsassız və səbəbsiz olmur. Biz dövlət və ya onu idarə edən hökumət olaraq daha əzəmətli bayraq dirəyi inşa edə bilərik, lakin bu heç nəyi dəyişməz. Bayraq dövlətin simvolu olaraq, mənaca dövləti özündə ehtiva etdiyindən, vətəndaşa bayrağı sevdirmək istəyiriksə, biz vətəndaşa öncə dövləti sevdirməliyik. Bu isə bir sərəncam və ya qərarla əzəmətli bayraq dirəyi ucaltmaq qədər asan deyil. Bunun üçün dövlət öz vətəndaşını o qədər qayğı ilə əhatələməli, hər zaman ona dayaq olmalıdır ki, vətəndaş da dövləti özününkü saysın, dövlət büdcəsini öz cibi hesab etsin. Çox təəssüflər olsun ki, biz hakimiyyət olaraq hələ bunu bacarmırıq. Azərbaycanda vətəndaş dövlətə nəinki ümid yeri, dayaq kimi baxmır, hətta, ondan qorxur və hər zaman özünü dövlətdən qorumaq instinqti aktiv halda olur. Siz elə bilirsiniz ki, "dövlətlə dövlətçilik etmək olmaz" aforizmi boşboğazlıqdan yaranıb? Əlbəttə, yox, Azərbaycan vətəndaşı həmişə dövlətə guvənməkdənsə, özünü dövlətdən qorumaq üçün şüuraltı tədbirlərə malik olub. Dövlətdən qorxan, dövlətdən qorunmaq üçün ünlu-türlü düşüncələrə sahib olan vətəndaş, o dövləti necə özününkü saya, necə sevə bilər?

Bu gün Azərbaycan bayrağını sevmək üçün Azərbaycan vətəndaşının yalnız iki əsası var: şəhidlərimizin qanı və Azərbaycan Xalq Cümhuriyyəti...

Yəni fiziki olaraq bayrağı uca zirvələrə daşımaq və buna da milyonlarla vəsait xərcləmək vətəndaş rakursundan baxanda mənasız bir məsələdir. Amma bu, artıq başqa məsələdir ki, bayrağı fiziki olaraq uca zirvələrə qaldırmaq üçün bir qədər maliyyə vəsaiti var və bir qurup şəxs onun kölgəsində ayrılan vəsaitdən oğurlayaraq özünə ilkin kapital yığır.

Yeri gəlmişkən onu da qeyd edim ki, Böyük Məhəmməd Əmin Rəsulzadə "Bir kərə yüksələn bayraq bir daha enməz" deyəndə heç də bu gün hökumət olaraq bizim əzəmətli dirək inşa etməyimizi, fiziki olaraq bayraq ucaltmağımızi nəzərdə tutmurdu. Dövlətimizin banisi, məhz bayrağımızın vətəndaşların qəlbində ucalmağını nəzərdə tuturdu. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, vətəndaşa dövləti sevdirməkdən keçir. Bu gün azərbaycanlıların qəlbindəki bayraq sevgisi həmin o 23 ay yaşayan Cümhuriyyətin və 44 günlük müharibədə bayrağa bürünənlərin qəlblərdə ucaltdığı bayrağın sevgisidir. İndi biz qəlblərdə ucalan və heç vaxt enməyən bayraq sevgisindən sui-istifadə edərək özümüzü vətəndaşlara sevdirmək istəyirik. Hazırda Azərbaycan dövləti üçrəngli bayrağa bürünmüş əcinəyə bənzəyir və mümkün qədər daha çox vətəndaşın cibinə girməyə çalışır. Elə isə min metrlik hündürlüyə malik bayraq da, bizə kömək edə bilməyəcək, inanın...

Bayraq ucaltmaq mövzusunda yazmaq istəyimdə həm də bir ilginc və vətəndaş olaraq daim ürəyimi ağrıdan daha bir məqam var. Bakıda "Azneft" meydanı ilə Bayraq Meydanının arası cəmi 2-3 kilometrdir. Bir tərəfədən Bayraq Meydanında bayraq dirəyinin hündürlüyünü artırmağa çalışırıq, digər tərəfdən isə hər il «Formula 1» yarışlarında bayrağımızı trekin hərəkət hissəsinə həkk edərək anqlosaksonlarin tapdaqları altına atırıq. Adını da qoyuruq ki, biz dövlət rəmzlərimizi reklam edirik. Bu gün də bayrağımızın üç rənginin izi solğun şəkildə olsa da yollarda qalıb. "Azneft" meydanının bayraq rəngləri hələ də tam itməyən hissəsində üzərində bayraq rəmzləri gəzdirən polis dayanır. Polisimiz də o qədər manqurt və savadsızdır ki, ayağının altındakı bayrağın fərqinə varmır.

Son olaraq demək istəyirəm ki, bu gün bayraq rekordu qırmaq alüdəliyindən əl çəkib vətəndaşlarımızın, əsasən də onların sosial müdafiəyə ehtiyacı olan zumrəsinin yetərincə qayğısına qalmaqla qəlblərdə bayraq ucaltmaq daha vacibdir. Elə qazilər, şəhid ailələri var ki, bir tikə çörəyə möhtacdırlar. Biz bayraq ucaltmaqla heç vaxt onların sevgisini qazana bilmərik. Elə qazilərimiz var ki, aldığı medalları, tərifnamələri bir kənara ataraq, «bunlar mənə dolanışıq vermir, mən bunları neynirəm», deyərək bizə sual edir. Acizik, çünki canını Vətən yolunda fəda edən ərənlərin qarşısında deməyə söz tapmırıq. Bununla belə 191 metrlik bayraq dirəyi quraşdırırıq - fəxr edəcəyik ki, dünyanın fiziki olaraq ən hündür bayrağı Bakıdadır. Bir neçə aydan sonra isə Cibutidə 200 metrlik bayraq dirəyi quraşdırılacaq...

Akif Nəsirli

0.038274049758911